Tramp-Putin danışığı gözlənilir: sülh, atəşkəs, yoxsa siyasi manevr?
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda danışmaq planı gündəmə gəlib. Mümkün telefon danışığının əsas mövzusunun Rusiya-Ukrayna müharibəsi və sülh perspektivləri olacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu danışığı ABŞ-Rusiya münasibətlərindəki daha geniş proseslərdən ayrı qiymətləndirmək olmaz:
“SSRİ-nin süqutundan sonra ABŞ başda olmaqla NATO ilə Rusiya arasında qarşıdurma dərinləşib, Rusiya ətrafında siyasi və hərbi gərginlik yaradan proseslər baş verib. Gürcüstan, Ukrayna və Ermənistanla bağlı hadisələr də bu siyasətin nümunələri kimi qiymətləndirilir. Rusiya-Ukrayna müharibəsi isə hazırda Ukrayna müstəvisində Rusiya ilə NATO arasında faktiki qarşıdurmaya çevrilib və Avropa ölkələri də prosesə müxtəlif formalarda cəlb olunub. ABŞ-nin strategiyasında Rusiyanın hərbi gücü, Çinin iqtisadi imkanları və avronun dollar qarşısındakı mövqeyi əsas rəqabət amilləridir. Bu baxımdan Ukrayna müharibəsinin davam etməsi Rusiyanın hərbi potensialına və Avropanın iqtisadi vəziyyətinə təsir göstərir. Trampın hakimiyyətə gəlməsi ilə yeni siyasi vəziyyət yaransa da, prezident seçkiləri zamanı Ukrayna münaqişəsini qısa müddətdə dayandıra biləcəyini vəd edən ABŞ lideri hələ bu vədi reallaşdırmayıb. Qarşıdan gələn Konqres seçkiləri fonunda Rusiya ilə dialoqun gündəmə gətirilməsi Tramp üçün həm xarici siyasət, həm də daxili siyasi baxımdan əhəmiyyət daşıyır. Putinlə danışmaqla ABŞ ictimaiyyətində reytinqini yüksəltmək və respublikaçıların mövqeyini gücləndirmək istəyən Trampın müvəqqəti atəşkəs üçün Rusiyaya təzyiq göstərməsi də mümkün ssenarilərdən biridir”.
Politoloqun sözlərinə görə, lakin Moskvanın mövqeyi fərqlidir. Rusiya öz şərtləri qəbul edilmədən ABŞ və Avropanın təkliflərinə razılaşmayacaq:
“Moskva müvəqqəti atəşkəsdən çox, münaqişənin köklü həllini və paket formatında sülh sazişini istəyir. Məsiyevin sözlərinə görə, atəşkəs Ukrayna və Qərbə növbəti mərhələdə hərbi hazırlıq üçün vaxt qazandıra bilər və buna görə Rusiya belə yanaşmaya ehtiyatla yanaşır. O, Rusiya-Ukrayna münaqişəsinin ABŞ strategiyasının tərkib hissəsi olduğunu və Trampın bu prosesi tam dayandırmasının Vaşinqtonun əvvəlki siyasəti ilə ziddiyyət yarada biləcəyini də bildirib. Bu səbəbdən Putinlə mümkün danışıq daha çox Trampın siyasi manevri kimi qiymətləndirilir. ABŞ prezidenti bir tərəfdən Ukrayna müharibəsinin dayandırılması ilə bağlı seçki dövründə verdiyi vədi yerinə yetirdiyini göstərmək, digər tərəfdən isə qarşıdan gələn seçkilər ərəfəsində daxili siyasi mövqeyini gücləndirmək istəyir. Bununla belə, danışıqların münaqişənin real həllinə gətirib-gətirməyəcəyi tərəflərin əsas şərtlər üzrə razılığa gəlib-gəlməməsindən asılı olacaq”.
Fatimə Hüseynova