Makronun diplomatik müşaviri Moskvaya səfər edib
Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonne Rusiya rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Fransa hazırda elə bir güclü imkana malik deyil:
"Bütövlükdə Avropa öz çəkisini, gücünü və nüfuzunu itirməkdədir. Fransa da ümumiyyətlə, digər Avropa dövləti olan Böyük Britaniyadan fərqli olaraq daha zəif təsir imkanlarına malikdir. O baxımdan Fransanın bu proseslərdə həlledici bir rol oynayacağını düşünmürəm. Ümumiyyətlə, müharibənin bitməsi üçün tamam başqa məsələlərə ehtiyac var. Yəni bu təkcə Avropanın və yaxud da ABŞ-nin Rusiya və Ukrayna ilə təmaslarından asılı olan məsələ deyil. Burada həm də fərqli mövqelərdə olan ABŞ və Avropanın özü əvvəlcə konsensusa gəlməlidir. Ondan sonra artıq Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı yol xəritəsi hazırlanmalıdır. Çünki Avropa və ABŞ-nin mövqeləri fərqlidir.
ABŞ hər nə qədər müharibənin bitməsini istəyirsə, Avropa da bir o qədər müharibənin uzanmasını istəyir. Bunun səbəblərini demək istəyirəm. ABŞ müharibənin bitməsini istəyir, çünki ABŞ Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Daha sonra ABŞ müharibə bitəndən sonra Ukraynaya investisiya qoymaq, diqqətini Çin və Şərqə yönəltmək istəyir.
Avropa isə müharibənin bitməsini istəmir, çünki Avropa indi Rusiyadan ucuz enerji alır və düşünür ki, müharibə bitsə, bu olmayacaq. Daha sonra bu müharibə bitdikdən sonra Rusiyanın növbəti hansısa hədəfi Avropa ölkəsi ola bilər, xüsusən Rusiyanın qonşu Avropa ölkəsi. Çünki Rusiyada hazırda sosial vəziyyət çox ağırdır, xalq müharibədən yorulub və müharibənin təsirlərini hiss edir. Xalqın ayağa qalxmamasının səbəbi isə hazırda müharibənin getməsidir. Mümkündür ki, müharibə bitdikdən sonra Rusiya xalqın təzyiqini hiss etsin və bu təzyiqi yayındırmaq, növbəti xarici düşmən obrazı yaratmaq üçün hansısa Avropa ölkəsi ilə münasibətləri məqsədli şəkildə dəyişdirsin".
Aişə Mustafayeva
