"Mavriki onilliklərin ən şiddətli iğtişaşları ilə üz-üzədir"
Mavriki hökuməti su çatışmazlığı və yaşayış xərclərinin artması ilə bağlı başlayan etirazların zorakılığa çevrilməsindən sonra gecə komendant saatı tətbiq edib.
Hind okeanında yerləşən Mavriki adasında bir həftə əvvəl başlayan dinc etirazlar cümə günü qadının polis tərəfindən güllələnərək yaralanmasından sonra zorakılığa çevrilib. Hadisənin səbəbləri hələlik məlum deyil. Atəş açan polis əməkdaşı həbs edilib.Baş nazir Navin Ramgoolam çərşənbə axşamı ölkədə komendant saatı tətbiq olunması barədə göstəriş verib. O, xalqa müraciətində ölkənin maraqlarına zidd hərəkət edən şəxslərin ciddi nəticələrlə üzləşəcəklərini bildirib.
Həftəsonu iğtişaşlar güclənib. Etirazçılar avtomobil təkərlərini yandırıb, yolları bağlayıb, polis bölmələrinə və digər ictimai obyektlərə ziyan vurublar. Baş verənlər səbəbindən məktəblər və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Xarici səfirliklər isə öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıblar.
Komendant saatına baxmayaraq, gecə ərzində bir neçə insident qeydə alınıb və bəzi şəxslər həbs edilib. Polis çərşənbə günü nəqliyyatın hərəkətinin bərpa olunacağını və sakinlərin gündəlik fəaliyyətlərinə davam edə biləcəklərini bildirib.Cənubi Afrikada fəaliyyət göstərən Signal Risk şirkətinin analitiki Zoë McCathie BBC-yə açıqlamasında bildirib ki, su çatışmazlığı ilə bağlı ilk etirazlar başlayanda hökumət əhalinin su təminatını artırmaqla vəziyyətə müdaxilə edib. Lakin sonradan məktəblərin bağlanması və komendant saatının tətbiqi ölkədə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib.
Analitikin sözlərinə görə, bu miqyasda etirazlar Mavrikidə təxminən 1999-cu ildən bəri müşahidə olunmayıb. Hökumət iğtişaşların ən şiddətli mərhələsini zəiflətməyə nail olsa da, bəzi ərazilərdə etirazların yenidən başlaması ehtimalı qalır.
Su çatışmazlığının dekabr ayında yağışlı mövsüm başlayana qədər davam edəcəyi gözlənilir. Məsələnin müzakirəsi və növbəti addımların müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinin çərşənbə günü günortadan sonra iclas keçirməsi planlaşdırılıb.
BBC Xəbər
Ayan Məmmədzadə