Mütaliənin insana qatdığı dəyər
Mütaliə təkcə sözləri oxumaq deyil, insanın daxili dünyası ilə qurduğu səssiz dialoqdur. Kitablar bizə fərqli həyatları yaşamaq, başqa düşüncələri anlamaq və özümüzü daha dərindən tanımaq imkanı verir.
Bəzən bir kitab insanın ruhuna toxunur, bəzən isə onu düşündürərək dəyişdirir. Mütaliənin ən böyük gözəlliyi də məhz buradadır - oxucuya tələsik nəticə deyil, dərin hisslər bəxş etməsindədir. Kitab oxumaq insanı gündəlik həyatın səs-küyündən uzaqlaşdırır, onu sakitliyə və təfəkkürə aparır. Mütaliə zamanı insan yalnız bilik qazanmır, eyni zamanda empati qurmağı, səbirli olmağı və fərqli baxış bucaqlarına hörmət etməyi öyrənir. Bu səbəbdən, mütaliə şəxsi inkişafın ayrılmaz hissəsi kimi dəyərləndirilir.
Həyatıma təsir edən kitablardan biri Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” əsəridir. Bu kitab mənim üçün olduqca dəyərlidir. Xüsusilə ,Visam obrazı həyatın bütün çirkinlikləri içində belə bir gözəllik axtarmağı öyrətdi. Ən əsası isə xoşbəxt olmaq üçün nəyisə gözləməmək gərəkdiyini dərk etdim. Kitabı oxuduqdan sonra başa düşdüm ki, xoşbəxtlik böyük və uzaq xəyallarda deyil. Xoşbəxtlik mütaliə edəndə, dəniz kənarında gəzəndə, musiqiyə qulaq asanda bir sözlə, həyatın kiçik anlarında gizlidir. Önəmli olan nəyisə gözləməməkdir. Çünki geriyə qaytara bilmədiyimiz yeganə məfhum zamandır.
“İnformator.az”a vaxtaşırı mütaliə edən Günay Hüseynova bildirir ki, həyatını dəyişdirən kitablardan biri Xalid Hüseynlinin “Min möhtəşəm günəş”əsəridir:
“Bu kitab mənim üçün xüsusi məna daşıyır. Əsərdə yer alan qadın obrazlarının həmrəyliyi, onların bütün çətinliklərə baxmayaraq göstərdiyi güc və dözüm oxucuya dərin mesajlar verir. Bu obrazlar qadının nə qədər güclü, səbirli və həyata bağlı ola bildiyini bir daha göstərir. Mənim üçün mütaliə sadəcə vaxt keçirmək deyil, düşünmək, hiss etmək və həyata fərqli prizmadan baxmaqdır. Kitablar insanı daha anlayışlı edir, daxili dünyasını zənginləşdirir və onu özünə daha da yaxınlaşdırır”.
“İnformator.az”a danışan Namiq Hüseynov bildirir ki, özünü Viktor Hüqonun əsərlərində tapır:
“Onun kitabları mənə yalnız hekayə və hadisələri anlatmır, həm də insan təbiətini, əxlaqı, sevgi və dostluğu daha dərindən anlamağı öyrədir. Hər oxuduğum əsər məni düşündürür, həyat və insan münasibətləri haqqında yeni baxış bucaqları qazandırır. Mütaliə etməklə özümü daha yaxşı dərk edirəm, gündəlik həyatın stressindən uzaqlaşıram”.
Ədilə Hüseynzadə
