"LAÇIN" SU-25 "TEKNOFEST"DƏ
Ankarada ilk dəfə "TEKNOFEST" festivalı keçirilir. Tədbir Etimesgut Hava Limanında təşkil olunub və sentyabrın 3-nə qədər davam edəcək.
Türkiyənin ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan “TEKNOFEST” ilk dəfə olaraq Ankarada keçirilir. Ankaranın Etimesgut Hava Limanında təşkil olunan festival sentyabrın 3-nə qədər davam edəcək. Üstəlik sözügedən festival Ankaradan sonra İzmirdə də davam edəcək. Belə ki, Türkiyə Cumhuriyyətinin yaradılması münasibətilə bu il 3 dəfə keçirilməsi planlaşdırılan "TEKNOFEST"-in ilk tədbiri İstanbulda, ikincisi Ankara, sonuncusu isə İzmirdə keçiriləcək.
"TEKNOFEST" milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən, Türkiyə Texnologiya Komandası ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır. Tədbirdə ASELSAN, ROKETSAN, "Baykar", TUSAŞ kimi bir çox hərbi şirkət öz texnikalarını nümayiş etdiriLİR. Bundan başqa festivalda seminarlar, mükafatlı texnologiya yarışmaları və yerli texnologiya sərgiləri, Paraşüt, Solo Türk, Türk Ulduzları və bu kimi yerli-beynəlxalq təşkilatların hava şoularının da keçirilməsi nəzərdə tutulub.
"TEKNOFEST"-in İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşmək fürsəti qazanan ziyarətçilər elektrikli velosiped və mülki uçuş bileti, həmçinin hər günün sonunda sürpriz hədiyyələrlə qarşılaşacaqlar. TUŞAŞ-ın baş direktoru Temel Kotil bildirib ki, ziyarətçilər "TEKNOFEST" çərçivəsində gənclər arasında keçirilən raket yarışmasında müxtəlif elmi məzmunlu seminarlar və maraqlı teknolojik məlumatlarla tanış olacaqlar. Digər tərəfdən bu tip festivalların keçirilməsində əsas məqsəd milli texnologiyaların təbliği və inkişafı, eyni zamanda insanların bu sahədə məlumatlılığının artırılmasıdır.
Qeyd edək ki, mütəmadi olaraq İstanbulda keçirilən “TEKNOFEST” ötən il ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilərək bir ilkə imza atıb. Eyni zamanda bu il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” festivalında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Son olaraq isə Ankarada keçirilən festivalda Azərbaycana məxsus LAÇIN ADLI Su-25 ML hücum təyyarəsi də nümayiş etdirilir.
CAVİD
