Müasir hərbi reallıqlar: təhlükəsizlik, silahlanma və regional gərginliklər
Dünyada dəyişən təhlükəsizlik mühiti, yeni nəsil silahların sürətli inkişafı və regiondakı geosiyasi gərginliklər hərbi sahəyə marağı daha da artırır. Müasir orduların hazırlıq səviyyəsi, taktiki yeniliklər, texnologiyanın döyüş meydanına təsiri və ölkələrin müdafiə strategiyaları artıq təkcə mütəxəssisləri deyil, geniş ictimaiyyəti də düşündürür.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, həm Rusiya, Ukraniya, həm də Yaxın Şərq müharibələri konteksində yenidən format olan dünyada kifayət qədər təhlükəli bir vəziyyət yaranıb:
“1960-cı illərdən sonra artıq qlobal güclər nüvə silahlarının tətbiqi barədə, onların modelləşdirilməsi, sayının artırılması, digər yeni ərazilərə yerləşdirilməsi barədə bəyanatlar səsləndirirlər. Artıq kosmosu bir döyüş meydanına çevirmək üçün bir neçə dövlət silahlanma yarışına başlayıb. Bu halda Cənubi Qafqaz regionu məhz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində bir təhlükəsizlik adasına bənzəyir. Həm sağımızda, həm solumuzda müharibələr var. Nüvə dövlətlərinin müharibələrdə iştirakı var. Amma bunlara baxmayaraq Azərbaycan həm özünü, həm də regionu maksimum təhlükəsiz bir vəziyyətə gətirib. Elm və texnologiya inkişaf etdikcə müharibədə istifadə olunan təminat, təchizat vasitələri də inkişaf edir, müasirləşir. Hazırda qırıcı təyyarə vəzifələrini yerinə yetirən dronlarla rastlaşırıq. Pilotsuz katerlərin istifadəsini görürük. Süni intellekt nəticəsində silahların, dronların müstəqil şəkildə hədəfi tapıb sıradan çıxarmasının şahidi oluruq. Rəqibin istifadə olunan hava hücum vasitələrinə qarşı elektron mübarizə komplekslərinin tətbiqini görürük. Bütün bunlar yeni silahlı mübrarizə metodlarının yaranmasına gətirib çıxarır. Bir fakt sabit qalır ki, müasir dünyada 5-ci nəsil müharibənin müəllifi Azərbaycandır. Kütləvi PUA tətbiqi ilə ilk müharibə aparan, qələbə əldə edən və bunu da kifayət qədər qısa müddətdə həyata keçirən Azərbaycandır. Hazırda dünyada tək qalib ölkə Azərbaycandır".
Banu Məmmədova
