“Makron Cənubi Qafqazda təminatçı roluna çevrilmək istəyir” - ŞƏRH
Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə məsləhətləşmələrdən sonra Emmanuel Makronun Ermənistandan quru sərhədi vasitəsilə Türkiyəyə keçid təşəbbüsünü qəbul etməyib. Qərar regionda siyasi balans və Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı baxımından diqqət çəkib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı İnformator.aza açıqlamasında bildirib ki, Makronun bu addımı sadəcə səfər marşrutu deyil, regionda yeni siyasi mövqe qazanmağa hesablanmış plan idi:
“Ermənistanda səfərdə olan Makron quru sərhəddən Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə vermədi. Məlumata görə, səfər əvvəlcə Türkiyənin ayrı-ayrı nümayəndələri ilə razılaşdırıldı, lakin məsələ Ərdoğanın masasına gəldikdə, o, Azərbaycanla məsləhətləşmələrdən sonra bu keçidə razılıq vermədi. Bu qərar həm Türkiyənin Azərbaycanla strateji münasibətlərinə verdiyi önəmi, həm də regiondakı yeni siyasi balansı göstərən mühüm addım oldu. Makronun sərhədi keçmək istəyi həm Paris, həm də İrəvan üçün müəyyən siyasi məqsədlər daşıyırdı. Ermənistan uzun müddətdir Türkiyə ilə münasibətlərin normallaşması prosesində Azərbaycanın rolunu arxa plana keçirməyə çalışır. Rəsmi İrəvan hesab edir ki, Ankara ilə münasibətləri Bakı faktorundan ayrı şəkildə inkişaf etdirmək mümkündür. Halbuki Türkiyə indiyədək bütün addımlarında Azərbaycanın maraqlarını nəzərə aldığını açıq şəkildə nümayiş etdirib. Makronun sərhədi keçməsi isə Ermənistan üçün həm siyasi, həm də diplomatik baxımdan presedent yarada bilər”.
Asif Nərimanlının sözlərinə görə, Fransa da bu addımla regiondakı təsir imkanlarını artırmağa çalışırdı:
“Paris Ermənistan-Türkiyə xəttində aktiv rol almaqla Cənubi Qafqazda təsiredici oyunçu statusunu gücləndirmək istəyirdi. Makronun Ermənistandan quru yolla Türkiyəyə keçməsi Fransa üçün regionun yeni siyasi münasibətlər sistemində bir növ təminatçı roluna yüksəlmək imkanı yarada bilərdi. Bu isə həm Ankara, həm də Bakı tərəfindən diqqətlə izlənilən məsələ idi. Nəticədə İlham Əliyev və Ərdoğanın ortaq yanaşması bu planın reallaşmasına imkan vermədi”.
Ayşə Müzəfərli