Livanın baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib
Livanın baş naziri bildirib ki, Beyrut danışıqlar prosesindən hələ gözlənilən nəticəni əldə etməyib. O, danışıqların nəticələri ilə bağlı açıqlama verib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Livanın İsraillə problemi yoxdur, ola da bilməz:
“Bu, İrandan qaynaqlanan problemdir. İran Hizbullahı Livanda "at oynadır", faktiki olaraq dövləti girov saxlayır. Livan-İsrail münasibətlərini pozan da İrandan qaynaqlanan bu Hizbullah silahlı dəstələridir. Müasir silahlarla silahlanıblar və davamlı şəkildə Livanı İsraillə münaqişəyə sürükləyirlər. Təbiidir ki, onlar Livan ərazisində yerləşdiklərinə görə, İsrail də məhz Livan ərazisinə hücum etmək məcburiyyətində qalır. Oranı bombalayır. Nəticədə, ziyan çəkən Livan dövləti olur”.
Siyasi şərhçinin sözlərinə görə, Livan dövlətinin mövqeləri nəzərə alınır:
“İsrail Livana qarşı, dövlət olaraq, düşmən mövqedə deyil. İsrail açıq şəkildə bəyan edir ki, Livan öz ərazisindəki Hizbullahı təmizləsin və iki dövlət masa arxasında qalan bütün məsələləri müzakirə etsinlər. Sadəcə olaraq, Livan bu işi bacara bilmir. Çünki Hizbullah o qədər güclənib ki, Livan kiçik bir dövlətdir. O ərazidə, yəni kiçik bir dövlət, gücü yox, qüdrəti yox. Üstəlik, özündən qat-qat böyük olan İran bunun ərazisində silahlı qüvvələr saxlayır. Mən düşünürəm ki, elə Donald Trampın İrana qarşı başlatdığı hərəkat bütövlükdə bizim coğrafiyada, terror təşkilatlarının kökünün kəsilməsi ilə yekunlaşmalıdır”.
Selcan Xudiyeva