00:00:00
Yazar
Admin User
19.12.2025 18:34 92 4 dəq oxuma
Sosial

Müasir dövr insanının əsas problemlərindən biri də tələskənliklə yaşamaqdır

Müasir dövr insanının əsas problemlərindən biri də tələskənliklə yaşamaqdır

Müasir şəhər həyatı insanlardan daim sürətli olmağı tələb edir. İşə gecikməmək, dərsə çatmaq, tıxacdan yayınmaq, sosial öhdəlikləri yerinə yetirmək-bütün bunlar insanlarda davamlı tələskənlik və gərginlik yaradır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, müasir şəhər həyatının sürətli ritmi insan psixologiyasına və ailə münasibətlərinə birbaşa təsir edir:

 

"Gündəlik qayğılar, iş təzyiqləri, yol yorğunluğu və informasiya bolluğu insanları bir-birindən uzaqlaşdırır. Bu, artıq danılmaz bir reallıqdır. Bu sürətli həyat tərzində ailə dəyərlərini, münasibətləri qorumaq üçün özümüzə zaman ayırmalıyıq. Hər gün bir neçə dəqiqəlik olsa belə, özümüzlə tək qalmaq üçün vaxt ayırmaq vacibdir. Düşünmək, daxilə yönəlmək, hiss etdiklərimizi anlamaq üçün bu vaxt əvəzsizdir. Özünü tanıyan insan həm ailədə, həm cəmiyyətdə daha sağlam münasibətlər qurur. Həmçinin ailə ilə keyfiyyətli zaman keçirməliyik. Ev yalnız yatmağa və istirahət etməyə gedilən bir yer olmamalıdır. Evdə olmaq, ailə üzvləri ilə birlikdə zaman keçirmək, söhbət etmək, birgə fəaliyyətlər görmək münasibətləri möhkəmləndirir. Şəhər həyatı bizi ailədən uzaqlaşdırmamalıdır, əksinə, bu xaosun içində ailə bizə dayaq və sığınacaq olmalıdır. Şəhər həyatının gətirdiyi sosial imkanlar çoxdur, lakin bu imkanların ardınca qaçmaq bəzən şəxsi həyatımıza zərər verir. Gec saatlara qədər evdən kənarda qalmaq, ailəni ikinci plana atmaq uzunmüddətli soyuluq və emosional uzaqlaşmaya səbəb ola bilər.

 

Nəticə olaraq, sürətli şəhər ritmi qaçılmazdır, lakin bu ritmin bizi udmasına imkan verməməliyik. Özümüzə və ailəmizə ayırdığımız zaman, dəyərləri qorumağa verdiyimiz əhəmiyyət bizi ayıq və balanslı saxlayacaq. Əgər biz bu balansı qura bilsək, nə şəhər həyatı, nə də stres bizi daxildən dağıda bilməz".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, son zamanlar insanların ən çox şikayət etdiyi məsələlərdən biri zamanın azlığı, vaxtın heç kimə çatmamasıdır:

 

"Bu narahatlıq xüsusilə pandemiyadan sonrakı dövrdə daha da nəzərəçarpacaq şəkildə artıb.  Pandemiya dövrü bir çox çətinliklərlə yanaşı, insanlara vacib bir dərs də verib zamanın nə qədər dəyərli və əvəzolunmaz olduğu ortaya çıxdı. O illər ərzində insanlar evdə qalmağa, düşünməyə və həyatın tempini yavaşlatmağa məcbur oldular. Bu isə zaman anlayışımıza yeni bir baxış gətirib.  Pandemiyadan sonra isə insanlar öz vaxtlarına daha çox dəyər verməyə başlayıblar. Zaman bölgüsünü daha düzgün etməyə, vaxtlarını özlərinə fayda verəcək işlərə və şəxsi rifaha sərf etməyə yönəldilər. Əslində, zaman azalmayıb, sadəcə insanlar onun qiymətini daha yaxşı başa düşüb, istifadə etməyi öyrənmək istəyirlər. Bu səbəbdən də günün “çatmaması” şikayəti çoxalır, çünki, insanlar artıq hər dəqiqənin mənalı olmasını istəyirlər.

 

Müasir dövr insanının əsas problemlərindən biri də tələskənliklə yaşamaqdır. Bu xüsusiyyət bəzən xarakterin, temperamentin bir parçası kimi formalaşır. Belə insanlar sanki həyat boyu bir yarışın içindədirlər. Hər şeyi tez görmək, tez etmək, tez qərar vermək istəyi onları daim gərginlikdə saxlayır. Əgər bu şəxslər valideyn olurlarsa, ailədə də bu tələskən atmosfer hökm sürür. Həyat yoldaşları və uşaqlar da bu sürətli tempin təsirinə düşür, istər-istəməz eyni gərgin ritmə uyğunlaşmağa çalışırlar. Mən bir mütəxəssis olaraq qeyd edə bilərəm ki, bu hal anxiety (narahatlıq) pozuntularına, emosional yüklənməyə və hətta psixosomatik problemlərə gətirib çıxarır.Tələskən insanların diqqətini çəkən əsas məqam odur ki, onlar hazırda yaşadıqları anın fərqində olmurlar. Düşüncələri daim növbəti addıma fokuslandığı üçün bugünün dadını çıxara bilmirlər. Halbuki psixoloqların tövsiyəsi budur: "Olduğun yerdə ol, olduğun zamanı doya-doya yaşa".

 

"Özünlə məşğul ol" nə deməkdir haqqında sadə və faydalı tövsiyələr:

 

Bugünkü həyat ritmində insanlara tez-tez deyilir: "Özünlə məşğul ol, özünə zaman ayır". Ancaq bu ifadə çoxlarına abstrakt və qeyri-müəyyən gələ bilər. Əslində isə bu, çox sadə və yerinə yetirilə bilən vərdişləri özündə cəmləyir.

 

Özünə gündəlik suallar ver:

Hər gün bir neçə dəqiqəlik belə suallar ver:

-"Mən indi haradayam?"

-"Bədənim necə hiss edir, yorğunam, rahatam, narahatam?" 

-"Bu məkan mənə nə hiss etdirir, xoşdur, sıxıcıdır, yorucudur?" 

-"Mən indi nəyə ehtiyac duyuram, sakitliyə, dincliyə, söhbətə?" 

 

2. Özünlə tək qal:

Günün istənilən anında, bu səhər tezdən, nahar fasiləsi və ya axşam yatağa uzanmamışdan öncə ola bilər –1 dəqiqə hərəkətsiz qal və ətrafını hiss et. Gözlərini yum, nəfəsini izlə, sadəcə “var” olduğunu dərk et.

 

3. Qeyd et və təkrarla:  

Bu sualları telefonuna, dəftərinə və ya divara yaz:  

"Bu gün neçə dəqiqə hərəkətsiz dayanıb, sadəcə olduğum anı hiss etdim?"

Hər dəfə bunu etdikcə özünü daha çox yaşadığını, daha çox “burada və indi” olduğunu anlayacaqsan.

 

4. Ömrünü izləməyi öyrən:

Bu sadə addımlar səni o hissdən uzaqlaşdıracaq:  

"Ömrüm necə gəldi, elə də getdi..."  

Əvəzində düşünəcəksən:  

"Mən bu gün yaşadım, hiss etdim, dərk etdim". 

 

5. Bu təcrübəni paylaş:

Övladlarına, ailənə, dostlarına bu sadə üsulu öyrət. Desinlər:  

"Gündə 1 dəqiqəlik özümlə görüş keçirdim". 

Bu, gələcəkdə daha dərin, sağlam və balanslı psixologiyanın təməli olacaq".

 

Mövzu ilə bağlı açıqlamasında tələbə Nuray Qədirli bildirib ki, gün ərzində özümə vaxt ayrı bilmirəm:

 

Hətta, bəzən günlük işlərimi belə yekunlaşdıra bilmirəm. İnsanların əksəriyyəti işlərini çatdıra bilmək üçün günə tez başlasalarda hələ də tələsmək məcburiyyətində qaldıqlarının şahidi olmuşam. Səbəbdə insanların çox yüklənməsidir. Təsil alanların təhsil sahəsində, iş həyatı olanlarında öz sahələri üzrə normadan artıq yüklənməsi insanların gün ərzində işlərini çatdıra bilmək üçün daim tələsməsinə səbəb olur". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər