Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq
“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım namizədlərin məsuliyyətini artırmaq məqsədi daşıyır:
“Müəllimlərin işə qəbulu imtahanlarının ödənişli olması hələlik praktikada tətbiq olunmayıb. Amma gələcəkdə bu istiqamətdə addımların atılacağı ehtimal olunur. Çünki namizədlərin bir qismi imtahana yazılır, lakin imtahana gəlmir və bu, dövlətin resurslarının israfı ilə nəticələnir. Mən düşünürəm ki, test imtahanına qoyulan ödəniş böyük məbləğ olmamalıdır. Şərti bir məbləğ olmalıdır məsələn, 20 manat ola bilər. Bu, müəllim olmaq istəyən namizədin ciddiliyini yoxlamaq üçündür. Yəni, namizəd düşünəcək ki, əgər imtahana getməyəcəmsə, boşuna 20 manat ödəmərəm.
Bir imtahanın təşkili təbii ki , 20 manata başa gəlmir, amma kiçik bir ödənişin qoyulması namizədin məsuliyyətini artırır”.
Təhsil eksperti eyni zamanda bu qərarın dövlətin resurslarının israfının qarşısını almaq üçün atılan addım kimi qiymətləndirir:
“Əks halda, ödənişsiz olduğu üçün bəzi şəxslər qeydiyyatdan keçib imtahana gəlmirlər və dövlət üçün əlavə xərc yaranır.
Düzdür, burada güzəştlər olmalıdır məsələn, şəhid ailəsi üzvləri, sosial yardım alan ailələr və tabeliyində azyaşlı uşağı olan analar üçün müəyyən güzəştlər tətbiq edilə bilər. Yəni, məqsəd qazanc əldə etmək deyil, şəxsin imtahana gəlmək niyyətini və ciddiliyini müəyyən etməkdir.
Amma düşünürəm ki, ilk dəfə imtahana daxil olanlara da bu ödəniş tətbiq edilməməlidir. Onlara bir dəfə şans verilməlidir. Bu da qeyri-ciddi müraciətlərin qarşısını almaq üçündür. Çünki bir çox namizəd hər il qeydiyyatdan keçir, amma imtahana gəlmir. Bu, planlaşdırmanı və təhsil sisteminin idarə edilməsini çətinləşdirir.
Ödəniş tətbiq etməklə yalnız ciddi hazırlaşan şəxslərin imtahana gəlməsi təmin edilə bilər. Qanunvericiliyə dəyişikliklər başa çatdıqdan sonra bu prosedur rəsmiləşəcək və ictimaiyyətə açıqlanacaq.
İmtahanın ödənişli olması gələcəkdə təhsil sistemində səmərəliliyin artmasına, qeyri-ciddi müraciətlərin azalmasına və daha real nəticələrin əldə olunmasına xidmət edəcək.
Bununla belə, sosial və hüquqi baxımdan müzakirələr davam edir və dəyişikliyin tətbiqi prosesi hələ izlənilməkdədir.
Hazırda ödəniş məbləği dəqiq məlum deyil. Qanunvericiliyə ediləcək dəyişikliklərdən sonra bu prosedur rəsmiləşdiriləcək və ictimaiyyətə açıqlanacaq”.
Zəri Bayramlı
