00:00:00
Yazar
Admin User
18.01.2026 08:25 101 2 dəq oxuma
Sosial

"Magistraturaya sənəd qəbulu yanvarın 14-dən başlayıb"

"Magistraturaya sənəd qəbulu yanvarın 14-dən başlayıb"

Azərbaycanda magistraturaya sənəd qəbulu yanvarın 14-dən 26-dək aparılacaq. I cəhd qəbul imtahanı isə fevralın 15-də keçiriləcək. Qəbul prosesi Dövlət İmtahan Mərkəzinin iştirakı ilə elektron qaydada təşkil olunur. İmtahanda məntiqi təfəkkür, informatika və xarici dil üzrə test tapşırıqları, həmçinin esse yazı işi yerinə yetirilir. Maksimum nəticə 100 baldır və imtahan üçün ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılır.

 

Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, magistratura pilləsində ixtisaslaşma mövcuddur:

 

İxtisaslaşma dedikdə, məsələn, jurnalistika ixtisasında qəzetçilik, mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi kimi sahələr üzrə dərinləşmə nəzərdə tutulur. Bununla yanaşı, magistraturada açıq proqramlar da var. Məsələn, jurnalistika üzrə ümumi proqramlar və ya MBA (56-cı proqram) kimi ixtisaslarda hər kəs ixtisasını dəyişə bilər".

 

Ekspert ümumi proses barədə də məlumat verib:

 

"Dövlət sifarişli yerlərlə bağlı məlumatları Dövlət İmtahan Mərkəzi hər il ictimaiyyətə açıqlayır. Bu barədə qərarı baş nazir imzalayır və ödənişsiz yerlərin sayı həmin sənəddə göstərilir. Əvvəlki illərin statistikasına nəzər saldıqda, dövlət sifarişli yerlərin sayının hər il artdığı müşahidə olunur".

 

R.Fikrətoğlu tələbələrin imtahanda üzləşəcəyi problemlər haqqında da söz açıb:

 

"İmtahanda iştirak etməyən bakalavrlar üçün əlavə imkanlar nəzərdə tutulmur. Qeyd edim ki, magistraturaya qəbul imtahanı iki dəfə keçirilir: birinci cəhd fevralda, ikinci cəhdin isə aprel ayında keçirilməsi ehtimal olunur. Namizəd hər iki imtahanda, yalnız birində iştirak edə və ya heç birində iştirak etməyə bilər. Hər iki imtahanda iştirak edildiyi halda, daha yüksək nəticə əsas götürülür. Ola bilər ki, namizəd birinci imtahanda iştirak etməsin, lakin qeydiyyatdan keçibsə, ikinci cəhddə özünü sınaya bilər. Birinci imtahanda iştirak etməyənlər üçün ayrıca və ya əlavə imtahan keçirilmir. Yəni ödəniş edilibsə, lakin imtahana qatılmayıbsa, bunun üçün xüsusi güzəşt yoxdur. Magistratura pilləsində belə bir praktika mövcud deyil".

 

Ekspert bəzi sualların bal şkalasına da toxunub:

 

"Esse mövzuları əsasən sosial və ictimai-siyasi sahələri əhatə edir. Esse tapşırığı maksimum 5 balla qiymətləndirilir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər