00:00:00
Yazar
Admin User
07.02.2026 12:31 119 2 dəq oxuma
Media

“Mediada Azərbaycan dili” təlimi

“Mediada Azərbaycan dili” təlimi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti “Mediada Azərbaycan dili” təlimi keçirildi. Təlim “Savadlı danışıq, xəbər dilində məsuliyyət” mövzusuna həsr olundu.


"İnformator.az" xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent, AzTV-nin Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova və AzTV Xəbərlərin aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə, MEDİA-nın Naxçıvan regional idarəsinin müdiri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, dosent Vəfa İsgəndərova çıxış etdilər.


Təlimin açılışında Teleradio Akademiyasının direktoru Almaz xanım bildirdi ki, bu cür təlimlərin nəticələri gələcəkdə digər institutlara da təqdim olunacaq. Qeyd edildi ki, iştirakçıların hazırladıqları videomateriallar izləniləcək və üzə çıxan problemlər birgə müzakirə ediləcək.

 

Çıxışlar zamanı xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırmasının vacibliyi vurğulandı. Bildirildi ki, xəbər mətnində pafos yolverilməzdir, aparıcı efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanış olmalı, mətndə uyğun olmayan ifadələr olduqda onları dəyişməkdən çəkinməməlidir. Qeyd olundu ki, redaktorun yazdığı mətn dəyişdirilməz qanun hesab edilməməlidir.

 

Məruzə zamanı Azərbaycan dilinin məziyyətləri, xəbər yazı texnikaları, xəbər dilində yol verilən yanlışlıqlar diqqətə çatdırıldı. Qeyd olundu ki, Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir və struktur baxımından güclü söz yaradıcılığı potensialına malikdir. Buna baxmayaraq, dilimizin zəngin poetik və emosional imkanları beynəlxalq miqyasda yetərincə təqdim olunmur.


Təlimdə aparıcıların tələskən oxu tempi, əl-qol hərəkətlərinin normadan artıq olması, efir estetikasına uyğun olmayan aksessuarlar, eləcə də dil və tələffüz xətaları geniş şəkildə təhlil olundu. Xüsusilə “seçkilər” əvəzinə “seçki”, “sizlərə” əvəzinə “sizə”, “gələcək perspektivlər” əvəzinə sadəcə “perspektiv” kimi düzgün dil normalarına diqqət çəkildi. Vurğulandı ki, efir dili sadə, anlaşıqlı və tamaşaçı ilə səmimi ünsiyyət təsiri bağışlamalıdır.

 

Təlim çərçivəsində müxtəlif televiziya kanallarının aparıcılarına aid videomateriallar nümayiş etdirildi, üzə çıxan məqamlar üzərində praktiki müzakirələr aparıldı.

 

Təlimdə dilimizə yad olan ifadələrin (varvarizmlərin) vurduğu zərərdən, xəbərlərin aydın və dəqiq dildə yazılmasının vacibliyindən danışıldı. Bildirildi ki, xəbər ictimai hadisələrin və yeniliklərin daşıyıcısıdır, bu səbəbdən xəbərdə şərh bildirən sifətlərə və qeyri-müəyyən mənbələrə yer verilməməlidir. Xəbər lakonik olmalı, ideal halda 20–30 sözdən ibarət qurulmalıdır.

 

Həmçinin sosial mediada xəbərlərlə bağlı ən çox rast gəlinən mənfi hallardan biri kimi şişirdilmiş və məzmuna uyğun olmayan aldadıcı başlıqların verilməsi məsələsi vurğulandı.

 

Sonda təlim interaktiv müzakirələr və sual-cavab formatında yekunlaşdı.

 


Lalə Qafarova, Elmira Ağayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər