MƏKKƏ SAZİŞİ İLƏ BAĞLI KOMİTƏ ƏR-RİYADDA TOPLANIB - ŞƏRH
Məkkə sazişi çərçivəsində yaradılan komitə oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplanıb. Görüşdə regionda baş verən son hadisələr və ittifaqın institusional strukturunun yaradılması istiqamətində görülən işlərin hazırkı mərhələsi müzakirə olunub.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Məkkə sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısının keçirilməsi sazişin şərtlərinə uyğun olaraq praktiki addımların müzakirəsi və atılması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, bu ilin avqustunda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Müdafiə sazişinə əsasən, üç iştirakçı ölkədən hər hansı birinə qarşı hücum bütün tərəflərə qarşı hücum kimi qəbul ediləcək və belə halda hər üç ölkənin müvafiq müdafiə xarakterli addımlar atması nəzərdə tutulur.
Politoloq qeyd edib ki, komitənin ilk iclasında üç ölkə yüksək səviyyədə – xarici işlər və müdafiə nazirləri səviyyəsində təmsil olunub. O bildirib ki, görüşdə əsas müzakirə məsələlərindən biri husilərdən gələn təhlükələrlə bağlı olub. Eyni zamanda, İranın bu məsələ ilə bağlı təklifinin də olduğu və həmin təklif ətrafında müəyyən dəyərləndirmələrin aparıldığı vurğulanıb.
O əlavə edib ki, sazişə yeni üzvlərin qoşulması məsələsi də müzakirə olunur. Politoloqun sözlərinə görə, daha altı ölkənin sazişə qoşulmaq istəyi müzakirə predmetidir. Bununla yanaşı, yeni üzvlərin sazişə hansı şərtlərlə qoşula biləcəyi məsələsinin də müəyyənləşdirilməsi nəzərdən keçirilir.
Politoloq hesab edir ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış saziş üç ölkənin birgə müdafiə qabiliyyətinin formalaşdırılması və inkişaf etdirilməsi baxımından təsirli ola bilər. Onun fikrincə, sazişə daha çox ölkənin qoşulması regionda daha etibarlı təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edə bilər.