Media savadlılığı həftəsi ənənəyə çevrilir: 5 mindən çox gənc maarifləndirilib
Azərbaycanda media savadlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər artıq davamlı və sistemli xarakter alır. Dördüncü dəfə təşkil olunan “Media savadlılığı” həftəsi bu sahədə görülən işlərin artıq ənənəyə çevrildiyini göstərir. Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri olan media savadlılığı cəmiyyətin dezinformasiya və yalançı təbliğata qarşı dayanıqlığını artırmağı hədəfləyir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib ki, “Media Savadlılığı” həftəsinin artıq dördüncü dəfə təşkil olunması bu təşəbbüsün ayrı-ayrı layihə çərçivəsindən çıxaraq sistemli və uzunmüddətli strateji istiqamət kimi formalaşdığını aydın şəkildə nümayiş etdirir:
“Müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin əsas prioritetlərindən biri kimi çıxış edir və Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərin ardıcıl və davamlı xarakter alması cəmiyyətin informasiya mühitində əsaslandırılan qərarlar qəbul etməsinə, rəqəmsal məkanda məsuliyyətli davranış mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. Artıq ənənəvi xarakter alan bu platforma həm ictimai maarifləndirmənin gücləndirilməsi, həm də çağdaş çağırışlara uyğun yeni yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Şəfiyeva onu da vurğulayıb ki, media savadlılığı yüksək olan cəmiyyət informasiya mənbələrini ayırd etməyi bacarır, yayılan məlumatları təhlil edir və emosional reaksiyadan daha çox rasional qərar verir:
“Belə cəmiyyətlərdə yanlış məlumatın təsir dairəsi xeyli azalır, ictimai rəyə manipulyasiya etmək daha çətin olur. Bu isə milli informasiya təhlükəsizliyinin möhkəmlənməsi, ictimai sabitliyin qorunması və sağlam informasiya mühitinin formalaşdırılması baxımından mühüm üstünlükdür. Media savadlılığı həm də vətəndaşların rəqəmsal mühitdə məsuliyyətli davranışını gücləndirir. Gənclərin fəal iştirakı və artan marağı media savadlılığının artıq onların gündəlik həyatında real və obyektiv zərurətə çevrildiyini açıq şəkildə göstərir. Rəqəmsal platformalardan ən intensiv istifadə edən sosial qrupun məhz gənclər olması onların bu prosesə könüllü və motivasiyalı şəkildə cəlb olunmasını layihənin əsas məqsədləri ilə uzlaşdırır. Gənclərin müzakirələrdə nümayiş etdirdiyi yüksək aktivlik, təqdim olunan mövzulara analitik və məsuliyyətli yanaşma, habelə bilik və bacarıqların artırılmasına açıq mövqe onu göstərir ki, perspektivdə daha sağlam media mühitinin formalaşması və informasiya məsuliyyətinin gücləndirilməsi üçün möhkəm zəmin yaranır. Bu yanaşma isə həm cəmiyyət, həm də dövlət baxımından strateji əhəmiyyət daşıyan mühüm nailiyyət kimi qiymətləndirilə bilər”.
Banu Məmmədova
