Mövsümi xəstəliklər
Payız və qış aylarının gəlişi ilə birlikdə hava şəraitinin dəyişməsi, immunitetin zəifləməsi və virusların aktivləşməsi bir çox insanı xəstəliklərlə üz-üzə qoyur. Soyuqdəymə, qrip, bronxit, boğaz ağrıları və allergiyalar bu dövrlərdə ən çox rast gəlinən mövsümi problemlərdəndir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında səhiyyə nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda insanlar arasında ən çox yayılan kəskin respirator virus infeksiyalarıdır:
“Bunların arasında influenza daha təhlükəli olduğu üçün həssas insanlara hər il sentyabr-oktyabr aylarında ona qarşı peyvənd olunmaq tövsiyə olunur. Bu il də qeyd olunan məqsəd üçün kifayət qədər effektiv və təhlükəsiz peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilmiş və ambulator-poliklinik tibb müəssisələrinə paylanılıb. Müraciət əsasında bundan yararlanmaq mümkündür. Peyvənd olunmuş şəxs yoluxduqda xəstəliyi ya asimptomatik, ya da yüngül keçirir və fəsadlaşma olmur, pasiyent tez bir zamanda sağalır. Havaların soyuması hava-damcı infeksiyalardan qorunmaya mənfi təsir göstərir. Ümumiyyətlə, insan immuniteti soyuq aylarda nisbətən zəifləyir. Günəş şüalarının təsir müddəti azaldığından orqanizmdə immuniteti gücləndirən D vitamininin sintezi azalır. Soyuq havanın təsirindən yuxarı tənəffüs yollarının selikli qişasının damarları büzülür ki, nəticədə yerli qoruyucu rol oynayan seliyin ifrazı azalır və mikrobların daxilə keçməsinə şərait yaranır. Soyuq aylarda qida rasionunda vitaminlərin miqdarı, xüsusən C vitamininin miqdarı azalır ki, bu da immun sistemi zəiflədir. Soyuq aylarda qapalı məkanlarda yaxın təmasların artması, soyuğa görə otaqların daha az havalandırılması hava-damcı infeksiyalarının yayılması üçün əlverişli şərait yaradır. O cümlədən havada rütubətin azalması virusların yayılması üçün əlverişlidir. Dəyişkən havalarda düzgün geyim seçimi xeyli çətinləşdiyindən tərləmə, soyuqlama qaçılmaz olur. Bütün bu faktorlar yoluxmaların sayının artmasına səbəb olur. İmmuniteti möhkəmləndirmək üçün qidalanmanın rolu əhəmiyyətlidir. İmmun sistemin düzgün fəaliyyəti üçün bir çox vitaminlər və mineralların qida rasionuna daxil olması vacibdir. Meyvə-tərəvəz əsaslı qidalar, xüsusən tərkibində kifayət qədər dozalarda C vitamini olan qidanın qəbulu immun sistemin doğru fəaliyyəti üçün əlverişlidir”.
Banuçiçək Məmmədova
