Müasir insanlarda stress və tükənmişlik sindromu
Müasir dövrdə həyat tempi sürətlə artdıqca, insanların psixoloji yükü də artır.
Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova “İnformator.az”a bildirib ki, tükənmişlik sindromu yaşayan insanlarda həm psixoloji, həm də fiziki əlamətlər müşahidə olunur:
“Tükənmişlik sindromu yaşayan insan daim yorğun olur, motivasiya azalır, emosional boşluq və həssaslıq özünü tez biruzə verir. Bu vəziyyətdə yuxu pozuntuları yaranır, gərginlik artır, insan daha əsəbi və həssas olur. Eyni zamanda işə qarşı məsuliyyət hissi azalır, diqqət dağınıqlığı yaranır. Tükənmişlik yalnız zehni deyil, həm də fiziki fəsadlara səbəb ola bilər. Bəzən ürək döyüntüləri, sinə ağrısı, baş ağrısı kimi fiziki simptomlar da müşahidə olunur. İnsan istirahət etsə belə, özünü tam bərpa edə bilmir. Bu da uzunmüddətli stressin nəticəsində orqanizmin enerji ehtiyatlarının tükənməsi ilə bağlıdır”.

Fatimə Hüseynli
