00:00:00
Yazar
Admin User
06.02.2026 15:42 48 2 dəq oxuma
Sosial

Meşə qırıntıları və biomüxtəliflik

Meşə qırıntıları və biomüxtəliflik

Meşələr yalnız ağaclardan ibarət deyil, onlar çoxsaylı bitki və heyvan növlərinin yaşayış mühiti, karbon yutaqları və ekoloji balansın qoruyucusudur. Lakin qeyri-qanuni ağac kəsimi, meşə yanğınları və insan fəaliyyəti biomüxtəlifliyin azalmasına səbəb olur. Ekspertlər xəbərdarlıq edirlər ki, meşə qırıntıları davam edərsə, ekosistem pozuntuları, heyvan növlərinin yox olması və iqlim dəyişiklikləri kimi ciddi nəticələr ortaya çıxacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, təəssüf ki, bu gün Azərbaycanın meşə fondu olduqca aşağı səviyyədədir:

 

“Təxminən 30-40 il bundan əvvəl Azərbaycan ərazisinin təqribən 41 faizi meşə zolaqları ilə örtülü idi. Bu gün isə bu rəqəm cəmi 10-11 faiz təşkil edir. Təsəvvür edirsinizmi, meşə sahələri nə qədər kəskin şəkildə azalıb? Bunun səbəbləri müxtəlifdir. Meşələrin əvəzsiz rolu var. İnsan sağlamlığı və normal həyat fəaliyyəti üçün ilk növbədə oksigen bolluğu vacibdir. Hamıya məlumdur ki, fotosintez prosesinin əsas mənbəyi bitkilərdir, xüsusən də meşə ağacları. Meşə ekosistemi elə bir sistemdir ki, orada yalnız həmin mühitə uyğunlaşan canlılar yaşayır. Meşə qırıldıqda, yandırıldıqda və ya dağıdıldıqda həmin ekosistem pozulur və orada yaşayan canlılar məhv olur, deqradasiyaya uğrayır. Yay mövsümündə əhalimiz istirahət üçün meşələrə üz tutur. Meşələr çox gözəldir, lakin onlardan düzgün və rasional istifadə edilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi başçılığı ilə mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir. Yol kənarlarında, xüsusilə də magistral yollar boyunca hər iki istiqamətdə çoxlu sayda ağaclar əkilib və onların əksəriyyəti artıq bitib. Baxanda insanın ürəyi açılır, çünki yaşıllığın və meşə zolaqlarının artdığını görürsən. Buna baxmayaraq, xüsusən də dağ rayonlarında qazla təchizatın olmadığı ərazilərdə əhali məcbur qalaraq meşələrdən odun kəsib yanacaq kimi istifadə edir. Bu isə meşələrin qırılmasına və ağacların məhv olmasına gətirib çıxarır. Bəzən 20-30 illik ağaclar belə məhv edilir. Eyni zamanda, vaxtilə mənfur qonşularımızın işğalı altında olan ərazilərdə xüsusən Qubadlı və Zəngilan zonalarında yüzillik palıd ağacları məhv edilib. Bəzi ağacların yaşı yüz ildən artıq idi və işğal dövründə tamamilə yox edildi. Hazırda isə işğaldan azad olunan ərazilərdə yeni ağacların əkilməsinə, meşələrin bərpasına başlanılıb. Xüsusi yasaqlıqların və qoruqların yaradılması, bu sahədə mütəxəssislərin sayının artırılması istiqamətində addımlar atılır. Bütün bunlar biomüxtəlifliyə və meşə ekosisteminə müsbət təsir göstərəcək. Ümid edirəm ki, bu proses davamlı olarsa, gələcəkdə əvvəlki 40 faiz göstəricisinə tam çatmasaq belə, ona yaxın bir səviyyəyə yüksələ biləcəyik”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər