Müasir dövrdə xarici dillərin tədrisində yeniliklər
Son illərdə qloballaşma və texnoloji inkişaf xarici dillərin tədrisi sahəsində mühüm dəyişikliklərə səbəb olub.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a bildirib ki, bu gün dil öyrənmək artıq əvvəlki kimi yalnız dərslik və təlim otaqları ilə məhdudlaşmır:
“Əvvəllər dil öyrənmək üçün əsasən kurslara getmək, dərs vəsaitləri almaq lazım olurdu. İndi isə vəziyyət tam fərqlidir. Süni intellekt və rəqəmsal resurslar bu prosesi daha əlçatan edib. Məsələn, onlayn dərslər, mobil tətbiqlər, virtual müəllimlər artıq hər kəsin gündəlik həyatına daxil olub. Bu, həm vaxt, həm də məkan baxımından daha çox öyrənməyə azadlıq verir. Bu yeniliklər xüsusilə fərdi öyrənmə tərzini nəzərə alaraq, şəxsi adaptiv tədris modellərini mümkün edib. Artıq tətbiqlər öyrənənin səviyyəsini avtomayik müəyyən edir və ona uyğun material hazırlayır. Məsələn, kimsə qrammatikanı yaxşı bilir, amma danışıqda çətinlik çəkirsə, proqram onu nitq təlimlərinə yönəldir. Bu müəllimin işini asandlaşdırmaqla yanaşı tələbənində dərsə marağını artırır. Texnoloji tərəqqiyə baxmayaraq, müəllimin rolu hələ də əsasdır. Süni intellekt çox şeyi öyrədə bilər, amma empatiya, mədəni kontekst, jest-mimika və emosional ünsiyyət kimi incə məqamları yalnız insan müəllim ötürə bilər. Dil sadəcə kommunikasiya vasitəsi deyil, həm də düşüncə formasıdır. Bunu texnologiya tam əvəz edə bilmir. Ona görə də texnologiya müəllimi yox, sadəcə dəstəkləyici vasitə kimi çıxış etməlidir”.
Fatimə Hüseynli
