Livan prezidenti Netanyahu ilə danışıqlardan imtina edib
Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.
Bu barədə Livanın "LBCI" portalı məlumat yayıb.
Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu bugünkü telefon danışığı zamanı məlumatlandırıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Livanın İsraillə danışıqlardan imtinası son hərbi əməliyyatlara verilən sərt reaksiya kimi qiymətləndirilir:
“Livan Prezidentinin İsraillə danışıqlardan imtina etməsi İsrailin son zamanlar Livana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlıdır. Faktiki olaraq Livan məhz bu əməliyyatlara öz sərt reaksiyasını göstərmək üçün İsraillə danışıqlardan imtina edir. Livanda, bilirik ki, idarəetmə əsasən baş nazirə məxsusdur və prezident bir çox məsələlərə qarışmır. Çünki Livanda prezident əsasən qipti xristianlarının təmsilçisi olaraq fəaliyyət göstərir. Yəni Livan konstitusiyasına görə ölkə prezidenti xristian, Baş nazir isə müsəlman olmalıdır. Ölkə prezidenti azlığın təmsilçisi olduğu üçün ölkənin taleyi ilə bağlı məsələlərdə çox da danışıqlara getmir, eyni zamanda Hizbullahın mövqeyindən də çəkinir. Yəni Livanda kiminsə İsraillə danışıqlara gedib, hansısa formada razılaşma əldə edəcəyini güman etmirəm. Bu bölgədə sülhün əsas təşəbbüskarı olan şəxs Livanın sabiq baş naziri Rafiq Həriri olub. Həriri də aradan götürülüb. O İsraillə anlaşma imzalamaq istəyirdi, eyni zamanda Hizbullahla da münasibətləri düzəltməyə səy göstərirdi. Nəticə etibarilə, Rafiq Həriri Livanda bir sui-qəstə qurban gedib. Sonradan Livan rəsmiləri burada məhz Əsəd hökumətini günahlandırırdılar. Burdakı əsas məsələ odur ki, Livanın hansı yollarla, necə İsraillə barışıq bağlayacağı müzakirə ediləcək bir məsələdir. Ancaq prezidentin səlahiyyətinə aid olan bir məsələ deyil. Bunu Baş nazir həyata keçirməlidir. Bildiyim qədərilə, qısa müddətli də olsa atəşkəs müqaviləsi imzalanıb, ancaq bu da uzunmüddətli olmayacaq. Çünki İsrailin əsas niyyəti Livanı bir dövlət kimi sıradan çıxarmaqdır”.
Lalə Qurbanlı