Məcburi köçkünlərin ev tikmək imkanları və məhdudiyyətləri
Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesi davam edir. Dövlət proqramı çərçivəsində artıq minlərlə məcburi köçkün doğma yurdlarına qayıdıb.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dövlət əsas yükü öz üzərinə götürsə də, bir çox imkanlı köçkünlər var ki, onlar doğma yurdlarında öz evlərini şəxsi vəsaiti hesabına tikməyə hazırdırlar:
“Vətəndaşların öz məskənlərinə qayıtması vacibdir. Dövlət müəyyən imkanlar yaradır, amma bu prosesi daha da sürətləndirmək üçün imkanlı məcburi köçkünlərə şərait yaradılmalıdır. Onların Qarabağ və Şərqi Zəngəzurda öz hesablarına ev tikməsi, eyni zamanda fərdi təsərrüfat qurması bölgədə sosial-iqtisadi həyatın canlanmasına kömək edər. İmkanı olmayan köçkünlər üçün uzunmüddətli kredit imkanları nəzərdə tutulmalıdır. Hər bir vətəndaş dövlətin inşa etdiyi hazır evlərdə yaşamaq istəməyə bilər. Bəziləri öz torpağında öz dizaynına uyğun ev tikmək arzusundadır. İmkanı olmayan şəxslərə isə dövlət dəstəyi ilə güzəştli ipoteka, uzunmüddətli faizsiz və ya aşağı faizli kreditlər təqdim edilməlidir. Bu, həm ədalətli olar, həm də köçkünlərin yurdlarına könüllü şəkildə dönüşünü daha cəlbedici edər”.
Fatimə Hüseynli
