"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
“Qazprom Armenia” şirkəti 15-25 sentyabr tarixlərində Qafqazdakı keçmiş sovet respublikasına təbii qaz tədarükünün on günlük dayandırıldığını elan edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Rusiya ilə Ermənistan arasındakı gərginlik təbii olaraq enerji məsələsini də daha həssas bir müstəviyə çıxarıb:
“Sentyabrın 15–25-də Rusiyadan Ermənistana qaz tədarükünün dayandırılması rəsmi olaraq Rusiyadakı qaz kəmərində planlı texniki xidmət və təmir işləri ilə izah olunur. Eyni zamanda, fasilə dövründə Ermənistanın daxili ehtiyatlardan və İrandan əlavə qaz idxalından istifadə edəcəyi bildirilib. Hadisənin siyasi kontekstini nəzərə aldıqda, onun enerji asılılığının yaratdığı siyasi təsir imkanlarını yenidən gündəmə gətirməsi danılmazdır.
Ermənistanın həssaslığı kifayət qədər yüksəkdir. Məlumdur ki, 2025-ci ildə ölkənin qaz idxalının təxminən 82 faizi Rusiyanın payına düşüb. Bundan əlavə, Ermənistanın qaz nəqli və paylanması sistemində Rusiyanın “Gazprom Armenia” vasitəsilə dominant mövqeyi mövcuddur. Bu struktur Moskvanın enerji sahəsində mühüm iqtisadi təsir imkanlarını qoruyub saxlamasına şərait yaradır.
Məhz buna görə enerji amilinin gələcəkdə qiymət, tədarük şərtləri və infrastruktur üzərindən siyasi təsir vasitəsi kimi istifadə edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, Moskva ilə İrəvan arasında Ermənistanın Avropa İttifaqına yaxınlaşması məsələsində fikir ayrılıqları mövcuddur. Rusiya rəsmiləri artıq Ermənistanın Aİ-yə inteqrasiya istiqamətində addımlarının ikitərəfli iqtisadi münasibətlərə, o cümlədən güzəştli enerji şərtlərinə təsir göstərə biləcəyini bildiriblər.
Bununla belə, Ermənistanın alternativ mənbələr axtarması Rusiyanın təsir imkanlarını tədricən məhdudlaşdıra bilər. Paşinyan sentyabrın 11-də qaz mənbələrinin şaxələndirilməsinin davam etdiriləcəyini bildirib. İran artıq Ermənistanın ikinci qaz mənbəyidir və iki ölkə mövcud “qaz müqabilində elektrik” mexanizmini genişləndirmək imkanlarını müzakirə edir”.
Əlavə olaraq politoloq bildirib ki, Ermənistan rəsmiləri həmçinin gələcəkdə digər regional mənbələrdən qaz alma ehtimalını da qeyd edirlər:
“Lakin qeyd etmək lazımdır ki, diversifikasiya qısa müddətdə Rusiyadan asılılığı aradan qaldıracaq proses deyil. İran istiqamətində mövcud boru kəmərinin imkanları məhduddur və daha böyük həcmlərin idxalı üçün əlavə infrastruktur, investisiya və texniki imkanlar tələb olunur. İranın özünün də xüsusilə, qış aylarında qaz təchizatı problemləri yaşaması bu alternativin potensialını da məhdudlaşdırır.
Odur ki, Ermənistanın enerji siyasətində baş verən dəyişiklik Rusiyanın təsirinin dərhal aradan qalxması deyil. Amma buna baxmayaraq həmin təsirin tədricən də olsa azalması perspektivi var. Əgər İrəvan alternativ mənbələrlə əməkdaşlığı qura bilsə, enerji mənbələrini çoxaltsa və bərpa olunan enerjiyə investisiyaları artıra bilsə, o zaman Moskvanın enerji amilindən siyasi təsir vasitəsi kimi istifadə imkanları da azalacaq. Lakin Rusiya hələlik Ermənistanın həm enerji təminatında, həm də daha geniş iqtisadi münasibətlərində mühüm mövqeyə malikdir. Buna görə qarşıdakı mərhələdə əsas məsələ Ermənistanın Rusiyadan birdən-birə uzaqlaşması yox, enerji asılılığını nə dərəcədə real və davamlı şəkildə azaltmağı bacarması olacaq”.
Səadət Əlizadə