Meditasiyanın həyatımıza təsiri
Stressə qarşı günümüzdə bir mübarizə formulu da meditasiyadır. Müasir dövrdə bu praktika çox geniş yayılmışdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Uzman- Klinik(tibbi) psixoloq Narınc Rüstəmova bildirib ki, meditasiya vasitəsilə düşüncələrimizi sakitləşdirməyə və yaşadığımız anı hiss etməyə fokuslanırıq:
"Demək olar ki, hər birimiz içimizdə öz-özümüzlə danışırıq. Özümüzə hekayələr qurmağa, izah etməyə çalışırıq. Bəzən bu hekayələr düşündüyümüz mövzu haqqında ola biləcək ən pis ssenari olur. Bəzən bu vərdiş halına keçir və xoşbəxtliyimizi qaçırır, xoş anlara mane olur. Bu əslində beynimizin bizi qorumaq istəməsindən qaynaqlanır. Beynimizə görə həyatda qalmaq, hüzur tapmaqdan daha önəmlidir. Buna görə də, baş verəcək təhlükələrə qarşı bizi xəbərdar edir.
Beynimiz hər şeyə daim diqqət etməyin əslində mümükün olmadığını, yeri gəldiyində sakitləşməyin, rahatlamağın gərəkli olduğunu bilmir. Bir çox insan buna görə yetərincə güclü olmadığını düşünür. Başqa sözlə, zehnimiz keçmişlə gələcək, bu günlə sabah arasında qalır və müxtəlif fikirlərə və ya yaşadığımız hadisələrə ilişib qalır. Nəticədə, bunlar bir müddət sonra bizi idarə etməyə başlayır. Halbuki, düşcələr beynin qurduğu senarilər, ehtimallar üzərində qurulur.
Bu düşüncələri silib atmaq bir anda mümkün olmasa da ən azından onları dərk etmək və tanımağın önəmli olduğunu bilməliyik. Əlbəttə bunlar insanı həm də inkişaf etdirən dünəni ilə bu gününü fərqləndirməyə kömək edir. Yalnız burda bir məsələ var. Əgər bu fikirlər bizim həyat keyfiyyətimizə təsir edir, insanlarla münasibətimizə təsir edirsə və bizi motivasiyadan salırsa o zaman dayanıb, "stop" deməyi bacarmalıyıq.
Bu zaman onları sakitləşdirməyin ən effektiv yollarından biri meditasiyadır. Meditasiya vasitəsilə bu düşüncələri aşmaq, beynimizi sakitləşdirmək
mümükündür.
Bu zaman nəfəs almağa, yaşamağımızı hiss etməyə ehtiyacımız olur. Meditasiya vasitəsilə düşüncələrimizi sakitləşdirməyə və yaşadığımız anı hiss etməyə fokuslanırıq. Bu düşüncələr, qayğı insanda stress, gərginlik yaradır. Bu problemlər irəli dönəmlərdə daha ciddi psixoloji problemlərin yaranmasına gətirib çıxara bilir. Meditasiya zamanı stress, gərginlik azalır və insan daha hüzurlu hiss edir. Bu da yuxu prosesinə də müsbət təsir göstərir. Davamlı gərgin və stressli həyat şəraiti yaşayan insanların yuxu rejimi də pozulur. Ancaq davamlı meditasiyadan sonra stress, gərginlik ən aşağı səviyyəyə endiyi üçün yuxu rejimi də normallaşır. Həmçinin, diqqətimizi toplayır, nəyə isə fokuslanmağımız daha asanlaşır. Xüsusən, depressiya, həyəcan-təşviş kimi problemlərdə faydaları görülür.
Bəzi insanlar, təəssüf ki, hansısa bir problemindən qaçmaq üçün meditasiyaya sığınır. Çıxış yolu kimi, bir vasitə kimi yalnız onu görür. İnsanlar meditasiyanı müxtəlif səbəblərdən istifadə edirlər. Ancaq unutmaq lazım deyil ki, meditasiya təməldə rahatlamaq, anda qalmaq və anı yaşamaq üçün edilən üsullardan biridir. Əgər insan özündəki problemin fərqinə varırsa, və özü korreksiya edə bilmirsə, peşəkar psixoloji dəstək almaq tövsiyə olunur".

Samirə Allahverdizadə
