Əliyev və Paşinyan görüşüb
Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Nikol Paşinyan Əbu-Dabidə görüşərək ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə ediblər. Liderlər həmçinin Tramp marşrutu, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri və sülh sazişi məsələlərini nəzərdən keçiriblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ticarət tərəfdaşlığının inkişaf etdirilməsi və regional inteqrasiya Azərbaycan və Ermənistan arasında son dövrlərdə davam edən sülh münasibətləri çərçivəsində uzunmüddətli əməkdaşlığın perspektivlərini gücləndirir:
"Burada sülh prosesinin məntiqi nəticəsi ölkələr arasında iqtisadi, siyasi və sosial münasibətlərin qurulması, ikitərəfli ticarət əlaqələrinin formalaşdırılması və gələcək perspektivlərin nəzərə alınmasıdır. Bu, uzunmüddətli dövrdə başa çatmış hesab olunan konfliktin izlərinin aradan qaldırılmasına xidmət edəcək. İki ölkənin qonşu olması, sərhədlərə yaxınlığı və iqtisadi-sosial keçmişlərinin oxşarlığı bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Müharibədən əvvəlki dövrdə də Azərbaycanla Ermənistan arasında kənd təsərrüfatı, mədən sənayesi, yüngül sənaye məhsulları və xidmətlər sahəsində böyük potensial mövcud idi. Növbəti mərhələdə bu proses addım-addım irəli aparılacaq.
İndiki şərtlərdə iqtisadi inteqrasiya və xarici ticarətə xidmət edən sahələr daha çox insan iştirakı tələb etməyən sahələrdə, məsələn, nəqliyyat, tranzit daşımaları və enerji idxalı-ixracı kimi istiqamətlərdə genişləndiriləcək".
Reyhan Quliyeva
