Maqnit dalğaları qanımızdakı dəmirə ciddi təsir göstərmir
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, nəmliyi də, maqnit dalğalarını da guya insanların hamısı hiss edir:
“Deyirlər ki, bunun səbəbi qanımızda dəmirin olmasıdır. Guya maqnit sahəsi qandakı dəmir oksidinə təsir edir. Bəzi insanlar bunu daha həssas şəkildə hiss edir, bəziləri isə heç nə hiss etmir. Həm də yaşadıqları yerin şəraiti də rol oynayır. Məsələn, deyilir ki, beton evlər maqnit və elektromaqnit dalğalarını daha çətin keçirir və buna görə daha təhlükəsiz sayılır. Bu hadisələrin mənbəyi əsasən Günəşlə əlaqələndirilir. Məlumdur ki, Günəşdə saniyədə təxminən 4 milyon ton hidrogen yanaraq enerjiyə çevrilir. Bu zaman yalnız işıq dalğaları deyil, həm də çoxlu miqdarda yüklü hissəciklər -korpuskulyar şüalar yayılır. Günəşdən çıxan işıq Yerə təxminən 8 dəqiqə 20 saniyəyə çatır. Yüklü hissəciklər isə daha gec gəlir və onların Yerə təsiri fərqli ola bilər. Belə hallarda bəzi insanlarda başgicəllənmə, halsızlıq, yorğunluq və gərginlik müşahidə olunduğu deyilir. Xüsusilə, yaşlılar, uşaqlar və hamilə qadınlar özlərini daha həssas hiss edə bilərlər. Güclü Günəş partlayışları zamanı elektromaqnit dalğaları və yüklü hissəciklər axını artır. Günəşdə görünən qara ləkələr boşluq deyil, daha aşağı temperaturlu sahələrdir və bəzən həmin bölgələrdə güclü partlayışlar baş verir. Bu partlayışlar nəticəsində yaranan elektromaqnit təsirlər telekommunikasiya sistemlərinə, peyklərə, təyyarələrə və digər texniki qurğulara problem yarada bilər. Bəzi hallarda böyük maliyyə ziyanları da baş verə bilir. Bununla belə, bu təsirlər adətən qısa müddətli olur və iqlimə uzunmüddətli ciddi dəyişiklik gətirmir. Elektromaqnit sahəsi əsasən həssas elektron cihazlara təsir göstərir. İnsan sağlamlığına təsir məsələsinə gəldikdə isə, elmi baxımdan maqnit sahələrinin qandakı dəmirə ciddi fizioloji təsir göstərməsi sübut olunmayıb. İnsanların əhval-ruhiyyəsində və iş qabiliyyətində dəyişikliklər daha çox fərdi xüsusiyyətlər, psixoloji amillər və ümumi sağlamlıq vəziyyəti ilə bağlı olur”.
Selcan Xudiyeva
