Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
Azərbaycan və Çin arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafında Orta Dəhliz mühüm istiqamətlərdən biridir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan-Çin nəqliyyat-logistika əməkdaşlığında Orta Dəhlizin əhəmiyyətinin artması son illərdə Avrasiya üzrə ticarət marşrutlarının yenidən formalaşması ilə birbaşa bağlıdır:
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta Dəhliz Çindən Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edir. Beləliklə, marşrut Çin-Avropa ticarəti üçün Rusiyadan keçən Şimal Dəhlizinə alternativ bağlantı yaradır. Dünya Bankının qiymətləndirməsinə görə, düzgün investisiya və koordinasiya şəraitində Orta Dəhliz üzrə daşımaların həcmini 2030-cu ilədək üç dəfə artırmaq və tranzit müddətini yarıya endirmək mümkündür”.
Siyasi şərhçi bildirib ki, burada əsas məqam Orta Dəhlizin yalnız mövcud marşrutun coğrafi alternativi deyil, həm də təchizat zəncirlərinin şaxələndirilməsi vasitəsi olmasıdır:
“Son illərdə geosiyasi gərginliklər və nəqliyyat-logistika riskləri şirkətləri yüklərin daşınmasında daha çox marşrut seçiminə sövq edir. Avropa İttifaqı da Trans-Xəzər marşrutunu Avropa ilə Asiya arasında alternativ quru bağlantısı kimi qiymətləndirir və dəhlizin dəmir yolları, limanlar, logistika mərkəzləri, rəqəmsallaşma və gömrük prosedurları baxımından inkişafını dəstəkləyir”.
Əlavə olaraq bildirib ki, bununla yanaşı, Orta Dəhlizin qarşısında həll edilməli məsələlər də qalır. Xəzər üzərindən multimodal daşımalar, müxtəlif ölkələrdə gömrük və logistika prosedurlarının tam uyğunlaşdırılmaması, infrastrukturun ayrı-ayrı hissələrində ötürücülük qabiliyyətinin məhdudluğu və daşımaların koordinasiyası marşrutun rəqabət qabiliyyətinə təsir edən amillərdir.
Rəşad Bayramovun sözlərinə görə, Çinin marağının artması təkcə tranzit həcmlərinin yüksəlməsi deyil, həm də bu problemlərin aradan qaldırılması üçün investisiya və texnoloji əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir. 2026-cı ildə Dünya Bankının Qazaxıstanın Orta Dəhliz üzrə dəmir yolu infrastrukturuna 1,41 milyard dollarlıq kommersiya maliyyələşməsini səfərbər edən layihəni dəstəkləməsi marşrutun beynəlxalq səviyyədə uzunmüddətli infrastruktur prioritetinə çevrildiyini göstərir.
Politoloq hesab edir ki, Çinin Orta Dəhlizə marağının artması şübhəsiz ki, Cənubi Qafqazın Avrasiya ticarət sistemində rolunu gücləndirir:
“Region artıq Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında mühüm tranzit həlqələrindən biri kimi nəzərdən keçirilir. Azərbaycan bu sistemdə Xəzər keçidinin əsas bağlantı nöqtəsi baxımından mühüm mövqeyə malikdir. Belə ki, Azərbaycan ərazisində Bakı Limanı, dəmir yolu infrastrukturu və Bakı-Tbilisi-Qars xətti bu bağlantının əsas elementlərindəndir.
Bu prosesin geosiyasi nəticəsi ondan ibarətdir ki, Cənubi Qafqazda nəqliyyat infrastrukturuna maraq müxtəlif güc mərkəzlərinin regiona iqtisadi yanaşmalarını da genişləndirir. Çin üçün əsas məsələ Avropa ilə ticarət əlaqələrinin dayanıqlığını artırmaq, Azərbaycan və digər region ölkələri üçün isə məqsəd tranzit imkanlarını logistika, sənaye, anbar, rəqəmsal xidmətlər və əlavə dəyər yaradan fəaliyyətlərlə birləşdirməkdir”.
Nəticə olaraq bildirib ki, Çinin Orta Dəhlizə artan marağı Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini yüksəldir və regionu Avrasiya bağlantılarının mühüm hissəsinə çevirir.
Səadət Əlizadə