Müəllimlərin rifahına və motivasiyasına yönələn yeni layihələr
Təhsil sahəsində çalışan müəllimlərin rifahının və motivasiyasının artırılması istiqamətində yeni sosial təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə diqqətçəkən layihələrdən biri də “Push30” proqramıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov “İnformator.az”a bildirib ki, “Push-30” layihəsi təhsil sahəsində çalışan şəxslər və tələbələr üçün nəzərdə tutulmuş sağlam həyat tərzini təşviq edən sosial təşəbbüsdür:
“Layihənin əsas məqsədi gənclər və müəllimlər arasında idmana marağı artırmaq, onların asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdır. Bu layihə çərçivəsində iştirakçılar müxtəlif idman zallarına, fitnes mərkəzlərinə, üzgüçülük hovuzlarına, həmçinin idman tədbirlərinə xüsusi güzəştlərlə qoşulmaq imkanı qazanırlar. Beləliklə, həm tələbələr, həm də müəllimlər öz sağlamlıqlarına daha çox diqqət yetirə, fiziki aktivliklərini artıra bilirlər. “Push-30” layihəsi təkcə idman fəaliyyəti ilə məhdudlaşmır. O, eyni zamanda sağlam həyat tərzinin təbliği, psixoloji rifahın yaxşılaşdırılması və təhsil ictimaiyyətində sosial həmrəyliyin gücləndirilməsi kimi məqsədləri də daşıyır. Layihədən yararlanan şəxslər müəyyən idman növlərində güzəştli iştirak hüququ ilə yanaşı, tərəfdaş müəssisələrdən endirimlər də əldə edirlər. Hazırda layihə 3000 nəfərlik kontingent üçün nəzərdə tutulub. Bu, pilot mərhələnin bir hissəsi hesab olunur və gələcəkdə layihənin daha geniş miqyasda — ölkənin bütün ali və orta təhsil müəssisələrini əhatə edəcək şəkildə — genişləndirilməsi planlaşdırılır. Ümumilikdə, “Push-30” təşəbbüsü həm təhsil işçiləri, həm də tələbələr üçün sağlam, aktiv və sosial baxımdan fəal həyat tərzinin formalaşmasına mühüm töhfə verən bir layihə kimi qiymətləndirilir”.
Fatimə Hüseynli
