00:00:00
Yazar
Lalə Qafarova
15.02.2026 20:01 17 2 dəq oxuma
Siyasət

Əliyevin Ankara - Təl-Əviv xəttində qurduğu incə geosiyasi balans

 Əliyevin Ankara - Təl-Əviv xəttində qurduğu incə geosiyasi balans

“Prezident Trampdan başqa dünyada həm türklərlə, həm də israillilərlə həqiqətən yaxşı əlaqələr saxlayan yeganə lider Prezident Əliyevdir”.

 

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanat zamanı deyib.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında Azərbaycanın çoxvektorlu xətt yürüt­düyünü vurğulayıb:

 

“Vensin Bakıya səfəri zamanı səsləndirdiyi fikir Azərbaycanın Türkiyə ilə İsrail arasında həssas tarazlığı qorumasına işarədir. Rəsmi Bakı qərarlarını yalnız milli maraqlar çərçivəsində verir və birtərəfli mövqe tutmur. Hər iki dövlətlə əməkdaşlıq fərqli istiqamətlər üzrə inkişaf edir. Türkiyə ilə əlaqələr ideoloji yaxınlıq, ortaq kimlik və strateji tərəfdaşlıq üzərində qurulub. Hərbi əməkdaşlıq, enerji layihələri, logistika imkanları və regiondakı coğrafi mövqe bu münasibətləri daha da gücləndirir. Şuşa Bəyannaməsi siyasi və təhlükəsizlik sahəsində tərəfdaşlığı yeni mərhələyə daşıyıb. Bundan əlavə, qardaş ölkə vasitəsilə Avropa və Asiya bazarlarına çıxış iqtisadi imkanları genişləndirir.

İsraillə əməkdaşlıq isə əsasən texnologiya, müdafiə sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı və energetika sahələrini əhatə edir. Xüsusilə hərbi-texniki sahədə tərəfdaşlıq öz effektivliyini göstərib. Azərbaycan eyni zamanda İsrailin əsas enerji təchizatçılarından biridir. Bu istiqamətdə əlaqələr qarşılıqlı maraq prinsipi əsasında inkişaf edir. Rəsmi Bakı Ankara ilə Təl-Əviv arasında yaranan gərginliklərdə vasitəçi mövqe tutmağa çalışsa da, daxili proseslərə qarışmır. Qəzza məsələsində humanitar yardım göstərilməsi ilə yanaşı, diplomatik neytrallıq qorunur. Bu yanaşma hər iki tərəflə dialoqu davam etdirməyə imkan yaradır. Liderlər arasındakı şəxsi münasibətlər də əməkdaşlığın sabitliyinə müsbət təsir göstərir. ABŞ-də güclü yəhudi icmasının mövcudluğu fonunda Azərbaycanın balanslı siyasəti Vaşinqtonda da anlayışla qarşılanır. Vensin açıqlaması məhz bu reallığın ifadəsi kimi qiymətləndirilir”.

 

Politoloq ABŞ-nin Türkiyə və İsraillə münasibətlərinə də toxunub:

 

“Trampın ilk prezidentlik dövründə Vaşinqton daha çox Təl-Əvivlə yaxın xətt aparırdı, Ankaraya qarşı isə sərt ritorika müşahidə olunurdu. Hazırkı mərhələdə isə Türkiyə ilə münasibətlərdə daha yumşaq üslub nəzərə çarpır.

Bununla yanaşı, Benyamin Netanyahu ilə şəxsi münasibətlərdə zaman-zaman fikir ayrılıqları müşahidə edilsə də, İsrail-ABŞ tərəfdaşlığı konkret lider amili ilə məhdudlaşmır. Bu ölkənin Vaşinqtondakı təsir imkanları kifayət qədər genişdir. Mövcud şəraitdə Ağ Ev hər iki regional müttəfiqlə əlaqələri qorumağa və proseslərdə daha çevik davranmağa çalışır”.

 

Lalə Qafarova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər