Əlimərdan bəyin xilaskar mələyi və yaxud rus gimzaniyasında təhsil alan ilk Azərbaycanlı qız
1873-cü ildə Bakıda dünyaya gələn, 1947-ci ildə Parisdə qürbətdə dünyasını dəyişən Pəri xanım Tiflisdə rus gimzaniyasında təhsil alan ilk Azərbaycanlı qızı idi.
…1878-ci ildə Həsən bəyin ictimai fəaliyyətinə görə onu hökümət Bakı realnı məktəbindən müəllimlik vəzifəsindən azad edir. İki il Bakıda işsiz qalan Həsən bəy 1880-ci ildə ailəsi ilə birlikdə doğma kəndi olan Zərdaba köçdü. Bu zaman Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da, Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Lakin o zaman Azərbaycanda qız məktəbi olmadığı üçün Həsən bəy qızını Tiflisə apararaq vaxtilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur.
Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Bu hal Həsən bəyi çox məmnun edirdi.
Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. (Mirzə Fətəli Axundov da öz qızı Nisəni rus məktəbində təhsil almağa göndərmişdir ki, digər azərbaycanlılar da qızlarını oxutsunlar). Bir müddət sonra gimnaziya təhsili ilə kifayətlənməyən Pəri xanım Peterburqa üz tutur və 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini əla qiymətlərlə başa vurur. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işlərdə işləyir. Bu o zaman Azərbaycan mühiti üçün çox böyük bir nailiyyət idi. Bir əşya kimi satılan və ya öz hüququnu bilməyən azərbaycanlı qadınının nümayəndəsi hüquq sahəsində çalışırdı.
Təbii ki, bütün bunlara Pəri xanım təkbaşına nail olmur. Atası Həsən bəylə, anası Hənifə xanımla yanaşı, ömür-gün yoldaşı Əlimərdan bəy Topçubaşov da ona bu yolda dəstək olur. Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı, Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edir. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvi məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına çevrilir. Bununla da Əlimərdan bəy Pəri xanımın simasında əsl dost, sevincini, kədərini bölüşə biləcəyi savadlı, gözəl, mehriban bir məslək yoldaşı tapır. Ürəkləri həyat eşqi ilə dolu olan bu gənclər saysız-hesabsız xeyirxah işlərin təməlini qoyurlar.
Deyilənlərə görə, onların bu səmimi münasibəti gimnaziyada Hənifə xanımın müəlliməsi olan Mariya xanımın da diqqətindən yayınmır. O, Həsən bəyə məktub yazaraq bu məsələni açır və Əlimərdan bəyin onun qızına layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın məktubundan sonra böyük oğlu Midhətlə Tiflisə gəlir, Əlimərdan bəylə tanış olur. Ədəb-ərkanlı, savadlı bu gənc Həsən bəyin də ürəyincə olur.
Beləliklə, Əlimərdan bəy Həsən bəylə, Hənifə xanımın razılığını aldıqdan sonra onlar Tiflisdə Pəri xanımla ailə həyatı qurur. Amma nədənsə Hənifə xanım bu toyda iştirak etmir. Bu haqda Pəri xanımın, anası Hənifə xanıma yazdığı məktubunda məlumat verilir. Məktubda Pəri xanım yazırdı: “Mənim əziz anam, heyiflər olsun ki, sən bizim toyumuzda iştirak edə bilmədin. Dünən 31 dekabr tarixində kəbinimiz kəsildi və mən Mərdan bəyin evinə köçdüm. Hər şey çox gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə bilər. Heyif, bircə sən yox idin. Əzizim mənim, bilirəm ki, sən burada olsaydın, mənim xoşbəxtliyimə şərik olardın. Amma mən ümid edirəm ki, imkan tapan kimi sən yığışıb bizə gələcəksən. Mərdan bəyin kənd məktəbində dərsləri var və məzuniyyəti götürmək üçün münasib vaxt deyil. Mərdan bəy söz verib ki, sənin arzunu həyata keçirəcək və sənin sevimli qızına layiq həyat yoldaşı olacaq. Anacan, bağışla ki, biz hər şeyi səndən xəbərsiz etmişik, amma mən ümid edirəm ki, sən heç bir şeyə təəssüf etməyəcəksən.
Öpürəm səni. Səni sevən qızın.
Mənim ünvanım:
Starovnya küçəsi, Vinasorun evi.
Pəri xanım Topçubaşova.
Dövrün lüzumsuz “adət-ənənəsinə” qarşı çıxan Həsən bəyin qızı Pəri xanım üçün Əlimərdan bəydən başlıq istəməsini Pəri xanımın anası Hənifə xanıma yazdığı məktubunda oxuduqda çox təəccübləndim. Məktubdan bəlli olur ki, Əlimərdan bəyin bu pulu verməyə imkanı olmadığı üçün Tiflisdə kiçik bir toy edərək Pəri xanımla ailə qurur. Bu haqda Pəri xanım yuxarıda qeyd etdiyimiz məktubunda yazırdı: “Mehriban ana. Kəbin mərasimi zamanı kiçik bir anlaşılmazlıq oldu. Sən demə, atam Mərdan bəydən 10 000 pul tələb edib, amma Mərdan bəyin bu məbləğdə nəğd pulu olmadığı üçün verə bilməyib. Sonra Mərdan bəy mənə bildirdi ki, pula görə bu toyu pozmaq olmaz. Əziz anam, onsuz da mən əvvəl-axır ər getməliydim və qoy bu insan başqası olmaqdansa, məhz məni sevən olsun”.
Həm Əlimərdan bəyin tanımadığına, həm də toyun belə tez olduğuna görə Hənifə xanım bu izdivacdan çox narahat idi. Onu sakitləşdirmək üçün Əlimərdan bəy də Hənifə xanıma məktub yazaraq qızının xoşbəxt olacağını əminliklə ona bildirirdi:
“Çox hörmətli və əziz ana.
Əminliklə bildirirəm ki, bundan sonra da Pəricana olan münasibətimi heç nə dəyişə bilməz, əksinə, bizim ailə həyatımızın hər yeni bir günündə mənim Pəricana olan sevgim daha da artır. Siz də bu gündən mənim üçün doğma insana çevrilirsiniz. Düzdür, hələ ki, mənə yalnız Pəricanın çoxhörmətli atasını və qardaşı Midhəti görmək qismət olub, amma mən tək onları deyil, qiyabi olsa da, əziz ananı və kiçik qardaş və bacısını da çox sevirəm. Ümid edirəm ki, fürsət düşən kimi Sizinlə görüşüb, şəxsi keyfiyyətlərimlə olmasa da, amma Pəricana olan sevgimlə Sizin rəğbətinizi qazanmağa çalışacağam… Birtək bu “xilasedici lövbərə” əsaslanaraq ümid edirəm ki, birinci növbədə, mənim belə gec yazmağımı və toyumuzun məhz bu şəraitdə keçdiyini bizə bağışlayacaqsınız.
Sizə sevən və hörmət edən kürəkəniniz
Əli Mərdan bəy Topçubaşov.
29 yanvar 1894-cü il”.
Bu zaman artıq XIX əsrin sonu idi. Çar hökumətinin müstəmləkəçi, böyük dövlətçilik siyasəti nəticəsində milli zülmün get-gedə daha da güclənməsi Azərbaycan ziyalılarını narahat edirdi. Mübarizə aparmaq üçün onları səfərbər etmək lazım idi. Elə bu vaxt, yəni 1896-cı ildə Həsən bəy ailəsi ilə birlikdə Zərdabdan Bakıya köçür. (Deyilənlərə görə, onu Bakıya Hacı Zeynalabdin Tağıyev dəvət edir və ailəsi ilə birlikdə yaşaması üçün şərait yaradır). Həsən bəy Bakıya gələndə şəhərdə inkişafa doğru bir canlanma hiss olunurdu. Buna görə də Həsən bəy ziyalıları başına toplamaq, mübarizə aparmaq, elmi təbliğ etmək fikri ilə ilk olaraq öz qızını və kürəkənini Bakıya dəvət edir. Elə həmin il ailə Həsən bəyin və Hənifə xanımın təşəbbüsü ilə Tiflisdən Bakıya köçür. Həsən bəylə Əlimərdan bəy arasında səmimi əqidə, məslək dostluğu yaranır. Həmin ildən Həsən bəy Əlimərdan bəyin redaktoru olduğu “Kaspi” qəzeti ilə daha sıx əlaqə yaradır. (Əslində, Həsən bəy hələ Zərdabda olarkən “Kaspi” ilə əməkdaşlıq edir, “Zərdabdan məktublar” adlı məqalələr göndərirdi). 1896-cı ildən 1907-ci ilin noyabrına – həyatının sonuna kimi Həsən bəy, demək olar ki, “Kaspi”nin əksər problemlərini öz üzərinə götürür. Çünki bu zaman gənc redaktor Əlimərdan bəyin Həsən bəy kimi qocaman, təcrübəli bir jurnalistə, publisistə çox böyük ehtiyacı var idi. Xalqın mənafeyinin müdafiə olunması, islahatların hazırlanması, ictimai rəyin yaranması məsələlərini Əlimərdan bəy Həsən bəyin köməkliyi sayəsində “Kaspi”nin səhifələrində təbliğ etməyə nail olur. Daha çox siyasi işlərlə məşğul olan Əlimərdan bəy qəzetin taleyi üçün rahat deyildi. Çünki Həsən bəy kimi bir qəzetçi “Kaspi”nin qayğısına qalırdı.
Bu illərdə Hənifə xanım ilk övladı Pəri xanımın ailə həyatından çox məmnun idi. Kürəkəni Əlimərdan bəy, həqiqətən, onun sevimli Pəricanını xoşbəxt etmişdir. Təəssüflər ki, bu xoşbəxtliyin ömrü qısa oldu. Onlar vətən, millət sevgisi yolunda Vətəndən didərgin düşdülər, təqiblərə, təhqirlərə məruz qaldılar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmiş, müstəqil Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Bu, Topçubaşovlar ailəsinin Vətəndən ömürlük gedişi olur. İllərlə Vətən həsrəti ilə qürbətdə Vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım hərtərəfli dəstək olur. Deyilənlərə görə, sənədlərin hazırlanmasında Pəri xanım onun yardımçısı olurmuş.
1895-ci ildə Əlimərdan bəy Topçubaşov qayınanası Hənifə xanıma yazdığı məktublarından birində Pəri xanımı “xilaskar mələyi” adlandırır. İllər keçdi. Bu xilaskar mələk pərvanə kimi ömrünün sonunacan Əlimərdan bəyin hərtərəfli xilaskarı oldu.
BDU-nun professoru Qərənfil Dünyaminqızı