00:00:00
Yazar
Zəhra Həsənova
16.07.2026 23:00 29 2 dəq oxuma
Siyasət

"Livan müəyyən mənada Hizbullahın girovuna çevrilib" - ŞƏRH

"Livan müəyyən mənada Hizbullahın girovuna çevrilib" - ŞƏRH

Romada ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında ikigünlük danışıqlar başa çatıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Livan dövlətinin İsraillə əslində hər hansı bir problemi yoxdur:

 

 "Livan İsraillə dinc qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır. Bunu Livan rəsmiləri dəfələrlə dilə gətiriblər. Əslində İsrail də bilir ki, Livanın onunla problemi yoxdur. Bəs problem haradan qaynaqlanır? Təbii ki, İrandan. İranın dəstəklədiyi Hizbullah Livan daxilində faktiki olaraq müstəqil güc mərkəzinə çevrilib. Livan dövləti müəyyən mənada Hizbullahın girovuna çevrilib. Bir tərəfdən dövlət istədiyi siyasəti həyata keçirmək istəyir, digər tərəfdən isə Hizbullah öz bildiyini edir. Onun əsas məqsədlərindən biri də Livanla İsrail arasında münasibətlərin gərgin qalmasıdır. Bu baxımdan Livanla İsrail arasında anlaşmanın əldə olunması xüsusi əhəmiyyət daşıyır. Əgər artıq Livan dövləti ilə İsrail dövləti müəyyən məsələlərdə anlaşmağa başlayırsa, onda ortada qalan əsas problem Hizbullahın təsirsizləşdirilməsidir. Bundan sonrakı mərhələdə Livan və İsrail Hizbullaha qarşı daha sıx əməkdaşlıq edəcəklər. İsrail artıq Livan ərazisində bu əməliyyatları təkbaşına həyata keçirən tərəf olmayacaq. Çünki Livan cəmiyyətinin özü də Hizbullahın fəaliyyətindən ciddi şəkildə narazıdır".

 

Siyasi şərhçinin sözlərinə görə, növbəti mərhələdə əməkdaşlıq şəraitində Hizbullahın təsir imkanları aradan qaldırılacaq:

 

"Ümumiyyətlə, İranın xaricdə fəaliyyət göstərən bu cür silahlı qruplaşmalara verdiyi dəstək tamamilə dayandırılmalıdır. Çünki Yaxın Şərqdə mövcud olan bir çox problemlərin kökündə məhz İranın maliyyələşdirdiyi Hizbullah, HƏMAS və digər silahlı qruplaşmalar dayanır. Əlbəttə, qoşunların geri çəkilməsi müsbət haldır. Amma düşünmək olmaz ki, bununla hər şey dərhal normallaşacaq. Mən burada Azərbaycanla Ermənistan arasındakı vəziyyətlə müqayisə aparardım. Uzun illər Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri Rusiyanın prosesə müdaxiləsi idi. Nə qədər ki, Rusiya bölgədə təsir imkanlarını saxlayırdı, münaqişənin köklü həlli mümkün olmurdu. Lakin Rusiyanın təsiri zəiflədikdən sonra Azərbaycan və Ermənistan daha rahat şəkildə danışıqlar aparmağa, hətta əvvəllər həlli mümkünsüz görünən məsələlər üzrə razılığa gəlməyə başladılar. Livanla İsrail arasındakı vəziyyət də müəyyən mənada buna bənzəyir. İran prosesdə təsirini saxladığı müddətdə hər şeyin qısa zamanda həll olunacağını gözləmək doğru olmaz. Əgər İranın bu proseslərə müdaxiləsi aradan qalxarsa, hesab edirəm ki, Livanla İsrail daha qısa müddətdə ortaq məxrəcə gələ və regiondakı münaqişələrdən biri də öz həllini tapa bilər".

 

Selcan Xudiyeva

#mənada #"livan #yeni #girovuna #çevrilib"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər