00:00:00
Yazar
Admin User
01.12.2025 15:56 110 6 dəq oxuma
Maraqlı

Metroda artan sərnişin sıxlığı gündəlik hərəkəti çətinləşdirir

Metroda artan sərnişin sıxlığı gündəlik hərəkəti çətinləşdirir

Bakı metrosunda sərnişin sıxlığı xüsusilə səhər və axşam saatlarında daha qabarıq hiss olunur. Pik vaxtlarda qatarların gecikməsi və vaqonların dolu gəlməsi səbəbindən stansiyalarda toplanan insanların sayı xeyli artır, bu isə həm gediş-gəlişi çətinləşdirir, həm də sərnişinlər arasında narazılığa yol açır. Bəzi stansiyalarda insanların girişdə hərəkət etməsi belə müşkülə çevrilir, növbələr uzanır və vaqonlara minmə prosesi vaxt aparır. Sıxlıq səbəbindən sərnişinlərin bir qismi növbəti qatarı gözləməyə məcbur olur, bu isə onların işə və dərsə gecikməsi ilə nəticələnir. Üstəlik, havalandırmanın zəifliyi və vaqonların doluluğu narahatlığı daha da artıraraq, gündəlik metro səyahətlərini əhali üçün stresli hala gətirir.


Mövzu ilə bağlı olaraq tələbə Nuray Mehtiyeva fikirlərini bildirib:


“Mənim fikrimcə, pik saatlarda sıxlığın əsas səbəbi Bakıda insanların böyük hissəsinin eyni vaxtda işə və dərsə getməsidir. Şəhərdə əhali sayı artır, bir çox yeni yaşayış kompleksləri açılır, amma metro xətləri əvvəlki kimi qalır. Son illərdə avtomobil tıxaclarının çoxalması da insanları daha çox metrodan istifadə etməyə məcbur edir.
Hazırki infrastruktur artan sərnişin axınına tam cavab verə bilmir. Çünki bəzi stansiyalar, xüsusilə “28 May”, “Gənclik”, “Memar Əcəmi” kimi nöqtələr artıq öz normal imkanlarından çox yüklənir. Platformalar dar olur, keçidlər kifayət etmir, qatarlar isə çox vaxt dolu gəlir. Elə stansiyalar var ki, illər əvvəl tikilib və indiki sərnişin sayına uyğun deyil. Bəzən lift və eskalatorların çatışmazlığı da insan hərəkətini ləngidir.
Qısa müddətdə ən real tədbirlərdən biri qatar intervallarının daha da azaldılması ola bilər. Yəni qatarlar bir-birinə daha yaxın vaxtda getsə, platformalarda yığılma azalacaq. Eyni zamanda, giriş-çıxış bölgələrində nəzarətin gücləndirilməsi və insanların hərəkətinin tənzimlənməsi də kömək edə bilər. Bir neçə stansiyada əlavə turniket açılması və eskalatorların düzgün istiqamətdə işlədilməsi də sıxlığı azaldar. Uzunmüddətli baxanda, məncə, metro şəbəkəsinin genişləndirilməsi tam mümkündür, sadəcə bu, vaxt və böyük maliyyə tələb edir. Yeni xətlərin çəkilməsi üçün əvvəlcə layihələndirmə, sonra torpaq işləri, tunellərin qazılması, stansiyaların tikilməsi kimi mərhələlər olur. Bu proses illərlə çəkə bilər. Qatar sayının artırılması daha tez baş verə bilər, amma yenə də infrastruktura uyğunlaşdırılması lazımdır”.


Məsələ ilə bağlı fikrini bölüşən digər tələbə Əzimzadə Brilliant isə bildirib ki,belə güzəştlərin tətbiqi olması yaxşı olardı:


“Məncə, güzəştlər olunmalıdır,məsələn metrolarda çox sıxlıq yaranır və insanlar bir-birinin üstünə çıxır ,çıxanlar çıxa bilmir, girmək istəyən girə bilmir,məncə avtobuslardakı kimi bir qapıdan çıxıb digər qapıdan çıxma kimi ,yəni buna oxşar bir layihə hazırlaya bilərlər. Əlavə olaraq,sıxlıq olduqda bəzən məcburi şəkildə çantalarımızı qoymağı və yaxud içini göstərməyi tələb edirlər,məncə bunun üçündə fərqli bir həll tapa bilərlər.
Əlavə olaraq da , avtobuslarda da gecikmələr olur və gələndə də çox sıx olur , ya saatları düzəliş edib, ya da avtobusların sayını çoxaltmaq olar”.


Nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirib ki, metro strukturu bizə sovet dövündən qalmışdır:


“Bu saatlarda, xüsusilə səhər və axşam vaxtlarında böyük şəhərlərdə, o cümlədən Bakıda nəqliyyatda sıxlıq müşahidə olunur. Bakı artıq milyonlarla əhalisi olan, paytaxt və eyni zamanda turistik bir şəhərdir. Burada hər gün müxtəlif tədbirlər keçirilir, buna görə də sıxlığın olması təbiidir. Sadəcə, bu sıxlıq idarə olunan olmalıdır ki, insanlar vaxtında mənzil başına çata bilsinlər.
Bakı Metropoliteni vaxtilə sovet dövründə, sovet standartlarına uyğun layihələndirilib. O dövrdə şəhərin əhalisi indiki qədər deyildi, iqtisadiyyat da bu səviyyədə deyildi və metro da buna uyğun tikilmişdi. Bu gün isə vəziyyət dəyişdiyi üçün yeni depolar və stansiyalar inşa olunur. Məqsəd qatarlar arasında hərəkət intervallarını azaltmaqdır. Bunun üçün əlavə qatarlar və onların hərəkətinə imkan verən infrastruktur ,yəni depolar lazımdır. Hazırda bu istiqamətdə işlər görülür ki, intervallar azalsın və sıxlıq daha səmərəli şəkildə idarə olunsun.Artıq işlər də görülür, bilirsiniz, mən ümid edirəm ki, metroda yeni stansiyaların, depoların tikintisindən və yeni qatarların gətirilməsindən sonra intervallar azalacaq. Bir də bir məsələ var ki, bilirsiniz, bizim ictimai nəqliyyatımız bu gün yalnız metrodan və avtobustan ibarətdir. Başqa ictimai nəqliyyat vasitəmiz yoxdur. Vaxtilə olan tramvay və trollebus da artıq mövcud deyil. Ona görə də bu gün yük əsasən avtobusların və metronun üzərinə düşür. İnsanların ictimai nəqliyyatdan istifadə edə biləcəyi əsas vasitələr metro və avtobusdur. Çox milyonlu bir şəhər üçün, əlbəttə ki, bu kifayət etmir. Ona görə də mən düşünürəm ki, metroda və avtobusda yaşanan sıxlıq artıq məndə təəccüb doğurmur. Yəni bu vəziyyətin səbəbləri aydındır , çünki ictimai nəqliyyat şəbəkəsi vaxtında genişləndirilməyib.Mövcud metro infrastrukturu bizə sovet dövründən qalmış infrastrukturdur. Ona görə də bu gün həmin dəyişikliklər həyata keçirilir ki, əhali sayı artdıqca, iqtisadiyyat böyüdükcə, metropoliten də bu tələblərə cavab verə bilsin.Bu gün sıxlığı aradan qaldırmaq üçün hər hansı bir real və operativ tədbir görmək mümkün deyil. Yəni bu, tədricən artan bir problemdir və onu bir həftə və ya bir ay ərzində həll etmək mümkün deyil. Bunun üçün mərhələli həllərə ehtiyac var. Mərhələli həllər isə qeyd etdiyim kimi, metroda aparılan infrastruktur dəyişiklikləridir.Mən deyərdim ki, heç uzunmüddətli perspektivdə yox, elə artıq bu proses həyata keçirilir. Bilirsiniz ki, yeni qatarlar gətirilir, xəttlərə buraxılır və bu gün Metropoliten çalışır ki, qatarlar arasında olan intervalı azaltsın. Bəzi stansiyalarda buna nail ola biliblər və mən qeyd etmək istəyirəm ki, bu, o qədər də asan iş deyil”.


Məsələ ilə bağlı metropolitenə müraciət etdik:

 

“Bakı metropolitenində son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində Bakı metropolitenində ilk dəfə Yaşıl və Qırmızı xətlərin ortaq hərəkət sahəsi olan “28 May-Əhmədli” istiqamətində və əksinə interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə, sentyabrın 15-dən isə payız-qış hərəkət qrafikinə əsasən, pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Dəyişiklikdən sonra qeyd edilən “28 May-Əhmədli” sahəsində iş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edir. Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında 2 dəqiqədən ibarətdir. Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılır.
Qeyd edək ki, “28 May” stansiyasından “Dərnəgül” və “İçərişəhər” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə artıq olur".


“Əlavə olaraq, səhər 8:00-9:00, günorta 13:00-14:00 arası zəruri istiqamətlərdə sərnişinsiz qatarlar ən sıx stansiyalara yönləndirilir, eləcə də sıxlığın tənzimlənməsi məqsədilə qatarlar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından geri qartarılır. Axşam isə saat 18:00-19:00 arası “28 May”, “Memar Əcəmi” və “ Elmlər Akademiyası” stansiyalarına sərnişinsiz qatarlar verilir. Həmçinin, sərnişin sıxlığı olan stansiyalarda əlavə işçi qüvvəsi ayrılır. Bundan əlavə, diğər mühəndis-texniki qurğular və stansiya infrastrukturu ilə bu və digər operativ qərarlar verilir.Qatarların gecikməsi böyük əksər sərnişinlərin platformada hüdud xəttini keçməsi və qapıların bağlanmasına maneə törətməsi ilə bağlı olur. Bunun qarşısını almaq üçün əlavə işçi qüvvəsi ayırmaqla, müvafiq tənzimləmələr aparılır.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Bakı metropolitenində kifayət qədər irimiqyaslı işlər icra edilməlidir. Bu xüsusda 10 stansiyanın inşası, Bənövşəyi və Yaşıl xətlərin tunel traslarının müəyyən edilərək layihələndirilməsi və inşası, “Dərnəgül” elektrik deposunun inşası, “Xocəsən” elektrik deposunun inşasının tamamlanması, mövcud infrastrukturda yeniliklərin, o cümlədən rəqəmsal, innovativ texnologiyaların tətbiqi və s. çoxsaylı layihələr qeyd edilə bilər. Bundan əlavə olaraq, Bakı metropoliteni üçün ən əhəmiyyətli məsələ Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin həyata keçirilməsidir. Bunun üçün 200 metrə yaxın tunelin, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında piyada tunelinin, “İçərişəhər” stansiyasında dönmə kamerasının, 2 dartı elektrik yarımstansiyasının inşası aparılmalı, daha 1 dartı yarımstansiyasının yenidən qurulması təmin edilməlidir.”


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər