Magistraturaya qəbul imtahanları yenilənəcək
DİM magistraturaya qəbul imtahanlarınıh elektron formatda keçirəcək və imtahanda “speaking” bacarığı da yoxlanılacaq.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, DİM mərhələli şəkildə keçirdiyi imtahanları elektronlaşdırır:
“Təbii ki, bu hələlik kütləvi imtahanlarda tətbiq olunmayıb. Növbəti mərhələdə magistratura və doktorantura imtahanları elektronlaşdırıla bilər. Bunun bir çox üstün cəhətləri var: vaxta qənaət edilir, elektron imtahanların nəticələri daha tez açıqlanır, qiymətləndirmə prosesi sürətlənir. İmtahanların elektron formatda keçirilməsi texnologiyaya uyğunlaşmaq deməkdir və imtahan intizamını da gücləndirə bilər. Çünki elektron imtahan zamanı nəzarət sistemləri pozuntuların qarşısını dərhal ala bilir. Bu, iştirakçılar üçün də rahatlıq yaradır — testlərin interfeysi intuitiv olur. Magistraturaya qəbulda gələcəkdə “speaking” bacarığının yoxlanılması da planlaşdırılır. Bunun üstünlüyü ondadır ki, imtahan yalnız qrammatika və test biliklərini deyil, real dil bacarığını – dili praktik şəkildə istifadə etmə qabiliyyətini də ölçəcək”.
Təhsil ekspertinin sözlərinə görə, bu, həm də beynəlxalq standartlara uyğunlaşma deməkdir və yerli təhsil sisteminin keyfiyyətini yüksəldə bilər:
“Həmçinin bu, gələcək peşə fəaliyyətinə hazırlıq deməkdir. Mənfi cəhətləri də var. Məsələn, subyektiv qiymətləndirmə riski mümkündür. Həmçinin bölgələrdə bərabər şərait yoxdur, çünki orada xarici dili inkişaf etdirmək üçün resurslar məhduddur. Lakin ümumilikdə, elektron texnologiyaların tətbiqi müsbət addımdır. Tələbələr artıq anlayacaqlar ki, dil bilmək yalnız testləri yazmaq deyil, həm də onu praktik şəkildə istifadə edə bilməkdir. Bu, tələbələri dili daha dərindən öyrənməyə sövq edəcək. Bundan başqa, beynəlxalq təhsilə inteqrasiyanı da gücləndirə bilər. Çünki danışıq mərhələsi IELTS və digər beynəlxalq imtahanlara bənzəyəcək və tələbələr xaricdə təhsilə daha hazır olacaqlar”.
Mələk Hüseynova
