Münasibətlərdə səbr niyə azalıb?
Son illər münasibətlərin daha tez bitdiyini, insanların bir-birinə qarşı dözümsüzləşdiyini görürük. Kiçik anlaşılmazlıqlar belə böyük ayrılıqlara çevrilir. Psixoloqlar hesab edir ki, müasir həyat tərzi, sosial şəbəkələr və emosional tükənmə münasibətlərdə səbrin azalmasına ciddi təsir göstərir. Bəs bu problemin kökündə nə dayanır?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Ezgi Şahin bildirib ki, münasibətlərin tez bitməsinin səbəbi insanların sosial şəbəkələrdə daha gözəl bir “yaşanmışlıq” görməsidir:
"Xüsusilə qadınlar sosial şəbəkələrdə gördükləri həyatları yaşamaq istəyirlər. Əlbəttə ki, sosial şəbəkələr gerçəkliyi əks etdirmir. Bunu biz bir neçə nümunə ilə də internet üzərindən görürük. Lüks yaşantını gördükcə, öz həyatlarını müqayisə etdikcə düşünürlər ki, mənim həyat yoldaşım mənim istəklərimi və tələblərimi yerinə yetirə bilmir.
Artıq tolerantlıq səviyyəsi çox aşağı düşüb, yəni insanlar bir-birlərinə dözümlü yanaşmırlar. Bu, maddi imkanlarla da bağlı ola bilər. İş imkanları azdır, maddi baxımdan insanlar çox işləyir və bir şeylərə çatmağa çalışırlar. Bu baş vermədikdə münasibətlər də pozulur. Çünki gün ərzində cəmi 3-4 saat bir-birlərini görə bilirlər.
İş mühitində çox olduqlarından, iş saatları uzun çəkdiyindən, bəzən də yollarda vaxt keçirdiklərindən münasibətlərdə bir-birlərini çox az görürlər. Bu isə, əlbəttə ki, bütün həyatlarına təsir edir. Yoldaşlar bir-birləri ilə az ünsiyyət qurur, ortaq paylaşımları olmur və bu da bağlanmanın azalmasına gətirib çıxarır.
İnsanlar artıq iş mühitində və sosial həyatlarında hər şeyə çatmağa çalışdıqları üçün o qədər gərgindirlər ki, maddi və mənəvi baxımdan bir-birlərinə tolerant yanaşa bilmirlər. Buna görə də, münasibətləri tez bitirirlər. Çünki həyat onsuz da psixoloji cəhətdən çətindir, onu daha da çətinləşdirmək istəmirlər".
Gövhər Mehyəddinova
