00:00:00
Yazar
Güllər Gülhüseynova
14.03.2026 21:33 15 4 dəq oxuma
Texnologiya

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.



Bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.



Mövzu ilə bağlı İT mütəxəssisi Fərid Kazımov “İnformator.az”a açıqlamasında bildirib ki, məşğulluqda süni intellektin tətbiqi daha dərin və inteqrasiya olunmuş bir yanaşma tələb edir:



“Düşünürəm ki, bu model Azərbaycandakı məşğulluq problemini tam həll etməyəcək. Çünki bir fərdin işlə təmin olunma zəncirində əsas problem yalnız uyğun olanın seçilməsi deyil. Məsələn, Dövlət Məşğulluq Agentliyi bir platforma yaratsa və süni intellekt vasitəsilə işsiz şəxsləri təhlil edib bu məlumatı şirkətlərə çatdırsa belə, burada bir zəncir qırılması baş verir. İşəgötürən qurum özü də daxili təhlil aparmalıdır və həmin agentliyin süni intellektə əsaslanan seçiminin nə dərəcədə doğru olması sual altında qalır. Qlobal bazarda artıq uzun müddətdir ki, süni intellekt kadr seçimində geniş tətbiq olunur. Şirkətlər bu HR servislərinə qoşularaq öz tələbatlarını göstərir, süni intellekt isə CV-ləri təhlil edərək ən uyğunlarını təklif edir. Lakin burada belə bir problem yaranıb ki, insanlar görüblər ki, adi qaydada doldurduqları CV-lərlə heç müsahibəyə belə çağırılmırlar, çünki alqoritmlər onları seçmir. Nəticədə, CV-ləri süni intellekt sistemlərinə uyğunlaşdıran yeni platformalar yaranır. İndi elə bir trend yaranıb ki, bir süni intellekt CV-ni bəzəyərək düzəldir, digər süni intellekt isə onu seçir. Amma yenə də insanın real kvalifikasiyası məsələsinə gəlib çıxırıq. Süni intellekt bizi elə təqdim edə bilər ki, sanki çox böyük bir rəhbər vəzifəyə uyğunuq, bu da müəyyən yanlışlıqlar formalaşdırır. Məhz bu səbəbdən artıq insanların yalnız CV-lərini deyil, həm də onların yumşaq bacarıqlarını (soft skills) və texniki səviyyəsini yoxlayan platformalar yaranıb. Məsələn, proqramçılar üçün süni intellekt tərəfindən xüsusi tapşırıqlar verilir və namizədin kodu real vaxtda təhlil edilərək ona müəyyən reytinq balı verilir. Hətta bu prosesdə proktorinq sistemlərindən istifadə olunur ki, imtahanı verən şəxsin həqiqətən həmin adam olduğu təsdiqlənsin. Yəni məsələ çox mürəkkəbdir. Zəncirdə yalnız CV-ni təhlil etməklə iş bitmir. Elementar olaraq, məsələn, bir jurnalist işsiz olduğunu qeyd edəndə onun 5 illik təcrübəsinə baxıb işə götürmək kifayət deyil, onun həqiqi bacarıqları dərindən öyrənilməlidir. Bu cür mürəkkəb alqoritmlərə və mühərriklərə malik platformalar qlobal bazarda milyonlarla dollar investisiya tələb edir. Onların Azərbaycan səviyyəsində yaradılması çətin olsa da, reallaşarsa, əlbəttə ki, çox uğurlu bir addım olar”.



Ekspert qeyd edib ki, süni intellektin tətbiqi yalnız köməkçi vasitə kimi effektiv ola bilər və bu prosesdə insan amili mütləq qorunmalıdır:



“Vətəndaşların məlumatlarının qorunması, istər bu sistem olsun, istərsə də digər platformalar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi baxımından ən birinci dərəcəli hədəflərdən biri olmalıdır. Biz başa düşürük ki, artıq 2026-cı ildir və Azərbaycanda “myGov” kimi geniş imkanlara malik platformalar formalaşmaqdadır. Ümid edirəm ki, məşğulluq idarəsinin yaradacağı həmin platforma da “myGov” ilə tam sinxronizasiya ediləcək. Bizim şəxsi məlumatlarımız məhz “myGov” üzərindən inteqrasiya olunmalıdır. Azərbaycanda artıq "məlumatın bir dəfə verilməsi" prinsipi təsdiqlənib, yəni biz hər dəfə yenidən qeydiyyatdan keçməli deyilik. Məsələn, biz “ASAN İmza” və ya “myGov” imzası ilə sistemə daxil olduğumuz zaman məlumatlar vahid bir mərkəzdə cəmləşir. Bu məlumatlar vahid mərkəzdə müdafiə olunduğu üçün hesab edirəm ki, təhlükəsizlik baxımından heç bir problem yaranmayacaq.Əgər əlavə bir sistem yaradılıb şəxsi məlumatlar yenidən yığılmazsa, sadəcə mövcud sistemə inteqrasiya olunarsa, məlumatlarımızın qorunacağına arxayın ola bilərik. Süni intellekt hər şeydən əvvəl bir neyron şəbəkədir və ciddi səhvlər edə bilir. Bunu hər kəs test edə bilər ki, yüz faiz bildiyiniz bir mövzu barədə istənilən neyron şəbəkədən (məsələn, ChatGPT, Gemini və s.) soruşsanız, görərsiniz ki, o, heç də həmişə düzgün cavab vermir. Məhz bu səbəbdən, süni intellektə yanaşmada ən vacib məqam odur ki, bu texnologiya yalnız köməkçi rol oynamalıdır. İstər şirkət daxilində, istərsə də məşğulluq idarəsi səviyyəsində olsun, məlumatların emalı və müəyyən alqoritmlər əsasında optimal namizədlərin üzə çıxarılması süni intellektə həvalə edilə bilər. Lakin bu, yalnız müəyyən bir səviyyəyə qədər olmalıdır. Daha dərin analiz və namizədin son seçimi mərhələsində insanın iştirakı mütləqdir. Biz başa düşməliyik ki, öz həyatımızı və ya başqa bir insanın gələcəyini tamamilə avtomatlaşdırılmış maşınlara həvalə edə bilmərik. Süni intellekt bizə yalnız qərarların sürətləndirilməsində kömək edə bilər, amma son qərar və təhlil insan tərəfindən aparılmalıdır. Əks halda, biz öz həyatımızı tamamilə maşınlara tapşırmış olarıq. Təsəvvür edin ki, çox peşəkar bir mütəxəssis CV-sini özü hazırlayıb, lakin onun sənədi süni intellektin alqoritmlərinə uyğun gəlmir. Belə halda maşın həmin namizədi sadəcə "görmür" və onu tövsiyə etmir, halbuki şirkət məhz elə bir mütəxəssis axtarır. Bu cür risklər hər zaman mövcuddur. Buna görə də, süni intellekt əsaslı axtarış və seçim sistemləri hazırlanarkən bütün bu amillər nəzərə alınmalı və sistem insanın qərarvermə prosesini əvəz etmək üçün deyil, ona dəstək olmaq üçün qurulmalıdır”.



Lalə Qurbanlı

#süniintellekt #əməkbazarı #məşğulluq #kibertəhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər