Macarıstan və ABŞ Avropaya qaz tədarükü ilə bağlı saziş imzalayıb-ŞƏRH
Macarıstan və ABŞ Mərkəzi və Şərqi Avropa ölkələrinə Amerika mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünü nəzərdə tutan infrastruktur layihəsi üzrə anlaşma memorandumu imzalayıblar.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a bildirib ki, ABŞ ilə Avropa arasında LNG ixracına dair əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət daşıyır:
“LNG ixracının artması Amerika şirkətlərinə əlavə gəlir gətirməklə yanaşı ABŞ-nin Avropa enerji bazarındakı mövqeyini gücləndirir. Eyni zamanda, Avropa ölkələrinin Rusiya qazına alternativ əldə etməsi Vaşinqtonun regiondakı strateji təsirini artırır. İqtisadi baxımdan saziş Rusiyadan qaz asılılığının azalmasına kömək edə bilər, lakin bu proses qısa müddətdə baş verməyəcək. Amerika LNG-sinin mayeləşdirilməsi, daşınması və yenidən qazlaşdırılması əlavə xərclər yaradır. Buna görə də əsas məsələ yalnız alternativ qaz mənbəyinin mövcudluğu deyil, həmin qazın rəqabətqabiliyyətli qiymətlə istehlakçılara çatdırılmasıdır”.
İqtisadçının sözlərinə görə, saziş Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün perspektivli təşəbbüs olsa da, uzunmüddətli iqtisadi sabitlik üçün enerji təchizatında balanslı strategiya həyata keçirilməlidir:
“Avropa təkcə ABŞ qazına deyil, müxtəlif təchizatçılara, enerji səmərəliliyinə və bərpaolunan enerji mənbələrinə əsaslanan balanslı strategiya həyata keçirməlidir”.
Fidan Alışova