00:00:00
Yazar
Admin User
13.01.2026 14:51 196 2 dəq oxuma
Siyasət

Marko Rubio Ermənistan XİN başçısı ilə görüşəcək

Marko Rubio Ermənistan XİN başçısı ilə görüşəcək

“Ermənistan-İran münasibətləri ABŞ üçün diqqətlə izlənilən məqamlardandır. İranla sərhədə malik dövlət kimi Ermənistan Tehranla yaxın münasibətləri qoruyub saxlayır. ABŞ bu əlaqələri regional balans prizmasından qiymətləndirir və Tehran-İrəvan yaxınlaşmasının yarada biləcəyi riskləri analiz edir. Bu kontekstdə Vaşinqton həm Ermənistanın Qərb inteqrasiyasını dəstəkləməklə, həm də regionda İranın təsirini balanslamaq niyyətini açıq şəkildə ortaya qoyur”.

 

Bu sözləri politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu tip görüşlər sülh sazişinin ratifikasiyası, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin hüquqi-texniki detalları ilə bağlı praktik addımlar üzərində fokuslana bilər:

 

“ABŞ Dövlət Katibi Marko Rubionun Ermənistanın xarici işlər naziri ilə görüşü Cənubi Qafqazda diplomatik dinamikanın yeni mərhələsinə işarə edir. Məlum olduğu kimi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə ABŞ Prezidenti tərəfindən təşkil olunan sammitdə sülh sazişi paraflanıb, qarşılıqlı ərazi bütövlüyü prinsipi təsdiqlənib və bölgədə uzunmüddətli sabitliyə yönəlmiş mühüm addımlar atılıb. Eyni zamanda, bu sammit çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı ABŞ və tərəfdaşların uzunmüddətli investisiya və idarəetmə strukturuna dair razılaşma imzalanıb. ABŞ bu layihəyə ilkin olaraq təxminən 140 milyon dollar maliyyə vəsaiti ayıraraq, özəl konsorsiumlar vasitəsilə infrastrukturun reallaşdırılmasını dəstəkləmək niyyətini ortaya qoymuşdur. Rubionun sözügedən görüşü artıq imzalanmış sənədlərin icra mexanizmlərinin müzakirəsinə yönəlib. Bu isə Vaşinqtonun regionda yalnız diplomatik vasitəçi kimi deyil, eyni zamanda praktiki icra tərəfdaşı kimi iştirak etmək istədiyini göstərir”.

 

Politoloq bu diplomatik aktivliyin arxasında regionla bağlı daha geniş geosiyasi məqsədlər dayandığını qeyd edib:

 

“Bir tərəfdən ABŞ Ermənistanı Rusiya təsir dairəsindən uzaqlaşdırmaq üçün səylərini artırır. 2020-ci ildən sonra Moskvanın regiondakı təsiri zəifləsə də, Rusiya hələ də Ermənistan üçün əsas təhlükəsizlik təminatçılarından biri olaraq qalır. Vaşinqton bu boşluğu doldurmaqla İrəvanı daha çox Qərb strukturlarına və layihələrinə inteqrasiya etməyə çalışır. Bu yanaşma təkcə hərbi-texniki əməkdaşlığı deyil, həm də enerji, ticarət və investisiya sahələrində praktik əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur”.

 

“Nəticə etibarilə, Marko Rubionun bu görüşü yalnız ikitərəfli dialoqun genişlənməsi deyil, eyni zamanda Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, regiondakı güc balansının yenidən formalaşdırılması və strateji kommunikasiyaların reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ bu prosesdə uzunmüddətli və praktik iştirakını davam etdirməyə hazır olduğunu nümayiş etdirir”,- deyə o, fikirlərini yekunlaşdırıb.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər