Əli bəy Hüseynzadə “Böyük babadan çox etkilənmiş”
Azərbaycanda ilahiyyat elminin inkişafında, maarufçilik hərəkatında xidmətləri olan çox istedadlı ilahiyyətçi alimlərimiz, axundlarımız, şeyxülərimiz olub. Hətta onların arasında ədəbi-bədii yaradıcılıqla məşğul olanları, tarix, ədəbiyyat, fəlsəfə elmlərinə aid əsərlər yazanlarıda var imiş. Təəssüflər ki, onlar sovet dövründə frıldaqçı mollalarla eyni “mizan tərəzisinə qoyulub”.
“Öz dövrünün ilahiyyat elminin ən görkəmli nümayəndəsi olan”, yalnız Azərbaycanda deyil Şərq aləmində, Cənubi Qafqazda “millətinin maarifə yönəlməsi yolunda müstəsna xidmətlər göstərən”, “tariximizdə nadir şeyxülislamlardan sayılan”, “Cənubi Qafqaz Ruhani idarəsinə 71 il başçlıq etmiş” Hüseynzadə Şeyxülislamları maarifə, elmə bağlı olublar. O, Hüseynzadələr ki, “yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yetirdiyi nəhəng, ictimai, siyasi və ədəbi şəxsiyyət”, “külli müsəlman aləminin iftixarı” adlandırılan böyük mütəfəkkir Əli bəyi, millət, vətən yolunda mücahid yetişdirmişlər.
Əli bəy Hüseynzadə çox kicik yaşlarında ata-anasını itirib, babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb, tərbiyə olub və təhsil alıb. Axund Əhməd Səlyaninin atası Məhəmmədəli Hüseynzadə də ilahiyatçı alim kimi xalq və hökumət yanında böyük hörmət-izzət sahibi idi. O, “1792-ci ildə Səlyanda anadan olub”. (Bəzi mənbələrdə Axund Məhəmmədəlinin Əhməd Səlyaninin əmisi və qayınatası olduğu qeyd edilir). İlk dini təhsilini Səlyanda və Gəncədə alan Məhəmmədəli, sonra təhsilini Bağdad Universitetinin ilahiyyət və tarix fakültəsində davam etdirib. Yüksək səviyyədə təhsil əldə edən Məhəmmədəli “1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Daha çox maarifə, elmə bağlı olan axund 1847-ci ildə “Qafqazda birinci olan Tiflis müsəlman məktəbinin” yaranmasının təşəbbüskarı olur. Sonralar bu məktəb “Əli təriqi üzrə müsəlman ruhani məktəbi” kimi məşhurlaşır. “1813-cü ildə isə axund Məhəmmədəli Qafqazın ilk Şeyxülislamı təyin edilir”. 22 yaşından bu vəzifəyə təyin edilən və 39 il Cənubi Qafqazın Ruhani idarəsinə başçlıq edən Axund Məhəmmədəli təqaüdə çıxarkən öz yerinə Əhməd Hüseynzadənin təyin edilməsini xahiş edir. Beləliklə “Hüseynzadələr Cənubi Qafqaz Ruhani idarəsinə 71 il başçlıq etmişdilər”.
Axund Əhməd Səlyani 1812-ci ildə Səlyanda anadan olub. Ailəsini işi ilə əlaqədar Tiflisə göçən axund Məhəmmədəli oğlu Əhmədi ilk olaraq Qafqaz Müsəlman Ruhani məktəbin də oxudur. Sonra “İraqda Nəcəfül-Əşrəfdəki İslam Universetində” oxumağa göndərir. Təhsilini başa vurub vətənə qayıdan Əhməd ilk olaraq Gəncədə dini vəzifələrdə çalışır.
“Böyük dini və elmi təfəkkürü, ensiklopedik zəkası, milli dəyərlərə bağlılığı, maarifpərvərliyi” ilə diqqəti cəlb edən bu gənc ilahiyyətci alim ilk gündən bütün gücüilə “Azərbaycanın ruhani həyatını maarifçilik düşüncəsinə yönəldə bilir”. İslam tarixini, ədəbiyyatı, fəlsəfəni çox yaxşı bilən Axund Əhməd Səlyani ərəb, fars, türk, gürcü və rus dillərini mükəmməl öyrənib.
Onun “Tarixi-ədəbiyyat-türk” əsəri türklərin islamı qəbul etmələrindən, türk millətlərinin görkəmli şəxsiyyətlərindən, əski türklərin yazısından, cığatay ədəbiyyatının qızıl dövründən bəhs edir. Maarifçilik hərəkatının önündə olan Axund Əhməd Səlyaninin “Qafqaz məmləkətinin xalqları”, “Kitabi-kəşfül-əyyam və əl-şuhur”, “Tərbiyətül-ətfal”, “Dilguşə” və s. əsərlərində elmin, maarifin təbliğinə geniş yer verilib. Tədqiqatçıların əksəriyyətinin fikrincə “Axund Əhməd Səlyaninin varlığı ruhani təfəkkürünün Azərbaycanda necə mütərəqqi mahiyyət kəsb etdiyini isbatlamaq üçün yetərlidir”.
Axund Əhməd Səlyani xoşbəxtlikdən həm xalq arasında, həm də “imperya məqamında böyük nüfuz sahibiydi”. Xüsusən də çarın 5 aprel 1872-ci il fərmanından sonra. Bu fərmana əsasən Zaqafqaziyada Şiə Müsəlmanları ruhani idarəsi və Zaqafqaziya Sünni Müsəlman ruhani idarəsi yaradıldı. Bundan sonra Axund Əhməd Səlyaninin səlahiyyətləri daha da genişləndi. O, bundan istifadə edərək dostu Mirzə Fətəli Axundzadə ilə birlikdə Zaqafqaziaya Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılmasına nail oldu. Yaxın dostunun elm, maarif yolundakı xidmətlərini yüksək qiymətləndirən Mirzə Fətəli Axundov bu haqda fəxrlə yazırdı: “Müxtəlif elmlər və fənlər sahəsində astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində şeyxülislamın tayı-bərabəri yoxdur. O filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli bir adam idi”.
Şairə-publisist Sona xanım Vəliyevanın “İşığa gedən yol” romanından bəlli olur ki, Mirzə Fətəli Axundzadə Tiflisdə yaşayarkən tez-tez evinə dövrün tanınmış yazarlarını, ziyalılarını, ruhanilərini dəvət edər, məclis qurardı. Bu məclislərdə xalqı maarifə, elmə, tərəqqiyə çağrış məsələləri həll edilərdi. Belə məclislərdə yaxından iştirak edən Mirzə Fətəlinin dostu Axund Əhməd Səlyani öz köməkliyini heç vaxt əsirgəməzdi. “1866-cı il may ayının 29-da Mirzə Fətəliyə məxsus evdə mühüm bir tarixi hadisə əbədiləşirdi. Azərbaycanın aydınları, milli düşüncə sahibləri bir-birilə tanış olurdu. Məclisə dəvət alanların hamısı elə mütəşəkkillik nümayiş etdirmişdi ki, sanki dövlətin çağrışına gəlmişlər”.
Təbii xalqın cəhalətdən, göləlikdən qurtulmasını istəməyənlər də var idi. Hökumət dairəsində də, “din xadimləri” arasında da. Amma nə yaxşı Mirzə Fətəli,Seyid Əzim, Həsən bəy kimi aydınlarla yanaşı, tərəqqi sevən Şeyxülislam Əhməd Səlyani kimiləri də var idi.
II Aleksandırın fərmanı ilə “1852-ci ildən- 1884-cü ilə qədər Qafqazın Şeyxülislamı olan” Axund Əhməd Səlyanini görkəmli alimlər “tariximizdəki nadir şeyxülislamlardan biri” adlandırırlar. Nə az, nə çox düz 32 il Qafqazın Şeyxülislamlıq kürsüsündə əyləşən Axund Əhməd Səlyaninin “Qafqazın birinci adamı” kimi dəyərləndirilməsi onun tam haqqı idi. Dövrünün görkəmli söz, nüfuz sahibləri ilə dostluq edən Şeyxülislama Həsən bəy Zərdabinin də böyük hörməti var idi. O, “Əkinçi”də Şeyxin dünyavi elmlərin öyrənilmsi çağrışını dərc etmək onu cəmiyyətə “həm ruhaniyyət alimi kimi, həm də dünyavi elmlərin təəssübkeşi kimi” təqdim etdi.
Bu gün fəxrlə “bütün türk dünyasının yetirdiyi nəhəng, ictimai, siyasi və ədəbi şəxsiyyət” adlandırdığımız Əli bəy Hüseynzadənin möhtərəm bir şəxsiyyət kimi formalaşmasında hec şübhəsiz daha çox Axund Əhməd Səlyaninin zəhməti olub. Belə “kamil, mötəbər bir şəxsiyyətin himayəsində və tərbiyəsi ilə böyümüş”, “böyük babadan çox etkilənmiş” Əli bəy onu daima xeyirxahlıqla yad edər və çoxlu dil bilmək ənənəsinin də şeyxdən gəldiyini vurğulayırdı.
Axund Əhməd Səlyani 1884-cü ildə 72 yaşında Tiflisdə dünyasını dəyişir və orada müsəlman qəbristanlığında dəfn edilir. Bəzi alimlərimizin fikrincə bu gün “XIX yüzil Azərbaycan ictimai fikrini tədqiq edən araşdırmalarda heç də bu müstəvidə Axund Əhməd Səlyaninin yeri, missiyası qabardılmır, etiraf edilmir”. Ona görə də bu gün belə işıqlı düşüncəli aydınlarımızı gənc nəslə tanıtmaq biz tədqiqatçların borcudur.
Axund Əhməd Səlyaninin yetişdirdiyi Əli bəy Hüseynzadə kim idi? Jurnalist, publisist, yazıçı, rəssam, şair, həkim, tərcüməçi, pedaqoq, dilçi, türkçü-turançı ideoloq və nəhəng şəxsiyyət. Şərq və Qərb ədəbiyyatının, fəlsəfi fikir tarixinin mükəmməl bilicisi, ərəb, fars, rus, latın, yunan, alman, fransız dillərini gözəl bilən, son yüzilliyin nadir fitri istedadı olan Əli bəy Hüseyn oğlu Hüseynzadə.
Tanrının hər kəsə bəxş etmədiyi bir möcüzə, bir istedad. Xoşbəxtlikdən Əli bəy bunların hər birində mükəmməl bir sənət sahibi olaraq tarixə həkk oldu. Sağlığında mənsub olduğu cəmiyyətin üzərində “bir peyğəmbər təsiri icra edən” Əli bəy balaca bir məkanda (Səlyanda) dünyaya gəlsə də Turan Yazqan demiş; “Bütün Türk dünyasının mücahidi” oldu. Salyanda dünyaya gələn, İstanbulda Qaraca Əhməd məzarlığında uyuyan Əli bəy Hüseynzadə xalqına, millətinə, böyük türk dünyasına özünün dediyi kimi; “Türk qanlı, islam etiqadlı, firəng düşüncəli, Avropa qiyafəli” bir fədayi olaraq xidmət etdi. 76 illik ömrünün cəmi 13 ilini doğma vətənində keçirsə də ömrünün sonuna kimi Vətəni, milləti, onun azadlığı, xoşbəxtliyi uğrunda çalışdı, vuruşdu...
Tiflis Gimnaziyasında, Peterburq Universitetində, İstanbul Darülfünundə təhsil almış, fəlsəfi fikirlərə sahib olmuş, dünya dillərinə yiyələnmiş Əli bəy sahib olduqlarını cəhalətin girdabında çabalayan millətinə bəxş etmək üçün vətənə döndü...
Türkəm deyə dünyaya bəyan edən və ömrü boyu Böyük Türk Dünyasının birliyi uğrunda mübarizə aparan Əli bəy Hüseynzadə “Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam” deyə bəşəriyyətə öz kimliyini, varlığını hayqıraraq millətinin azadlığı, istiqlalı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə sürgünlərə, həbslərə, təhqirlərə, təqiblərə məruz qaldı, sevdiklərini itirdi... Amma inadını, inamını itirmədi...
“Milli mədəniyyətimizin böyük abidəsi” adlandırılan “Füyuzat”ı yaratmaqla nəinki türk dünyasına, böyük “bəşər mədəniyyətinə çox qiymətli sərvət vermiş” oldu. “Füyuzat”ın əksər tədqiqatçılarının fikrincə Əli bəy Hüseynzadə “Füyuzat” ədəbi məktəbini yaratmaqla həm ədəbi məktəbin, həm də turançılıq məfkurəsilə siyasi hərəkatın bünövrəsini qoydu. Halbuki, Ə.Hüseynzadə çarizmin milli əsarətinə qarşı turançılıq məfkurəsilə mübarizəni “Həyat”dan başlamış və bir millət kimi Azəri-türklərinin öz milli istiqlalına qovuşmasını, muxtariyyatını tələb edərək yazırdı: “Biz qafqazlıyız-Qafqaz əhlinin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediriz”.
Təbii ki, bu muxtariyyata sahib çıxmaq üçün millətini böyük mübarizə yolu gözləyirdi. Çünki, çox qədim tarixə, mədəniyyətə sahib olan xalqının azadlığı çoxlarına sərf etmirdi. Xüsusən də uzun illər xalqını əsarət altında saxlayan rus imperiyasına. İmperiya isə öz çirkin siyasətini ona sadiq nökərlərinin əli ilə həyata keçirirdi. Bu isə bir vətənpərvər, millətsevər ziyalı, qələm, söz əhli kimi Əli bəyi narahat edirdi. Məhz ilk dəfə bunun əleyhinə olaraq “Həyat”da rus-erməni
şovinizminin əsl mahiyyətinin doğru, düzgün ifşasını açıqlayaraq bu çağırışla xalqını milli oyanışa istiqamətləndirdi. Bu zaman 20-ci yüzilliyin əvvəlləri idi. Ölkədə baş verən ictimai-siyasi, mədəni-ədəbi proseslər xalqı öz milli müstəqilliyi uğrunda mübarizəyə doğru aparırdı.
Əhməd Cəfəroğlu bu haqda illər sonra Türkiyədə çap olunan “Azərbaycan” dərgisində yazırdı ki: “Azərbaycanda oyanan milli hərəkat xarakter etibarilə bir növ hazırlıq mahiyyətində idi”. Bu hazırlıqları isə xalqın millətpərəst oğulları Əli bəylər, Əhməd Ağaoğlular öz siyasi görüşləri və fəaliyyətləri ilə həyata keçirdilər. Onların Azərbaycanın və Türk dünyasının “dirçəlişi üçün edə bildikləri bir insanın cismani və mənəvi imkanlarından heyratamiz dərəcədə böyükdür” söyləyənlər nə qədər haqlı imiş. Odur ki, onların nəhəngliyini təkcə dostları deyil, düşmənləri də etiraf edirdilər. Ömrü boyu romantiklərin əleyhinə olan, yerli-yersiz onları tənqid edən M.S.Ordubadi hələ o vaxt, 1920-ci ildə “Füqəra füyuzatı” qəzetində çap olunmuş “Pərdə eniyor, pərdə qalxıyor” adlı məqaləsində sonda yazırdı: “Biz mütəəssifanə bir surətdə elan ediyoruz ki, bir də o kibi dahilər meydana gətirə bilməriz”. “Xalqının görən gözü, eşidən qulağı” adlandırılan bu dahilər 1910-cu ildə Azərbaycanı tərk edib Türkiyəyə mühacirət etməyə məcbur olanda dövrün tanınmış publisisti Əliabbas Müznib bir ürək yanğısı ilə “İqbal” qəzetində yazırdı: “Onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki, o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər”.
Amma onları vətənindən didərgin salanlar unudurdular ki, belə millətpərəst oğullar harda olmalarından asılı olmayaraq yalnız vətəni, xalqı üçün yaşayır, yaradır. Əli bəy də istər vətəndə, istərsə də ondan uzaqlarda bütün fəaliyyəti dövründə türkçülüyü-turançılığı təbliğ edərək xalqının azadlığı, tərəqqisi uğrunda mübarizə apardı. Onun turançılığını Yusif Akçuraoğlu “şairanə turançılıq” adlandırırdı. Doğrudur. Amma bu o demək deyil ki, Ə.Hüseynzadənin turançılıq ideologiyası siyasi məqamlardan uzaq idi. Qətiyyən! Əli bəyin siyasi ideologiyasının əsas mahiyyəti millətini əsarətdən xilas etmək, ölkəsinin milli müstəqilliyini təmin etmək idi. Və bütün fəaliyyəti boyu bunu davam etdirən Əli bəyin hürriyyətə çağırışında siyasi amallar mühüm yer tuturdu.
Beləliklə, Əli bəy “Həyat”la başladığı bu xeyirxah işi, “Füyuzat”la davam etdirdi və bütövlüklə məqsədinə nail oldu. Heç də təsadüfi deyil ki, dövrün ədəbi, siyasi qüvvələri “Füyuzat”ın ətrafında toplaşaraq 20-ci yüzilliyin ilk onilliyində Azərbaycanda füyuzatçılıq adlı siyasi, ədəbi cərəyan yaradaraq, türkçülük ideologiyasını siyasi cərəyan kimi ön plana çıxararaq, bu məfkurənin əsl ocağına çevrildi. Unutmayaq ki, “Füyuzatçılıq ilk növbədə çarizmə, milli əsarətə, istibdada qarşı çevrilmiş türk xalqlarının mənəvi birliyi-turançılıq ideologiyasıdır. Və bu ideologiyanın əsas məqsədi “milli məsələdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği deməkdir”.
Görkəmli şair və ədəbiyyatşünas alim Abdulla Şaiq çox haqlı olaraq “Füyuzat”ı “Azəri türklərinin milli haqlarının aynası” adlandırırdı. Elə buna görə tədqiqatçıların əksəriyyəti Əli bəyi təkcə Azərbaycanın deyil, həm də böyük türk dünyasının nəhəng siyasi şəxsiyyəti” kimi yüksək qiymətləndirirlər: “O, XIX əsrin sonu, XX əsrin əvvəllərində yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirdiyi nəhəng, ictimai, siyasi və ədəbi şəxsiyyətdir”.
Bu nəhəng şəxsiyyət hələ sağlığında türk dünyasının görkəmli ziyalıları tərəfindən “Böyük türk dünyasının mücahidi”, “Külli-müsəlman aləminin iftixarı”, “Qafqaz müsəlmanlarının atası” kimi yüksək adlarla çağırılaraq “bütün türk dünyasının mücahidi”nə çevrilir.
Əli bəy Hüseynzadə bu müqəddəs amala nail olmaq üçün ilk növbədə xalqını ittihada çağırırdı: “İttihad etməliyik, ittihad! İttihada doğru tərəqqi etməliyik! İttihadın vacibliyini anlamayan, dərk etməyən, kor qalıb bunu görməyən millətlərin çıxılmaz girdablara düşəcəkləri gün kimi aşkardır”. Beləliklə, ədib bir ideoloq kimi “İttihada doğru tərəqqi” məramı ilə 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvəlləri türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açır. Ə.Hüseynzadə hələ Türkiyədə yaşayarkən 1889-ci ildə siyasi bir cəmiyyət yaradaraq onu “İttihad və Tərəqqi” adlandırır. Əlibəyşünasların yazdığına görə “bu cəmiyyət, türk xalqlarının ilk siyasi təşkilatı idi”.
İllər sonra isə Əli bəyin “İttihada doğru tərəqqi”si “Maarif, ittihad, hürriyyət” mərhələsindən keçərək 20-ci yüzilliyin əvvəllərində türk xalqlarının milli azadlıq hərəkatında yeni siyasi məfkurəni əks etdirən bir səfərbəredici proqram oldu. Müəllif heç də təsadüfən “hürriyyət” sözünü “maarif” sözü ilə yanaşı işlətmirdi. Ədib çox gözəl bilirdi ki, hər bir tərəqqinin, azadlığın yolu yalnız və yalnız maarifdən keçir. Ona görə də o zaman mövcud quruluşun inqilab yolu ilə deyil, təkamül yolu ilə tərəqqisini təbliğ edirdi. İnqilabları, silahlı mübarizə yolunu, qan-qadanı bir mütəfəkkir ideoloq kimi qəbul etməyən Əli bəy türk xalqlarını inqilab yolundan çəkindirməyə çalışırdı. Və inandırırdı ki, türk xalqlarının nicat yolu inqilabda deyil, tərəqqi və təkamülün inkişafındadır: “...Çünki tərəqqi etməsək, ittihadın da vacibliyini bilməyəcəyik”.
Ə.Hüseynzadənin istər bədii-publisistik, istərsə də elmi-nəzəri yaradıcılığına diqqət yetirsək görərik ki, o, daha çox türk xalqlarını “ittihadi-türk” uğrunda mübarizəyə səsləyirdi. “O tayfa, o millət təriqi-fəlah və nicatda olur ki, özünü tanıya” deyən ədib türk xalqlarını milli özünüdərkə, milli özünüqayıdışa çağırırdı.
Əlbəttə, öz kimliyini, tarixini, keçmişini bilməyən bir xalqın sabahı da ola bilməz. Türk xalqlarının kimliyini bərpa etməyi və onu qoruyub saxlamağı tövsiyə edən Əli bəy “Bu məsələ qayət mühümdür” deməklə nə qədər haqlı imiş. “Tariximizi və keçmişimizdəki əkabiri-milliyyətimiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl əmrdə özümüzü tanımalıyız”.
Əli bəy özümüzü tanımaqla, mədəniyyətimizi, dilimizi, tariximizi inkişaf etdirməklə yanaşı, dünya mədəniyyətinin də öyrənilməsinə səylə çalışırdı. O, avropalaşmaqla Avropa elm-texnikasının yeni naliyyətlərini öyrənməklə, milli mədəniyyəti yaşatmaq istəyirdi. Bu haqda Rasim Kamaloğlu “Türkçülüyün babası” əsərində yazır: “O, avropalaşmağı öz millətinə xor baxmaqda, kafirləşməkdə deyil, Avropa elm və texnikasının naliyyətlərini öyrənib, öz elm və mədəniyyətlərini inkişaf etdirməkdə görürdü”. Odur ki, Əli bəyin mətbu irsi ilə tanış olarkən aydın olur ki, o, humanist ideoloq olub. Ona görə də onun hürriyyət məramı milli olduğu qədərdə ümumbəşəri idi.
Türk yazarlarından Sadeddin Nüzhet Ergün Əli bəyin humanist görüşlərindən bəhs edərdi: “...Girmədiyi, qarışmadığı, fikir işi yapmadığı hürriyyət qovğası qalmamışdı. Renesansın böyük düşüncələri kibi, o da hər düşüncəyə uyğun hezarfən bir qafa, orkestral bir ruhdur. Doktor, ixtilalçı, rəssam, ədib, jurnalist, dilçi, publisist, türkçü, cərrah, professor, şair, riyaziyyatçı, tərcüməçi hər şey, hər şey. O, humanizmin özü idi”.
1906-cı ildə Əli bəy xalqını düşdüyü bu cəhalətdən qurtarmaq, tərəqqiyə, hürriyyətə qovuşdurmaq üçün birliyə çağıraraq yazırdı: “Bən istərdim ki, öylə bir sehr və ya əfsun bulunsun ki, onun qüvvətilə bütün millətimizi birdən-birə cəmi füyuzati-vicdaniyyəyə nail etmək mümkün olsun”. Dahiyanə bir istək! Elə bu gün də xalqımızın azadlığını, müstəqilliyini istəməyənlərə, milli varlığımızın kökünə balta çalanlara qarşı bir millət kimi birləşərək mübarizə etməyə neçə böyük ehtiyacımız var! Unutmayaq ki, tarix həmişə öz hüquqlarını müdafiə edən və onun uğrunda mübarizəyə qalxan xalqa xeyirxah münasibət bəsləyir. Birdə ki, tarix, keçmişi inkar və ittiham etmək üçün yox, həm də ondan dərs almaq, ibrət götürüb nəticə çıxarmaq üçündür. Ömər Faiq əfəndi demiş: “Axı biz də bir millətik. Nə vaxta qədər dostumuzu, düşmənimizi tanımayacağıq?”. Ədiblərimizdən biri hələ 1909-cu ildə yazırdı ki: “Millət əgər öz vəzifəsini yerinə yetirsə, düşmənlər də dost olacaqlar. Əgər öz vəzifəsini yerinə yetirə bilməzsə, dostlar da düşmən olar”. Doğrudan da tarixi təcrübə göstərir ki, öz tarixi keçmişini, qeyrət və rəşadət mənbəyini bütünlüklə bilməyən xalqın gələcəyi qaranlıq olar! Bu qaranlıqlardan qurtulmaq, əsrlərlə düçar olduğumuz bəlaların tarixi köklərini və səbəbini anlamaq üçün Əli bəylərimizi oxumaq, öyrənmək, öyrətmək çox vacibdir!!! Yoxsa... Yoxsa hər şeyin məhvinə doğru getməliyikmi?
Yenidən Ömər Fair əfəndinin sözlərini xatırladım: “Axı biz də bir millətik”. Doğrudanmı? Bəs onda böyüklərimizə, keçmişimizə qarşı bu laqeydlik, biganəlik, unutqanlıq necə yol açdı qəlbimizə? Məmməd Araz demiş:
Məndən ötdü, səndən ötdü,
Məndən, səndən ötən daşlar
Vətən sənə, sənə dəydi!
BDU-nun professoru Qərənfil Dünyaminqızı
