ƏLİAĞA ŞIXLİNSKİ - "ARTİLLERİYANIN ALLAHI"
Bu gün kiçik qəbri olan böyük general, hərb tariximizin unudulmaz siması "Artilleriyamızın Allahı" adlandırılan Əliağa Şıxlinskinin xatirə günüdür.
Uğurlu hərb karyerasında Rusiya İmperiyası general-leytenantı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı olması ilə adını tarixə qızıl hərflərlə yazdırıb. Təhsil həyatı da uğurlu olan general xidmətə başladıqdan sonra artilleriya briqadasının tədris komandasının müəllimi, briqada rəisi vəzifələrini icra edib. Rus-Yapon müharibəsi illərində (1904-1905) batareya komandiri kimi ön cəbhədə döyüşərək "Qızıl Qılınc"la təltif olunub.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deyən Şıxlınski 1908-ci ildə polkovnik rütbəsi alıb. "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" hərbi dərsliklərə daxil edilib.
1913-cü ildə general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkili Şıxlinskiyə tapşırılır. Şıxlınskinin təşkil etdiyi üsul fransızları təəccübləndirir. Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare Əliağa Şıxlınskini "Fəxri Legion ordeni" ilə təlif edir.
Birinci Dünya müharibəsi illərində Rusiyanın paytaxtı Pedroqradın müdafiəsi Əliağa Şıxlinskiyə həvalə olunub. Bu illərdə də böyük qəhrəmanlıq göstərən Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına, 1917-ci il iyul əməliyyatının topçuluq cəhətindən hazırlanmasına rəhbərlik edib.
1917-ci ildə ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu üçün təməl addımlardan sayılır. Cumhuriyyət yarandıqdan sonra Səməd Bəy Mehmandarov hərb naziri, Əliağa Şıxlinski isə hərb nazirinin müavini olub. 1919-cu ildə Əliağa Şıxlınski tam artilleriya generalı rütbəsi alıb. 1921-ci ildə Azərbaycan Sovet Qoşunlarına göndərilən Şıxlınski bir müddət Bakı Qarnizonunun hərbi general müavini, sonra isə Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri vəzifələrində işləyib.
1929-cu ildə səhhəti qəfil pisləşib və istefaya çıxıb. Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edib. Əliağa Şıxlinskinin məzarı Yasamal qəbiristanlığındadır.
Nəzrin Mirzəyeva
