00:00:00
Yazar
Nərmin Həşimova
20.08.2026 22:08 27 3 dəq oxuma
Maraqlı

Lovğasınız?

Lovğasınız?

İnsanın özünü başqalarından üstün görməsi bəzən o qədər səssiz başlayır ki, adam özü də bunun fərqinə varmır. Əvvəlcə sadəcə “mən daha yaxşı bilirəm”,-deyirsən. Sonra başqasının məsləhətini eşitmək istəmirsən. Bir müddət keçəndən sonra isə üzr istəmək belə sənə ağır gəlir. Beləcə, insan fərqinə varmadan təvazökarlıqla vidalaşıb lovğalığın qapısını döyür.

 

Bəs, lovğa olub-olmadığımızı necə anlaya bilərik? Məsələn, özündən daha üstün mövqedə olan birinin qarşısında geri addım atmaq sənə çətin gəlirsə, deyilən iradları qəbul edə bilmirsənsə, “bağışla” sözünü deməyi özünə sığışdırmırsansa, burada bir az dayanıb düşünmək lazımdır. Əgər qazandığın hər şeyi yalnız öz zəhmətinin nəticəsi hesab edir, sənə dəstək olan insanları, sənə yol göstərənləri və çətin vaxtında yanında dayananları asanlıqla unudursansa, bu da yaxşı əlamət deyil. İnsanlara hörmət etməkdə çətinlik çəkirsənsə, daim özünü hamıdan üstün görürsənsə, başqalarını idarə etməyə və onlara hökm etməyə xüsusi həvəs göstərirsənsə, artıq məsələ sadəcə özünəinam deyil. Çünki özünəinamla lovğalığın arasında görünməyən, amma çox mühüm bir sərhəd var.


Bəzən insan özündən daha az təcrübəli və ya daha az bacarıqlı biri ilə işləməyi belə özünə yaraşdırmır. Halbuki, insanın böyüklüyü yalnız kimlərlə işlədiyində deyil, özündən aşağı gördüyü insanlara necə davrandığında görünür. Sənə yeri gəldiyində irad tutan adama əsəbiləşirsənsə, tənqiddən qaçırsansa, bilmədiyin bir şey barədə sual verməyə utanırsansa, o zaman özünə bir sual ver: “Mən hər şeyi həqiqətən bilirəmmi?” Çünki hər şeyi bildiyini düşünən insanın öyrənəcəyi çox az şey qalır. Uğurlarından, tanışlıqlarından və əldə etdiklərindən daim danışmaq da lovğalığın başqa bir üzüdür. Əsl uğurun səs-küyə ehtiyacı yoxdur. İnsan nə qədər yüksəldiyini başqalarına sübut etməyə çalışırsa, bəzən içindəki boşluğu bir o qədər çox göstərir. Bir də “Təşəkkür edirəm” demək məsələsi var. Sizə kömək edən insana təşəkkür etmək kiçilmək deyil. Əksinə, insanın böyüklüyünü göstərən ən sadə sözlərdən biridir. Heç kimin sizdən daha çox bilmədiyini düşünürsünüzsə, heç vaxt səhv etməyəcəyinizə inanırsınızsa və həyatda hər şeyi artıq öyrəndiyinizi zənn edirsinizsə, bir az ehtiyatlı olun. Çünki insanın ən böyük səhvi səhv edə biləcəyini unutmasıdır. Və ən əsası unutmaq lazım deyil ki, bu gün dayandığınız yerdə sizi kimlərinsə əli tutub. Bəlkə bir dostunuz, müəlliminiz, ailəniz, vaxtilə adını belə xatırlamadığınız bir insan sizə hansısa qapını açıb. Zirvəyə çatanda həmin insanları unutmaq isə zirvənin özündən aşağı düşməkdən daha pisdir. Əlqərəz, həyatda hər şeyə sahib ola bilərsiniz. Pul, uğur, vəzifə, şöhrət, tanışlıq və s. Amma bütün bunların içində sizə yaxşılıq edən insanları görmürsünüzsə, sizi sevənlərin qədrini bilmirsinizsə, səhvinizi qəbul edə bilmirsinizsə və “bağışla” deməyi bacarmırsınızsa, sahib olduqlarınızın çoxluğu sizi böyük insan etmir.


Bəlkə də lovğalığın ən təhlükəli tərəfi elə budur: insan lovğa olduğunu ən son özü anlayır. Ona görə də arada bir dayanıb özümüzə baxmaq pis olmaz. Çünki insanın böyüklüyü başqalarından nə qədər üstün olmasında yox, özündən üstün gördüyü insanlara necə davrandığında ölçülür.

 
Ürfət Mirzəyev

#lovğalıq #insan #xüsusiyyəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər