00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 23:12 28 3 dəq oxuma
Siyasət

Latviya ABŞ hərbçilərinə qapı açıb- ŞƏRH

Latviya ABŞ hərbçilərinə qapı açıb- ŞƏRH

Latviya Almaniyadan çıxarılması planlaşdırılan ABŞ qoşunlarının bir hissəsini qəbul etməyə hazır olduğunu açıqlayıb. Rəsmi Riqa Vaşinqtonla ölkədə ABŞ hərbi mövcudluğunun genişləndirilməsi istiqamətində danışıqlar aparıldığını bildirib. Bundan əvvəl Polşa da ABŞ əsgərlərini qəbul etməyə hazır olduğunu bəyan edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, indi İran ətrafında, eləcə də Fars körfəzində baş verən proseslər bir daha onu göstərir ki, xarici qoşunların bölgələrə yerləşdirilməsi bir o qədər də etibarlı bir təhlükəsizlik vəd etmir: 


“Çünki faktiki olaraq bəzi qüvvələr o qoşunların yerləşdirilməsindən sui-istifadə edirlər, sonra çalışırlar risk zonasında özlərini bir növ ifadə etsinlər, başqa qüvvələrə güvənirlər, amma sonradan bəlli olur ki, o qüvvələr heç də bunların təhlükəsizliyini qorumaq üçün gəlmir. İndi ABŞ qoşunlarını da çıxarır. Biz görürük ki, bu ölkələrin bir çoxunda ifratçı millətçilər var. Onlar sözün əsl mənasında çox radikal bir siyasət yürüdürlər. Güvənirlər ki, rəsmi Brüssel, Britaniya, London və digər mərkəzlər, eləcə də ABŞ onlara dəstək versin. Əgər onların özlərinin qonşuluq siyasətinə hazırlığı yoxdursa, digər ölkələrin qoşunlarını cəlb etmək, güclü dövlətlərin dəstəyinə arxalanmaq və onların müdafiəsinə ümid etmək artıq lazımsız addımlar kimi görünür. Risklərdən bir qədər uzaq durmaq lazımdır. Biz görürük ki, dünyada gözlənilmədən münaqişələr başlayır, müharibələrə start verilir. Birdən-birə alov geniş əraziləri öz təsiri altına alır və sonradan onu ram etmək, nəzarətə götürmək mümkün olmur. Müharibələr başladıqdan sonra isə görürük ki, siyasi elitalar böyük çətinliklərlə üzləşirlər və nə qədər çalışsalar da, fors-major vəziyyətlərin qarşısını tam ala bilmirlər”.


Politoloq qeyd edib ki, heç kimə sirr deyil ki, Latviya, Litva, Estoniya və ümumilikdə Baltikyanı ölkələr, eləcə də Polşa uzun illərdir Rusiyaya qarşı etimadsız münasibət nümayiş etdirirlər:


“Digər tərəfdən isə düşmənçilik siyasəti yürütməyə çalışırlar. Yaxşı, siz müstəqilliyinizi bərpa etmisiniz. Bu o demək deyil ki, ölkə daxilində rusdilli əhaliyə qarşı təzyiq göstərilməli, onların imkanları məhdudlaşdırılmalı və ya ikinci dərəcəli vətəndaş kimi münasibət bəslənməlidir. Bunlar əlbəttə ki, Rusiyada qıcıq yaradır. Əslində, bu ölkələr özləri müəyyən risk və çağırışlar formalaşdırırlar və Rusiyaya göstərirlər ki, onunla düşmənçilik siyasəti aparırlar. Eyni zamanda, normal münasibət qurmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər, Rusiyanı daim təhlükə kimi təqdim edirlər. Digər tərəfdən, Rusiya bazarlarında Baltikyanı ölkələrin və Polşanın çoxsaylı məhsulları satılır. Bu isə onu göstərir ki, həmin məhsullar Avropa bazarlarında yetərincə rəqabət qabiliyyətli deyil və əsas çıxış yolu Rusiya bazarı olaraq qalır. Söhbət kənd təsərrüfatı məhsullarından, balıq və konserv məhsullarından gedir. Belə olan halda ABŞ qoşunlarını dəvət etməyin məqsədi nədir? Bir tərəfdən Rusiyanı qıcıqlandırırsınız, digər tərəfdən isə onu təhlükə adlandırırsınız. Halbuki yeni reallıqlara uyğun davranış nümayiş etdirmək daha məntiqli olardı”.


Tofiq Abbasov vurğulayıb ki, Rusiya da hesab edir ki, bu ölkələr ona qarşı təhlükə yaradır:


“Bu isə sağlam münasibət modeli deyil. Hesab edirəm ki, Riqa, Tallin və Vilnüsdə Rusiyaya münasibətdə daha ehtiyatlı davranmalı, onu əlavə şəkildə qıcıqlandırmamalıdırlar. Onlar kiçik dövlətlərdir, Rusiya isə böyük dövlətdir. Bəli, onların arxasında Avropa İttifaqı dayanır, amma normal və rasional siyasət yürüdən siyasi elitalar həmişə qonşuluq siyasətini ölçü-biçili şəkildə qururlar. Rusiya həm böyük qonşudur, həm də bu ölkələr üçün böyük bazardır. O zaman münasibətləri niyə daha da gərginləşdirmək lazımdır? Hesab edirəm ki, bu proseslərdə onlar daha ehtiyatlı olmalı və atdıqları addımların rasionallığını nəzərə almalıdırlar. Qonşular arasında narazılıqlar həmişə olur, bu, təbiidir. Polşa nümunəsinə baxaq: bir tərəfdən qonşusu Rusiyadır, digər tərəfdən Almaniya. Əgər hər iki qonşunu düşmən hesab edirsinizsə, o zaman özünüzü çətin vəziyyətə salmış olursunuz. Düşünürəm ki, yeni nəsli təmsil edən siyasətçilər daha ehtiyatlı və praqmatik yanaşma sərgiləməli, həm sərhədlərdə, həm də ölkələrin daxilində yeni reallıqlara uyğun sabit münasibətlərin formalaşmasına çalışmalıdırlar”.


Gövhər Mehyəddinova

#Latviya #ABŞ #hərbçi #qəbul
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər