00:00:00
Yazar
Mayıl Soltan
03.08.2026 20:38 91 3 dəq oxuma
Köşə

"Mediamən" romanına bir baxış: Səmimi publisistika və bədii axtarışlar

"Mediamən" romanına bir baxış: Səmimi publisistika və bədii axtarışlar

Belə bir şablon ifadə var. Deyirlər, kitab insan ruhunun qidasıdır. Həqiqətən də, elədir. Kitab insanın dünyagörüşünün artmasında, mütaliə bacarığının inkişafında müstəsna rol oynayır. Müasir dövrdə kitab yazanların da sayı az deyil. Kimisi tarixdən, kimisi keçmiş xatirələrindən, kimisi isə cəmiyyətin eybəcər vəziyyətindən yazır. İki gün bundan əvvəl isə tamam fərqli bir mövzuda və qarışıq təsir bağışlayan bir kitab oxudum. Bu, yazıçı-jurnalist Cavid Osmanın "Mediamən" romanı idi. Kitabın elə ilk cümləsi oxucuda erotik fikirlər formalaşdırıb onu romana daha da bağlayırdı. Əminliklə deyərəm ki, bu kitabı oxuyanların əksəriyyəti, bəlkə də, onu yarıda qoyaraq kitabın üz qabığını bir də açmayıb. Səbəb isə, çox sadədir. Çünki çoxu özünün personajını burada görməkdən qorxub. Necə deyərlər, qorxursansa pişikdən, niyə çıxırsan deşikdən. 

 

Təbii ki, kitabın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də az deyil. Yazıçı kitabda hər kəsin başına gələcək hadisəni real məzmunda oxucuya çatdırır. Aydındır ki, indiki dövrdə öz nəfsinin qurbanı olanlar heç də az deyil. Gəncindən tutmuş yaşlısına kimi hər kəs işlədiyi işdə, getdiyi yolda, hətta qulaq asdığı musiqidə belə cinsəllik axtarır. Elə romanda yer alan Mirzə kimi. Saf və bir qədər də tamahkar insanların daxili aləmini büruzə verən Mirzəyə bir ədəd kibrit bəs edirdi ki, alovlansın. Elə alovlandı da, lakin onun odu özünə bəla oldu. 

 

Təbii ki, Mirzənin başına gələnlər çox insanın ağır sınağı olub. Bugünkü gündə əksər gənc öz həyatını məhv edir. Onların tamahkarlığı gələcəyinə pərdə salır. Cəlaləddin Ruminin dediyi kimi: "Nəfs elə bir əjdhadır ki, onu heç vaxt doydura bilməzsən. Sən onu bəslədikcə, o səni udmağa hazırlaşar". Elə bu sitat tam da yerinə düşdü. Əsərdə də Mirzənin Türkanla etdiyi yanlışlar sonda onun başına od qoydu. 

 

Hər kəsin dost olmadığını göstərən yazıçı Anar obrazı ilə bu məsələyə də aydınlıq gətirib. Elə hadisələr Anar və Mirzənin tanışlığı ilə başlayır. Mirzəni doğru yoldan çəkən Anar onu bataqlığın dibində tək qoyur. Əvvəlcə, ona xoş təsir bağışlayan, Mirzəyə pul qarşılığında bütün qara işlərini gördürən Anar sübut edir ki, qarğa ilə dost olanın məskəni zibillik olar. Məncə, hər kəsin həyatında Anar kimi "dost"u olub. Əgər olmayıbsa, vaxtı gəldikdə gəlib özü tapacaq. Mərdməzarı axtarmaqla deyil, özü səni tapır. Yazıçı burada göstərir ki, belə insanlardan uzaq durmaq şəxsin həyatında verdiyi ən vacib qərarlardandır.

 

Kitabın digər bir özəlliyi teatr, musiqi, din, film və.s kimi Azərbaycan cəmiyyətinin xəbərsiz olduğu mühüm ünsürlər haqqında məlumatların olmasıdır. Elə hadisələr də məhz məkan olaraq bu vasitələrin ətrafında baş verir. Aydındır ki, bu kitabı oxuyan oxucu bunlar haqqında da məlumat əldə edəcək. 

 

Mənfi cəhətlərsə, kitabda yer alan bəzi sözlərin orfoqrafik baxımdan yanlışlığı və cümlə tiplərindəki qüsurlardır. Məsələn, mürəkkəb cümlələrin quruluşu, durğu işarələri,  "çatışmazlıq" sözünün "çatışmamazlıq" kimi yazılması Azərbaycan dilini bilən oxucuda müəyyən narahatlıq yarada bilər. Əvvəlcə, yazıçının dilimizin qrammatikası ilə bağlı problemi olduğunu düşündüm, sonra isə o da insandır, robot deyil deyib, fikrimdən yayındım. İnsanların kor gözünü açmağa çalışan yazıçının erotik fikirləri oxucunun diqqətini yayındıra bilər. Çünki kitabın hər səhifəsində bu mövzuya toxunan yazıçı insanların cinsəlliyi yemək kimi gördüklərinin acı ismarışını verir. Elə düz də edir, çünki dilin qrammatik qüsurlarını redaktor düzəldə bilər, amma nəfsin və cəmiyyətin qüsurlarını ancaq belə çılpaq həqiqətlər sağaldır. Yazıçı bizə güzgü tutur; eybəcər olan güzgü deyil, orada görünən daxili acgözlüyümüzdür.

 

Mayıl Soltan 

 

 

#azərbaycan #baxış: #baki #səmimi #"mediamən"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər