Lavrov: Almaniya yenə müharibə istəyir
Qərbin Rusiyaya qarşı Leypsiq hava limanındakı dron hücumu ilə bağlı ittihamları əsl müharibənin başlanğıcıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Lavrovun bu açıqlaması Rusiya ilə Almaniya arasında onsuz da gərgin olan münasibətlərin daha da sərtləşdiyini göstərir:
“Leypsiq hava limanındakı PUA insidenti ilə bağlı qarşılıqlı ittihamlar tərəflər arasında etimadsızlığı artırıb. Bu cür bəyanatlar Avropada Rusiyaya qarşı mövqelərin sərtləşməsinə səbəb ola bilər. Almaniya Avropanın əsas siyasi və hərbi güclərindən biridir. Berlinin Rusiyanı daha ciddi təhlükə kimi qiymətləndirməsi digər Avropa ölkələrinin də təhlükəsizlik siyasətinə təsir edir. Eyni zamanda, Almaniya ilə Rusiya arasında diplomatik münasibətlərin pisləşməsi NATO daxilində müdafiə və təhlükəsizlik məsələlərinin daha sürətlə gündəmə gəlməsinə səbəb ola bilər. Burada söhbət təkcə hərbi xərclərin artırılmasından getmir. Kəşfiyyat, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və kritik infrastrukturun qorunması kimi istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi də gözləniləndir”.
Politoloq həmçimin bunu da qeyd edib ki, Almaniyanın müdafiə qabiliyyətini artırması artıq daha geniş Avropa təhlükəsizlik siyasətinin bir hissəsinə çevrilib:
“Berlinin yeni hərbi strategiyası Almaniyanın NATO çərçivəsində Avropanın müdafiəsində daha böyük rol götürməsini nəzərdə tutur. Lakin Lavrovun açıqlamasını birbaşa müharibənin başlanacağına işarə kimi qiymətləndirmək düzgün olmaz. Daha çox, bu bəyanat Moskvanın Berlinin hərbi-siyasi xəttinə qarşı sərt xəbərdarlığı və təzyiq vasitəsi kimi görünür. Əsas risk isə tərəflər arasında diplomatik kanalların zəifləməsi və hər bir insidentin daha böyük təhlükəsizlik böhranına çevrilməsidir”.
Güllər Gülhüseynova