00:00:00
Yazar
Admin User
09.09.2015 03:30 456 4 dəq oxuma
Siyasət

Mehriban Əliyeva Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda iştirak edib

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Mehriban Əliyeva Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda iştirak edib

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.

İnformator AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışıb. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirib və burada aktual məsələlərin müzakirə olunacağını vurğulayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib.

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Sonra konfrans öz işini diskussiyalar şəklində davam etdirib. Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali, Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete çıxış edib.

Mehriban Əliyeva konfransın 2-ci hissəsinin gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış etdi.

Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri də iştirak edirdilər.

Xatırladaq ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində bu günədək Azərbaycanda və digər ölkələrdə bir sıra tədbirlər həyata keçirib. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparır, müxtəlif konfranslar, sərgilər təşkil edir.

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib.

Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi.

Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirildi.

Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər