Mağazaların səssiz qonaqları
Şəhər həyatında küçə heyvanları ilə qarşılaşmaq adi haldır. Ancaq bəzi mağazalar var ki, onlar təkcə müştərilərə deyil, eyni zamanda köməyə ehtiyacı olan canlılara da qapılarını açır. Ayaqqabı rəfləri arasında rahatlıqla dincələn bir pişik bu məkanlarda heyvanlara qarşı göstərilən qayğının və mərhəmətin səssiz göstəricisidir. Bu yanaşma cəmiyyətdə sosial məsuliyyət və insani dəyərlərin qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında baytar həkim Cansu Məmmədova bildirib ki, qapalı məkanlarda qalan küçə heyvanlarının sağlamlığı baxımından gigiyenik şərait, su və uyğun qida təminatı, havalandırma və temperatur rejimi əsas amillərdir:
"Eyni zamanda parazitlər, yoluxucu xəstəlik əlamətləri və stres faktorları nəzərə alınmalı, zərurət olduqda baytar müayinəsi təmin edilməlidir. Bu həm heyvanın, həm də digər insanların sağlamlığına müsbət təsir edər. Belə hallarda heyvanlara düzgün kömək etmək üçün onlara su və uyğun qida verilməli, təhlükəsiz və sakit mühit yaradılmalı, imkan daxilində baytar və ya heyvanların mühafizəsi ilə məşğul olan qurumlara məlumat verilməlidir. Kömək prosesi heyvanın sağlamlığına və təhlükəsizliyinə zərər vermədən həyata keçirilməlidir".
Həmçinin mövzu ilə bağlı heyvansevər Ədilə Hüseynzadə bildirib ki, mağazalarda küçə heyvanlarının görünməsi insanı istər-istəməz kövrəldir:
"Çünki bu, şəhərin amansız tərəfinin içində gözlənilməz bir yumşaqlıqdır. Heç kimdən səs çıxmadan, diqqət çəkmədən baş verən bu qəbul edilmə halı mərhəmətin ən səmimi formasıdır. Bu mənzərələr insanı düşünməyə vadar edir: bəzən böyük xeyirxahlıq iddiası olmadan da yaxşı olmaq mümkündür. Sadəcə narahat etməmək, qovmamaq, varlığına icazə vermək. Şəhərin içində bu səssiz razılıq həm heyvanlara, həm də insanın özünə bir az rahatlıq verir".
Mövzu ilə bağlı heyvanların dostu Nilufər Mehyəddinova bildirib ki, bu məkanlar onun ürəyini həqiqətən isidir:
"Görmək çox xoşdur ki, insanlar yalnız özləri üçün deyil, küçə heyvanları üçün də qayğı göstərirlər. Ayaqqabı rəflərində dincələn o kiçik pişiklər sadəcə qonaq deyil, mərhəmət və sevginin səssiz göstəricisidir. Belə yerlər insanlara həm sosial məsuliyyətimizi, həm də ürəyimizin nə qədər böyük ola biləcəyini xatırladır".
Gövhər Mehyəddinova
