Mayk Uolts: İranın uran ehtiyatı məhv edilməyənədək məqsədimizə çatmayacağıq
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları və iqtisadi təzyiqlər davam edir. Vaşinqton Tehranı danışıqlar masasına qaytarmaq üçün təzyiqləri artırır və İranın nüvə materialları ilə bağlı məsələnin həllini əsas strateji məqsədlərindən biri hesab edir. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə İran limanlarına tətbiq edilən blokadanın uzun müddət davam etdirilə biləcəyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, ABŞ-nin İrana qarşı təzyiq siyasətinin gözlənilən nəticəni verməməsi Vaşinqtonu Tehranın nüvə imkanlarını tamamilə aradan qaldırmağa yönəlmiş strategiyasını yenidən nəzərdən keçirməyə sövq edə bilər.
“ABŞ-nin İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin gözlənilən nəticəni verməməsi Vaşinqtonu mövcud strategiyasına yenidən baxmağa məcbur edə bilər. Mayk Uoltsun İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edilməsini əsas məqsəd kimi təqdim etməsi göstərir ki, ABŞ üçün məsələ artıq yalnız Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması deyil, onun gələcəkdə nüvə silahı əldə etmək imkanlarının da aradan qaldırılmasıdır”.
Siyasi şərhçi qeyd edib ki, hərbi və iqtisadi təzyiqlərin artırılması İranın güzəştə gedəcəyinə zəmanət vermir. Əksinə, Tehran bunu öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək daha sərt mövqe nümayiş etdirə bilər.
Belə vəziyyətdə Vaşinqton qarşısında iki əsas istiqamət dayanır: sanksiyaları və hərbi çəkindirmə tədbirlərini gücləndirmək, yaxud beynəlxalq vasitəçiliklə yeni diplomatik mexanizmlər formalaşdırmaq. Xüsusilə, İranın nüvə materiallarının taleyi ilə bağlı beynəlxalq nəzarət mexanizminin yaradılması mümkün razılaşmanın əsas elementlərindən biri ola bilər.
Arzum Ağazadə