Məlumat mərkəzlərinə qarşı etiraz ABŞ-də aralıq seçkilərinin nəticələrinə təsir edibmi?
ABŞ-də keçirilən aralıq seçkilərlə bağlı seçici sorğusu məlumat mərkəzlərinin bir çox amerikalı üçün mühüm motivasiyaedici məsələyə çevrildiyini göstərib. Bu isə süni intellekt (AI) infrastrukturu tikintisinin sürətlə genişlənməsinə qarşı ictimai narazılığın seçkilərin nəticələrinə təsir göstərmiş ola biləcəyi barədə müzakirələrə səbəb olub.
Respondentlərin 76 faizi isə yaşadıqları icmada yeni məlumat mərkəzinin tikilməsinə qarşı olduqlarını bildirib. Bu nəticələr Pew Research təşkilatının son sorğusundan sonra açıqlanıb. Həmin sorğu amerikalıların təxminən yarısının məlumat mərkəzlərini ətraf mühit, ev təsərrüfatlarının enerji xərcləri və həyat keyfiyyəti baxımından əsasən mənfi hesab etdiyini göstərib. Bu, yanvar ayı ilə müqayisədə ictimai münasibətdə ciddi pisləşmə deməkdir.
Konqres seçkiləri ilə bağlı sorğunun nəticələri göstərir ki, cəmi beş il əvvəl əksər amerikalıların diqqət mərkəzində olmayan bu məsələ hazırda kifayət qədər aktualdır.
Bununla belə, məlumat mərkəzləri seçicilərin səsverməsində “həlledici və ya mühüm amil” hesab etdiyi bir sıra əsas məsələlərdən geri qalır. Belə ki, hökumətdə korrupsiya 90 faiz, yaşayış xərcləri isə 89 faiz göstərici ilə ön plana çıxıb.
Seçici sorğularına dair təhlillər göstərir ki, demokratlara meyil edən ştatlar ya məlumat mərkəzləri ilə bağlı narahatlıqlar üzrə ümummilli tendensiyanı izləyib, ya da bu məsələyə daha az diqqət yetirib. Buna görə də məlumat mərkəzlərinə qarşı etirazların birbaşa neçə səsə və ya Senat mandatına təsir etdiyini müəyyənləşdirmək mümkün deyil.
Son illərdə ABŞ iqtisadiyyatı məlumat mərkəzlərinin tikintisi də daxil olmaqla, süni intellekt sahəsinə yönəldilən böyük korporativ investisiyalar hesabına əhəmiyyətli dərəcədə dəstəklənib.
Rəsmi məlumatlara görə, məlumat mərkəzlərinin tikintisinə 2026-cı ilin avqust ayında inflyasiya nəzərə alınmaqla 5 milyard dollar xərclənib. Bu, 2023-cü illə müqayisədə beş dəfə çoxdur.Texnologiya araşdırmaları ilə məşğul olan Futurum Group şirkətinin nümayəndəsi Deepak Surana gözləyir ki, Texas rəhbərliyi məlumat mərkəzlərinin tikintisinə tam moratorium tətbiq etmək əvəzinə, bu sahədə müəyyən razılaşmalara gedəcək. Bunun əsas məqsədi enerji və su xərclərinin sakinlərə mənfi təsir göstərməsinin qarşısını almaq olacaq.
Texasda məlumat mərkəzinə malik olan və Ohayoda yeni layihələrinin tikintisini davam etdirən OpenAI şirkəti cümə axşamı öz elektrik enerjisi xərclərini tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürüb.
Aysun Xəlilova