00:00:00
Yazar
Nərmin Həşimova
23.04.2026 21:02 19 3 dəq oxuma
Siyasət

"Latviya Azərbaycan üçün Avropa bazarlarına açılan vacib qapı rolunu oynayır"- Politoloq

"Latviya Azərbaycan üçün Avropa bazarlarına açılan vacib qapı rolunu oynayır"- Politoloq

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində son dövrlərdə müəyyən irəliləyişlər müşahidə olunur. Xüsusilə, İlham Əliyevin qeyd etdiyi kimi, Ağ Evdə imzalanan birgə bəyannamədən sonra tərəflər arasında həm iqtisadi, həm də ictimai sahədə əməkdaşlıq elementləri formalaşmağa başlayıb. Ticarət əlaqələrinin qurulması, o cümlədən Azərbaycandan Ermənistana yanacaq məhsullarının ixracı, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələrinin qarşılıqlı səfərləri regionda daha sabit və normal mühitin yaranmasına töhfə verən mühüm addımlar kimi qiymətləndirilir. Bu proseslər sülh və əməkdaşlıq perspektivlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Azərbaycan-Latviya münasibətlərinin daha praqmatik və funksional əməkdaşlıq mərhələsinə daxil olduğunu göstərən olduqca vacib siqnaldır: 

 

“Məlumdur ki, Baltik ölkələri ilə Azərbaycan arasında münasibətlər Avropa İttifaqı kontekstində xüsusi əhəmiyyət daşıyır. Latviya həm regionun siyasi proseslərində fəal iştirak edən, həm də Şərq Tərəfdaşlığı çərçivəsində təcrübəsi olan bir dövlətdir. Mövcud geosiyasi qeyri-müəyyənliklər fonunda bu cür ikitərəfli səfərlər həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq şəbəkələrinin genişlənməsi baxımından mühüm rol oynayır. İlham Əliyev və Edqars Rinkeviçs arasında keçirilən görüş və verilən bəyanatlar göstərir ki, əsas xətt yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də daha geniş geosiyasi balans axtarışıdır. Azərbaycan son illərdə xarici siyasətində çoxvektorlu yanaşmanı gücləndirməyə çalışır və Baltik regionu ilə əlaqələrin aktivləşdirilməsi bu strategiyanın tərkib hissəsidir. Latviya isə Avropa İttifaqının üzvü kimi Bakı üçün həm siyasi dialoq, həm də Avropa bazarlarına çıxış baxımından  qapı rolunu oynaya bilər. Dövlət başçısının media üçün bəyanatında iqtisadi məsələlər xüsusi diqqət çəkir. Prezident vasitəsilə iki ölkə arasında ticarət dövriyyəsini “mülayim” adlandırması əslində mövcud iqtisadi əlaqələrin potensialdan aşağı olduğunu göstərir. Bu isə onu göstərir ki, tərəflər arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, biznes mühiti ,təəssüf ki, bu tempə uyğun inkişaf etməyib. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün biznes-forumlar və sərmayə təşviqi kimi mexanizmlər vacibdir. İki ölkənin də bu istiqamətdə müvafiq razılaşmalar əldə etməsi onu deməyə əsas verir ki, tərəflər iqtisadi əlaqələrin inkişaf etdirilməsində olduqca maraqlıdırlar. 

Enerji və nəqliyyat aspektləri isə bu münasibətlərin ən real və praktik istiqaməti kimi çıxış edir. Azərbaycanın enerji ixracatçısı kimi rolu və Avropanın enerji təhlükəsizliyi məsələləri fonunda Latviyanın mövqeyi bu əməkdaşlığı strateji səviyyəyə qaldıra bilər”.


Politoloq qeyd edib ki, bəyanatda diqqətçəkən digər mühüm element Ermənistanla sülh prosesi ilə bağlı verilən mesajlardır:

 

“Bu istiqamətdə səsləndirilən bəyanatlar şübhəsiz ki, ikitərəfli gündəmdən kənara çıxaraq daha geniş beynəlxalq auditoriyaya yönəlib. Azərbaycanın sülh prosesini uğurlu model kimi təqdim etməsi ölkəmizin regional liderlik iddiasını gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, bu, Avropa tərəfdaşlarına stabil və əməkdaşlığa açıq tərəfdaş imici formalaşdırmaq imkanı verir.


Humanitar və təhsil sahəsində əməkdaşlıq isə daha uzunmüddətli və sabit təsirə malikdir.  Humanitar və təhsil sahəsində əməkdaşlıq uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr vəd edir. Tələbə mübadiləsi və insanlararası əlaqələr siyasi dəyişikliklərdən daha az asılıdır və münasibətlərin davamlılığını təmin edir. Ümumilikdə, səfər və verilən bəyanatlar münasibətlərin genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcud olduğunu göstərir. İqtisadi maraqların konkret layihələrlə dəstəklənməsi bu iradənin real nəticələrə çevrilməsinə imkan verəcək”.

 



Mehriban Yariyeva

#Azərbaycan #Latviya #səfər #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər