00:00:00
Yazar
Zəhra Həsənova
04.09.2026 22:46 134 2 dəq oxuma
Siyasət

Macarıstanın Baş naziri: Ukrayna Aİ-yə üzv olmağa hazır deyil

Macarıstanın Baş naziri: Ukrayna Aİ-yə üzv olmağa hazır deyil

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın hazırkı mərhələdə Avropa İttifaqına üzvlük üçün yetərincə hazır olmadığını bildirib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Avropa İttifaqı daxilində Ukraynanın bu təşkilata üzv olması ilə bağlı fikir ayrılıqları getdikcə daha da dərinləşir:

 

“Bir qrup hesab edir ki, Ukrayna Aİ-yə üzv olacaqsa, bu, hər hansı güzəştli şərtlər əsasında deyil, təşkilata üzvlüyün bütün hüquqi, iqtisadi və sosial tələblərini yerinə yetirdikdən sonra baş verməlidir. Ukraynanın Aİ-yə qoşulması Avropanın yükünü artırmaq əvəzinə, əksinə, Avropanın gücünə güc qata bilər. Digər qrup isə Ukraynanın Aİ-yə üzvlüyünü geostrateji zərurət hesab edir. Ukraynanın ittifaqa qoşulması Aİ-nin sərhədlərini genişləndirəcək və Rusiyanın Avropa İttifaqı ilə birbaşa sərhədi daha da uzaqlaşacaq. Bu, əsasən klassik Qərbi Avropa ölkələrinin mövqeyidir. Bu iki yanaşma Ukraynanın Aİ-yə üzvlüyü məsələsində Avropanın vahid mövqeyini müəyyən qədər bölür. Görünür, xüsusilə, müharibə davam etdiyi müddətdə bu fikir ayrılığı daha da dərinləşəcək. Müharibə başa çatsa belə, Ukraynanın bərpası və Aİ-nin bütün kriteriyalarına cavab verəcək səviyyəyə çatması üçün illər lazım olacaq. Ukraynanın Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Aİ-yə üzv qəbul edilməsi olduqca çətin görünür. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ukraynanın Avropa İttifaqına daxil olub-olmaması məsələsi Rusiya-Ukrayna müharibəsinin səbəblərindən biri kimi də qiymətləndirilir”.

 

Deputatın sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ehtimalı aşağıdır:

 

“Belə bir addım müharibənin səngiməsinə deyil, daha da şiddətlənməsinə səbəb ola bilər. Avropa Ukraynanı öz ittifaqına nə qədər sürətlə qəbul etməyə çalışarsa, Rusiyanın buna reaksiyası da bir o qədər sərt ola və müharibənin daha uzun müddət davam etməsi riski yarana bilər. Macarıstanın mövqeyi artıq kifayət qədər bəllidir. Viktor Orbandan sonra hökumət dəyişikliyinin baş verməsinə baxmayaraq, Budapeştin Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyinin dəyişməməsi göstərir ki, bu, artıq ayrı-ayrı siyasətçilərin mövqeyindən daha çox, Macarıstanın dövlət siyasəti və strateji yanaşmasıdır”.

 

Müsahibin sözlərinə görə, məsələnin digər tərəfi isə tarixi amillərlə bağlıdır:

 

“Ukraynanın qonşuları ilə tarixən mürəkkəb münasibətləri olub və bu münasibətlər çərçivəsində müəyyən ərazi məsələləri də mövcuddur. Hazırda bunlar açıq şəkildə gündəmə gətirilməsə də, Macarıstanın Ukraynaya münasibətində bu amilin müəyyən rol oynadığını istisna etmək olmaz. Bu şərtlər daxilində, hətta Ukraynanın Aİ-yə üzv olduğunu fərz etsək belə, onun hərbi və maliyyə dəstəyinin əldə olunması məsələsində müəyyən çətinliklərlə üzləşməsi mümkündür”.

 

Selcan Xudiyeva

#üzv #azərbaycan #baki #hazır #olmağa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər