Əlipaşa Hüseynzadə
“Füyuzat”ın sonuncu sayında Əhməd Kamal yazırdı: “İştə sözümüz burda bitdi, “Füyuzat” da bu nömrədən bağlandı. Amma dilimiz bağlanmadı, bağlanmaz və bağlanmayacaqdır”.
Çar hökuməti “Füyuzat”ı bağladı amma füyuzatçların amallarını, əməllərini davam etdirən füyuzatçılığı məhv edə bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsinə aparan bu yolda “İrşad”, “İqbal”, “Yeni füyuzat”, “Şəlalə”, “Tərəqqi”, “Dirilik”, “Tazə həyat”, “Qurtuluş”, “Açıq söz”, “Bəsirət”, “İstiqlal” kimi qəzet və jurnallar füyuzatçlığın təbliğatçısına çevrildilər.
Bu mətbu orqanlarında M.Ə.Rəsulzadə, Ə.Kamal, M.B. Məhəmmədzadə, H.S.Ayvazov, Ə.Müznib, Ə.Abid, S.Hüseyn, A.Sur, A.Şaiq, Ə.Cavad, H.Cavid, Ə.Səbur kimi füyuzatçlar çalışırdılar. Belə füyuzatçlardan biri də Əlipaşa Hüseynzadə (Səbur) idi.
Əlipaşa Hüseynzadənin (Əlipaşa Səbur) kimliyi haqqında bəhs etməzdən əvvəl kicik də olsa bir məlumat vermək yerinə düşərdi. Mətbuat aləminə eyni vaxtda gələn Əlipaşa Səbur (1903-cü ildə Şərqi-rus” qəzetində) və Əli Səbri (1910-cu ildə “Səda” qəzetində) 20-ci yüzilliyin əvvəllərində dövrünün tanınmış jurnalisti, publisisti, pedaqoqu, dramaturqu kimi tanınmış və ədəbi fəaliyyətlə məşğul olublar. Lakin hər iki yazarın bəzən oxşar (“Nasir”) və yaxud eyni (“Ə.S”) imzalarla yazmaları və eyni (“Yeni- Füyuzat”) mətbuat orqanlarında çalışmaları tədqiqatçlarımızın yanlışlığa yol verməsinə səbəb olub.
Qasımov Əli Camal oğlu haqqında “ABŞ polkovnikinin qarşısına tələb qoyan Nehrəmli publisist” sərlövhəli məqaləmdə geniş məlumat verdim.
Bəs Əlipaşa Səbur kim idi? Əlipaşa Fərəculla oğlu Hüseynzadə 1885-ci ildə Bakı da dənizçi ailəsində anadan olub. Əlipaşa ilk olaraq 1892-96-cı illərdə İçərişəhərdə məhəllə məktəbində, sonra isə məşhur pedaqoq Həbib bəy Mahmudbəyovun “Rus-tatar” məktəbində təhsil alıb. “Gözəl imtahan və təhsil vərəqəsi ilə” məktəbi qutaran Əlipaşa 1899-1902-ci illərdə o zaman Bakıda məşhur olan Soltan Məcid Qənizadənin 2-ci dərəcəli ali ibtidai şəhər məktəbinə daxil olur.
Ailənin maddi vəziyyəti çətin olduğu üçün Əlipaşa 1902-ci ildə Qənizadənin məktəbindən uzaqlaşaraq işləməli olur. Xoşbəxtlikdən burada o həm də təhsil alır. Bu haqda illər sonra Əlipaşa Səbur yazırdı: “Bakı tacirlərindən Hacı Hacıbala Haşımovun kantorunda işə düzəldim. O vaxt Hacı Hacıbalanın qardaşı oğlu Ağa Kazım Haşımov Molla Qafardan farsca dərs alırdı. Mən də xahiş etməklə onunla bərabər dərs oxumağa başladım. Tam iki il farsca oxudum. 1909-cu ildə ayda 40 manat haqq verməklə Əhməd Kamaldan “sərfi-nəhv və qəvaidi-ədəbiyyəni” öyrənməyə başladım”.
Çox çətin də olsa yazmaqdan-oxumaqdan ayrılmayan Əlipaşa tərəddüt etsə də 1904-cü ildə ilk yazısını “Şərqi-rus”a göndərir. Yazı qəzetin 30 noyabr 1904-cü il tarixli, 239-cü sayında çap edilir. Uğurlu olan ilk çıxış onu mətbuat aləminə bağlayır. “İqbal”, “Günəş”, “Tazə həyat”, “Yeni həqiqət”, “Dirilik”, “Qurtuluş”, “Bəsirət”, “Yeni füyuzat” qəzet və jurnalların da şeirləri, məqalələri ilə tez-tez oxucularının diqqətini cəlb edir.
1910-cu ildə müəllimi və yaxın dostu Əhməd Kamalın köməkliyi ilə Bakıda “Yeni füyuzat” adlı jurnalın nəşrinə nail olan Əlipaşa jurnalın “sahibi-imtiyazı və müdiri-məsulu” olur. Jurnalda Əkməd Kamalın və Əlipaşa Səburun imzalarına daha çox rast gəlmək olur. Bu haqda Əməkdar elm xadimi Hüseyn Həşimli yazır ki: “Təbii ki, jurnalın nəşrinə rəhbərlik edən ziyalılar kimi, onlar müxtəlif xarakterli yazılarla dərginin fəaliyyətinə yön verir, başlıca məramın, əsas mətləblərin təqdiminə səy göstərirdilər”.
“Füyuzat”da olduğu kimi, “Yeni Füyuzat”ın da əsas yazarları romantik ədəbi məktəbin nümayəndələri idi. Abdulla Şaiq, Axund Yusif Talıbzadə (Abdulla Şaiqin qardaşı) Nemət Bəsir, Əhməd Kamal, Əli Səbri, Mehdi bəy Hacınski və başqaları. Lakin realistlərdən də (Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar) jurnalla əməkdaşlıq edənlər var idi.
Əlipaşa Səburun “Yeni Füyuzat”da həm publisistik məqalələri, həm də şeirləri çap edilib. Tədqiqatçı alim H.Həşimlinin fikrincə: “Əli Səburun fəaliyyətinin xüsusi bir mərhələsi” məhz bu jurnalla bağlıdır. İstər publisistik məqalələrində, istər şeirlərində daha çox xalqını vətənin tərəqqisinə səsləyən müəllif
Ah, istibdad ilə məhv oldu əbnayi-Vətən,
Soldu badi-zülm ilə gülşəndə şövqi-yasəmən”
-deyə fəryad edirdi. “Bir səs gəlir bana dəmadəm” söylərkən bütün qələm yoldaşlarını “Qurtar Vətəni!” cağrışına qaldırdı.
“Yeni-füyuzat”ı vərəqlərkən sosial-siyasi və mədəni problemlərə həsr edilən şeirlərlə daha çox rastlaşdım ki, onların da əksəriyyəti Ə.Səbura məxsusdur.
Ə.Səburun jurnalda “Səhhət” rublikası altında sil-silə publisistik məqalələri də işıq üzü förüb. Bu məqalələrdə müəllif bəzən adi görünən (əslində çox mühüm) məsələlərə geniş yer verib. Məsələn, insan sağlamlığını qorumaq üçün düzgün qidalanmanı, təmizliyə riyyayət etməni dönə-dönə tələb edən publisist yazırdı: “Dünyada səhhətdən ziyadə layiqi-etina bir şey olmaz. Bunu heç vaxt unutmamalıyız”.
Ə.Səburun irəli sürdüyü bu problemlərin əksəriyyəti elə bu gün də aktualdır. “Hərnə olsun, xaraba dolsun” deyə bu gün nə əlinə kecdi yeyənlərə hələ o zaman, 110 il bundan əvvəl Ə.Səbur deyirdi: “Təəssüf o adamlara ki, qarnına qul olub yaşayırlar”.
Jurnalda xalqı elmə, maarifə, türkçülüyə, azadlığa səsləyən mötivli yazılar üstünlük təşkil təşkil etdiyi üçün tez zamanda çar senzurasının diqqətini cəlb edir. “Panislamizm”i təbliğ etməkdə və “zərərli ideyalar yaymaqda” ittiham olunan jurnalın ilk olaraq rəhbərliyi cəzalandırılır. Əlipaşa Səburun evində hökumət 1911-ci ildə axtarış edərək onu həbs edir və altı ay Bayıl həbsxanasında saxladıqdan sonra Həştərxana sürgün edirlər.
Ə.Səbur 1911-14-cü illər ərzində Rusiyanın Rostov və Həştərxan şəhərlərində ağır sürgün həyatı “yaşayır”. Burada Nəriman Nərimanovla tanış olan Əlipaşa daha çox Həştərxanın mədəni həyatında baş verən işlərlə məşğul olur.
1913-cü ildə Romanovlar sülaləsinin 300-illik yubileyi münasibətilə əfv olunan Əlipaşanın sürgün həyatına son qoyulur. O, 1914-cü ildə Bakıya qayıdır və yenə Haşımovun kantorunda işini davam etdirməklə yanaşı “Səfa” maarif cəmiyyətində də calışmalı olur. Elə həmin il birpərdəli “Millətpərəstlər” adlı pyesini kitab halında nəşr etdirir.
Ədəbiyyatşünas və mətbuatşünas alim Əziz Mirəhnədovun fikrincə Əlipaşa Səbur qələm dostları arasında daha çox Məhəmməd Hadi ilə yaxınlıq edib. Hətta “M.Hadi seirlərindən birini Ə.Səbura həsr edib. Hadi ilə dəfələrlə şeirləşmişdir. Hadinin yazdığı bir lirik şeiri Səburun arxivində saxlanılır”.
1914-15-ci illərdə Seyid Hüseyn Kazımoğlunun köməkliyi (redaktoru və ön sözün müəllifi) ilə Səburun “Zümzümə” və “Düşüncə yarpağı” adlı kitabları işıq üzü görür.
Yuxarıda qeyd etdik ki, Əlipaşa Səburun fəaliyyətinin “xüsusi bir mərhələsi “Yeni füyuzat”la bağlıdır. Türk-islam dünyasının mənəvi birliyi, mənafelərinin qorunması ideyasına xidmət edən məqalələri, şeirləri əsasən bu jurnalda çap olunub. “Ah, Vətən”, “Suziş”, “Təhəyyür” adlı şeirləri bu məzmundadır. Ədəbi mühitə bir “feyz, oyanış, hərəkət gətirən” bu jurnalın sədası təkcə Azərbaycandan deyil Sankt-Peterburq, Rostov, Moskva, Tehran, Ənzəli, London kimi məşhur şəhərlərdən eşidildi.
Yaradıcılıq aləminə çox erkən gələn Əlipaşa Səbur öz dəsti-xətti ilə secilən müəlliflərdən olub. Daha çox lirik-romantik və satirik üsluba meyl edən ədibin yaradıcılığında vətənpərvərlik, millətsevərlik motivləri üstünlük təşkil edib. Dövrü mətbuatda əsasən “Giryan”, “Nasir”, “Səbur”, “Əli Paşa”, “Ə.Səbur” imzaları ilə çıxış edən müəllif xalqının mədəni tərəqqisini yalnız elmi, maarifi inkişaf etdirməkdə görürdü.
Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi bir çox romantiklər kimi, onu da daha da fəal yazıb-yaratmağa sövq edib. Əlipaşa həmin illər “Türk oçağı” ədəbi təşkilatında və “Yaşıl qələm” ədəbi dərnəyində ən fəal yazarlardan biri olub.
Cümhuriyyətin süqutu Ə.Səburda bir müddət ruh düşgünlüyü yaradır. Nisbətən mətbuatdan uzaqlaşan Ə.Səbur əsasən pedaqoji fəaliyyətlə məşğul olur. 1921-23-cü illər də ara-sıra “Kommunist”, “Azərbaycan kolxozçusu” qəzetlərində çap olunur.
1923-cü ildə yenidən təhsil almaq fikrinə düşür və BDU-nun tarix-filologiya fakültəsinə daxil olur. Bu dəfə də maddi cətinlik Ə.Səburun təhsilini yarımcıq qoymağa məcbur edir. Yenidən Bakının müxtəlif məktəblərində pedaqoji fəaliyyətə başlayır. Mətbuatdan uzaqlaşmaq, dövrün anlaşılmazlıqlarına qarşı haqq sözünü deyə bilməmək, “böyun əymək” Səburun səhətinə çox pis təsir edir.
Əlipaşa uzun illər sürən ağır xəstəlikdən sonra 1934-cü ilin bir yaz axşamı dünyasını dəyişir.
Amma yenə də bu ocaqda millət, vətən sevgisi, onun tərəqqisi yaşayır. Əlipaşa Səburun oğlu Aydın Hüseynzadə atasının yolunu davam etdirir. Ilk dəfə mətbuat aləminə 1948-ci ildə gələn Aydın Hüseynzadə sonralar ədəbi işci (Sovet kəndi” qəzetində), şöbə müdiri (“Azərbaycan kommunisti” jurnalında), baş redaktorun müavini (“Kirpi” jurnalında), baş redaktor (“Azərnəşr”də) calışıb.
Bir çox hekayələr müəllifi olan Aydın müəllim 2000-ci ildə “Romantik şair-Əlipaşa Səbur. Həyat və yaradıcılığı” adlı əsərini çap etdirməklə bir daha romantik şairin nakam arzularını yaşatmış oldu.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
