“Livan-İsrail yaxınlaşması yeni diplomatik mərhələnin başlanğıcı ola bilər”-ŞƏRH
Nawaf Salam bildirib ki, İsraillə yüksək səviyyəli istənilən təmas ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, belə bir görüşün baş tutması danışıqlarda əldə olunacaq irəliləyişdən asılıdır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, mümkün təmaslar regionda yeni diplomatik mərhələnin başlanğıcı ola bilər:
“Lakin bu proses daha çox İsrailin mövqeyindən asılıdır. Əgər İsrail regionda işğal deyil, sülh siyasətində maraqlı olarsa, həm Livan, həm də Suriya ilə danışıqların aparılması mümkün ola bilər. Hazırda isə İran, ABŞ və İsrail arasında mövcud gərginlik fonunda bu cəhdlər daha çox vəziyyətin idarə olunmasına və müvəqqəti sabitliyin qorunmasına hesablanıb”.
Politoloq qeyd edib ki, beynəlxalq təşkilatların münaqişənin həllində təsiri zəif görünür:
“Tərəflər danışıqlar prosesinə sadiq qalarsa, müəyyən nəticələr əldə oluna bilər. Əsas məsələlərdən biri də Livandakı silahlı qrupların, xüsusilə Hezbollahın fəaliyyəti ilə bağlıdır. İsrail hesab edir ki, Livanda legitim dövlət institutları güclənmədən uzunmüddətli razılıq əldə etmək çətindir. Buna görə də İsrail Livan hökumətini əsas tərəf kimi qəbul edir”.
Tural İrfanın sözlərinə görə, sərhəd təhlükəsizliyi və regional sabitlik məsələləri danışıqların əsas istiqamətlərindən biri olaraq qalır:
“Livan və digər region ölkələri artıq bölgədəki gərginliyin hansı nəticələr doğurduğunu daha aydın görürlər. Bu baxımdan İsrail və Livan arasında aparılan danışıqlar müəyyən nəticələr verə bilər”.
Nuray Əliyeva