00:00:00
Yazar
Admin User
21.11.2025 18:00 100 3 dəq oxuma
Sosial

Əlcəksiz satıcılar, köhnə məhsullar

Əlcəksiz satıcılar, köhnə məhsullar

Son zamanlarda əhalinin narazılığına səbəb olan əsas məsələlərdən biri də marketlərdəki qidaların köhnə olması, sanitariya qaydalarına riayət olunmamasıdır. Əksər vətəndaşlar mağazalara gələn çörəklərin, açıq ağartı məhsullarının açıq əllə paketləndiyini bildirirlər.

 

Mövzu ilə bağlı “İnformator.az” xəbər saytı olaraq həm vətəndaşların şikayətlərini,qida ekspertinin şərhini öyərəndik:

 

Saytımıza danışan Aydan Məmmədova belə vəziyyətlərin əsasən satıcıların məsuliyyətsizliyindən qaynaqlandığını bildirib:

 

“Bəzi marketlərdə çörəklər açıq şəkildə satılır. Normalda hər birinin üzərində kağız parçası olur, amma bəzi marketlər var ki, orada buna riayət olunmur. Minlərcə insan gəlib toxunur, bunu düşündükdə bəzən heç çörək belə almaq istəmirəm".

 

 

Digər bir sakin Elçin Yusifov isə antisanitar vəziyyətlə daha çox dönərxanalarda rastlaşdığını deyir:

 

“Bu problemlə marketdə olan bəzi ,dönərxanalarda və ağartı məhsulları satılan yerlərdə rastlaşıram. Demək olar ki, işçilərin çoxu əlcəksiz işləyir. Bu insanı təbii ki, də narahat edir”.

 

 

Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az”a açıqlamasında belə halların az-az yaşanmasının həllini məhsul dövriyyəsi sisteminin şəffaf olmasında görür:

 

“Əsas narahatlıq çörək və ağartı məhsullarının açıq əllə paketlənməsindən irəli gəlir. Bu hallar qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Həm istehlakçının sağlamlığı, həm də qida sektoruna olan etibarın azalmasına gətirib çıxarır. Köhnə və yararlılıq müddəti bitməyə yaxın məhsulların satılması bir neçə səbəbdən qaynaqlana bilir".

 

Ekspert bu səbəbə satış planlamasının düzgün aparılmadığını aid edir:

 

“Satış planlamasının düzgün aparılmadığı üçün marketlər bəzən ehtiyacdan artıq məhsul sifariş edir. Satış yavaş getdiyi üçün məhsullar rəflərdə uzun müddət qalır və yararlılıq müddəti bitməyə yaxınlaşır”.

 

O, həmçinin qida təhlükəsizliyi üzrə nəzarət mexanizmləri güclü olduğunu lakin, bəzi marketlərinbu qaydaları kobud şəkildə pozduğunu da vurğulayıb:

 

“Qida təhlükəsizliyi üzrə nəzarət mexanizmləri güclü olsa da bəzi marketlər bu qaydaları kobud şəkildə pozur və bunu gözə dəymədən etməyə çalışır. Çörək və ağartı məhsullarının açıq əllə paketlənməsi ən təhlükəli məsələlərdən biridir. İnsan əlinin təbii bakteriya yükü yüksəkdir. Əlcəksiz və gigiyenik qaydalara əməl etmədən paketlənmə zamanı əldəki mikroorqanizmlər çörəyə, pendirə və digər ağartı məhsullarına keçə bilər. Bu, xüsusilə uşaqlarda və yaşlılarda bağırsaq infeksiyalarına səbəb ola bilər. Çörək və süd məhsulları temperatur dəyişikliyinə çox həssasdır. Əldəki mikroorqanizmlər məhsulun səthində sürətlə çoxala bilər. Bütün bu hadisələr fonunda alıcı həmin marketdən ümumiyyətlə çörək və süd məhsulu almaq istəmir. Bu isə həm iqtisadi, həm də sosial problemə çevrilir”.

 

O, çörək və süd məhsullarının üzərində istehsal tarixinin tam göstərilməli olduğunu olduğunu qeyd edib:

 

“Problemin davam etməməsi üçün bir neçə əsas addım vacibdir. Məhsul dövriyyəsi sistemi şəffaf olmalıdır. Hər market gün sonunda tarixi yaxınlaşan məhsulların siyahısını yoxlamalıdır. Çörək və ağartı məhsullarının qablaşdırılmasına dair tələb sərtləşdirilməlidir.  Qida Təhlükəsizliyi Agentliyi vasitəsilə böyük supermarketlərdə növbədənkənar monitorinq mexanizmi gücləndirilməlidir. Vətəndaşlardan gələn foto və video sübutlar əsasında dərhal cərimə və xəbərdarlıq tətbiq edilməlidir”.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərdik, lakin sorğumuza cavab verən olmadı.

 

Zəri Bayramova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər